İl boyu içki içib, Ramazanda oruc tutmaq olar?

1640
İl boyu içki içib, Ramazanda oruc tutmaq olar?

Artıq müqəddəs Ramazan ayını yaşayırıq. Məlumdur ki, şəriətdə bu ayda insanlara günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyurulur.

Mynews.az xəbər verir ki, müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də başqa vaxtlarda spirtli içki içən birinin Ramazan ayında oruc tutması ilə bağlıdır. Ümumiyyətlə, belə insanlar oruc tuta bilərmi?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib ki, içki içməsindən asılı olmayaraq, oruc tutmaq bütün müsəlmanlara vacibdir:

“Müsəlman olan şəxs oruc tutmalıdır, bu ona vacibdir. İçki içirsə, günah edirsə, bunun cəzası öz yerindədir. Amma oruc tutmaq dini vəzifədir. Müqəddəs Qurani-Kərim kitabında da qeyd edilib ki, içki, şərab günah əməldir və haramdır. Bundan çəkinmək lazımdır. İnsanın içkidən çəkinməsi onun Allah qarşısında dini vəzifəsidir”.

İlahiyyatçı içki içənlərin bir ay da olsa, bu əməldən uzaqlaşmasını müsbət addım kimi qiymətləndirib:

“Ramazan ayında da içki içilsəydi necə olacaqdı? Tutaq ki, insan Ramazan ayından öncə də, sonra da içir, amma bir aylıq Allah üçün bu əməldən uzaqlaşarsa, sonra yavaş-yavaş içkini tərk edə bilər. Hər halda içkinin günahı öz yerində qalır. Lakin bir ay Allaha sayğı əlaməti olaraq oruc tutmaq insanı hansısa bəyənilməyən əməllərdən uzaqlaşdıra bilər”.

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, həmin insanların ibadət etməsi öz xeyirlərinədir:

“Kim hansı günah edirsə, öz boynunadır. Eyni zamanda ibadət edirsə, bu da onun xeyrinədir. Sadəcə olaraq bir insan Ramazan ayını elə keçirməlidir ki, mənfi vərdişlərindən təmizlənə bilsin. Bu da digər 11 aya sirayət etsin. Digər aylarda içki içib yalnız Ramazanda bundan uzaqlaşmaq düzgün deyil”.

Xəbər lenti