Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılır.
Mynews.az xəbər verir ki, komitədən verilən məlumata görə, bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapıb.
Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.
Bu dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb.
Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir.
Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir.
Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.
Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir.
Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır.
Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir.
Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcədə digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.