Ölkə son zamanlar faciəvi şəkildə həyatını itirən fəhlə ölümləri ilə sarsılır.
Xüsusilə, çörək pulu qazanmaq üçün cavan yaşda, ömürlərinin ən gözəl çağlarında həyatla vidalaşan fəhlələrin faciəvi sonu - eşidənlərin, sözün həqiqi mənasında ürəyini titrədir.
Bu il ərzində Azərbaycanda baş verən bədbəxt qəzaların nəticəsində faciəvi şəkildə ölən fəhlələrin siyahısını təqdim edir:
Belə faciəvi qəzalardan biri bugün, mayın 31-i Bakıda baş verib.
Hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Daha bir bədbəxt hadisə mayın 27-də olub.
Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
Samirin fotosunu təqdim edirik:
Daha bir fəhlənin ölümü ilə nəticələnən faciəvi hadisələrdən biri aprelin 25-də dbaş verib.
Hadisə Bakıda Rixard Zorge küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılaraq ölüb.
Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.
Aprelin 1-də Yevlax rayonunun Aran qəsəbəsində fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.
Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.
Fəhlənin faciəvi sonu ilə nəticələnən qəzalardan biri martın 20-də baş verib.
Gecə saatlarında Qum adasında yerləşən "Bahar" Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.
Hadisə barədə Meydan TV-yə şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.
Aldığı məvaciblə dolana bilməyib həyatına son verən sakinlərdən biri də 39 yaşlı Osmanov Kərəm Oruc oğlu olub.
O, martın 27-də axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edib. Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.
İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.
K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.
Depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.
Fəhlənin ölümü ilə nəticələnən faciəvi qəzalardan biri martın 8-də qeydə alınıb.
Avtomobil qəzası paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci “Mercedes” markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.
Fevralın 13-də Biləsuvarda bədbəxt hadisə baş verib.
Hadisə günorta saatlarında şəhərdə taxta-şalban sexində qeydə alınıb.
Həmin sexdə gənc fəhlənin başına dəmir düşüb. Aldığı travmadan beyninə qan sızan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Fəhlənin faciəvi şəkildə dünyasını dəyişməsi ilə nəticələnən bədbəxt hadisələrdən biri fevralın 16-da baş verib.
Cəlilabad sakini yüksəklikdən yıxılaraq ölüb. Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində fəhlə işləyən Cəlilabad rayon sakini Naib Ağamalıyev yüksəklikdən yıxılaraq ölüb.
Aprelin 19-da da Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.
Hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb. Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.
Qeyd edək ki, həmin bina "Amal” MTK tərəfindən inşa olunur.