Həkim səhvindən batan Günəşin ölüm qoxuyan məktubu ''Həkim kövrəldi, dedi ki...''

887
Həkim səhvindən batan Günəşin ölüm qoxuyan məktubu ''Həkim kövrəldi, dedi ki...''

Bu məktubun hər sətri ölüm qoxuyur. Ümidsizliyin, həyata olan inamın bir-birinə qarışdığı sözlər, eyni zamanda əynindəki xalatlarının rəngi onlardan imdad diləyən xəstələrin ağarmış bənizlərindən fərqlənməyən həkimlərə ittihamdır. Həmin həkimlər xəstələrin olduğu xanalarda həyat və ölümün hakiminə çevriliblər. Bu məktub həm də xərçəngli canını dişinə tutmuş insanın bizə çağırışıdır... Kimin haqlı, kimin isə haqdan kənar olduğuna siz qərar verin, amma kədərlənməyin. Çünki kədər bu sətirlərin ağrısından daha aşağıdadır. Torpaqla bizim ürəyimiz arasında... 

''Mən Günəş Əhmədova Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinə gəlin köçmüşdüm. Hazırda 2 balaca qızım var ki, bunlar da məktəb oxuyurlar. Əvvəllər xəstə olmamışdım. 2010-cu ildə dizimdə ağrılar hiss etdim. Buzovnada, Onkalogiyada və Travmatologiyada müayinə olundum. Dizimi direl kimi bir şeylə deşib ondan analiz götürdülər. Hamısı "nəhəng hüceyrəli xoşxassəli şiş" diaqnozu qoydular. Dedilər şiş xoşxassəli olduğu üçün qorxulu deyil, əməliyyat edib şişi götürüb yerinə sümük dolduracağıq. Beləliklə, 2010-cu ildə Bakının ən məhşur yerlərində biri olan Travmatologiyada oranın professoru Vaqif Verdiyevin və həkimi Mirdamət Rəsulovun iştirakı ilə 2000 manata əməliyyat olundum. Şiş götürülərək yerinə sümük dolduruldu. Dedilər daha problem olmayacaq... Amma...''

Mynews.az bildirir ki, bu sözlər uzun müddətdir yataqda acı çəkən 2 uşaq anası Günəş Əhmədovanın criminal.az saytına yazdığı məktubdandır. G.Əhmədova saytımıza ünvanladığı məktubunu bu dünyada qonaq olan bir ana kimi yazdığını deyir. Hazırda yataqda yaşam savaşı verən G.Əhmədovanın kədər dolu məktubunu olduğu kimi təqdim edirik: 

''...2012-ci ildə yenidən dizimdə ağrılar hiss etdim. Travmatologiyada məni yoxlayıb dedilər ki, şiş yenidən qayıdıb və təkrar məni 500 manata əməliyyat etdilər, şişi götürüb yerinə sümük doldurdular. Həmin 2-ci əməliyyatdan sonra ağrılarım dayanmırdı. Dizimin həmin hissəsi həmişə qızdırırdı. Travmatologiya mənə 3-cü dəfə əməliyyat olunmaq lazım olduğunu bildirdi. Lakin pulum qalmamışdı. Amma Travmatologiya sonra bir daha məni yoxlayıb bildirdi ki, əməliyata daha ehtiyac yoxdu, şişin inkişafı dayanıb. Ağrılarım isə həmişə davam ediridi. Travmatologiyada mənə dedilər ki, ağrıya səbəb sənin diz oynaqlarının yeyilməsidir. Pul yığ, səni əməliyyat edib endopratez qoyaq. Sənin ağrıların isə normal haldır, döz...

"Həkim qışqırırdı ki, nəyə gəlmisən? Həkimin yanında ağladım ki, axı mən ağrıdan ölürəm...''

Travmatologiyaya tez-tez müayinəyə gedirdim. Həkim məni görən kimi qışqırırdı ki, nəyə gəlmisən? Səndə heç nə yoxdur. Bir dəfə daha dayananmadım, həkimin yanında ağladım ki, axı mən ağrıdan ölürəm. Həkimin mənə yazığı gəldi və əvvəl icazə vermədiyi ağrıkəsici dərmanlardan atmağa icazə verdi. Aksenforti kimi ağrıkəsicilər atırdım. Amma yenə də həmin əməliyyat olunduğum yerdə ağrılarım olurdu, Travmatologiyada həkimin yanına yenə də gedəndə mənə dedi ki, özünü arıqlat. Yüngül olsan, dizin də ağrımaz...

Bir müddət sonra hiss etdim ki, bədənim qüvvədən düşüb. Yediklərimi qusurdum. Yenə Travmatologiyaya get-gəl etdik. Həkim dedi sənin dərdini dəqiq bilmirəm. Gərək müayinələrdən keçəsən. Beləcə Bakıda ən bahalı müayinələrə göndərildim. Ağciyər inistutunda, Qanköçürmə inistutunda olduq. Ciyərimə su gəldiyi bildirildi, həmçinin qan azlığı diaqnozu qoydular. Travmatologiya, həmçinin mənə dedi ki, səndə sümük vərəmi də ola bilər və onun üçün də başqa bahalı diaqnoza göndərdi. Başım da yoxlanışdan keçirilmişdi, uzun aparat idi, uzandım başımı ora saldılar, o aparata "baş MRT-si" deyirlər. Əlimdə qalan pullar da bunlara getdi. Ciyərimdəki suyu müalicə etdirdik, su çəkildi. Amma qusmağım kəsmirdi...

Anamgil Ucar şəhərində yaşayırlar. Onlar məni Travmatologiyaya təkrar apardılar, Travmatologiya məni yenə hansı yoxlanışa yolladısa, getdik, amma ağrıma, qusmağıma bir səbəb tapanmadılar. Anamgil məni Ucar şəhərinə gətirdilər. Evdə müalicə alırdım. Səhiyyə Nazirliyinə məktub yazıb bildirdim ki, dərdimi tapa bilmirlər, sizdən maddi yardım istəmirəm, sadəcə, məni doğru həkim heyətinə tapşırın...

''Axırı özüm şalvarı yuxarı qaldırdım ki, ay həkim... O, dik atıldı...''

Bunu da qeyd edim ki, mən həmişə Travmatologiyaya analizə gedəndə həkim mənə qışqırırdı ki, niyə gəlmisən? Səndə heç nə yoxdur. Və məni rentgenə göndərib sonra nəticəni göstərib deyirdi ki, biz falçılıq etmirik, sənəd-sübutla deyirik ki, səndə heç nə yoxdur. Həkim ayağıma gözüylə də baxmırdı. Ancaq üstümə qışqırıb məni aparatlara göndərir və nəticələrin kağızlarını əlində tutub deyirdi ki səndə heç nə yoxdur, sağlamsan.

Ucar şəhərində anamgildə qaldığım müddətdə səhiyyə nazirliyindən cavab gözləyirdim. Ayağımın ağrısı məni rahat buraxmırdı. Artıq ayaq tərəfimdəki linfam da azacıq şişmişdi. Təkrar Bakıya Travmatologiyaya getdik. Həkim yenə qışqırdı ki, axı sən niyə gəlirsən? Yenə də rentgenə baxıb dedi ki, get səndə heç nə yoxdur. Nə qədər xahiş etdimsə, həkim yenə ayağıma gözüylə baxmırdı. Axırı ayağımın ağrısının şiddətindən özüm şalvarı yuxarı qaldırdım ki, ay həkim, məndə heç nə yoxdursa, bəs linfam niyə şişir? Həkim linfamı görən kimi dik atıldı. Tez bütün həkimlər toplandılar. Bir müddət toplaşıb müzakirə etdilər. Ayağımı USM etdilər və dedilər ki, xərçəngsən. Yəni ki, xoşxassəli şiş bu neçə ay ərzində bədxassəli şişə çevrilib. Və bunu, sən demə, adicə ucuz aparat olan uzi də göstərirmiş, mənisə lazımsız yerə bahalı aparatlara, inistutlara göndərirlərmiş..

''Həkim kövrəldi, dedi get daha sən müvəqqəti qonaqsan''

Həkimlər müzakirədən sonra gəlib sənədlərimi də yığıb qoltuğuma verdilər, dedilər daha biz heç nə edənmərik, get Onkalogiyaya, orada dəqiq müayinə olun.

Onkologiyada mənim linfamdan analiz götürdülər. Ordakı Ələmşah adlı həkim kövrəldi, dedi Travmatologiyadakı "Verdiyev" necə belə səhv edə bilər? Allah onların bəlasını versin. Niyə belə səhv ediblər axı? Əgər bir az tez olsaydı, linfa şişməmiş olsaydı, ayağını kəsərdik və iş bununla bitərdi. Onlar axı səni ilk dəfədən özləri onkoloji əməliyyat etmişdilər. Niyə sən ora hər dəfə gedəndə səni onkoloji müayinə etmək əvəzinə illərlədir mənasız yerlərə göndəriblər? Artıq xərçəng şişi sənin linfan ilə orqanlarına yayılıb, get daha sən müvəqqəti qonaqsan.

Bu sözlərdən sonra Travmatologiyaya təkrar qayıtdıq. Travmatologiya dedi ki, bizim heç ağlımıza gəlməyib ki, əvvəlki o şiş yenidən qayıdar. Ona görə onu yoxlatmırdıq. Biz istəməzdik belə olsun...

''Həkimlə telefonla danışanda anladım ki qanım batdı''

Yenidən anam evinə, yəni, Ucar şəhərinə qayıtdıq. Bir neçə gün sonra Səhiyyə Nazirliyindən evimizə məktub gəldi. Bu məktub mənim həftələr öncə yazdığım məktubun cavabı idi. Hansı ki, onlara yazmışdım mənim dərdimi tapammırlar, məni düzgün həkim heyətinə tapşırın. Səhiyyə Nazirliyi bu məktubda bildirirdi ki, aparın bu məktubu verin Travmatologiyaya, o, sizi dəqiq müayinə etsin və dərhal bizə məlumat versin. Beləcə, Səhiyyə Nazirliyinin gec də olsa göndərdiyi cavabına mən də təkrar cavab yazdım ki, sizin bu məktubunuz mənə çatana qədər artıq özüm Travmatologiyaya bir daha getdim və başıma belə hadisələr gəldi. İndi mən ölüm yatağındayam və ağrılardan qıvrıla-qıvrıla ölümü gözləyirəm. Travmatologiyadakı bu həkimlərin səhlənkarlığı mənim həm ev tikmək üçün yığdığım pulumu aldı, həm də canımı aldı. Ürəyim təkcə məktəb oxuyan 2 qızımda qaldı. Sizdən, sadəcə, bir şey istəyirəm, o da budur ki, qoymayın bu Travmatologiyadakı həmin 2 həkim mənim başıma gətirdiklərini başqalarının da başına gətirsinlər...

Səhiyyə Nazirliyi cavab olaraq məni Ucar şəhərindəki xəstəxanaya məktub göndərərək onlara tapşırdı. Bizimkilər də gedib Bakıda Travmatologiyadakı arxivdən sənədlərimi alıb məni Ucardakı xəstəxanaya qeydiyyata saldırdılar. Travmatologiyadakı professor telefonla danışarkən mənə bildirdi ki, bizdən Səhiyyə Nazirliyinə şikayət etmisən və biz də travmatologiya olaraq nə lazımdırsa cavab yazıb Səhiyyə Nazirliyinə göndərmişik... Anladım ki, qanım batdı, yəni özlərinə sərf edən formada Səhiyyə Nazirliyinə cavab yazıblar.

Bir müddət sonra anamgil "bəlkə diaqnoz səhv olar, bəlkə yaşamağıma bir ümid olar" deyə məni Bakıdakı 2-ci Onkologiyaya da müayinəyə apardılar. Onlar da məni müayinə etdilər, dizimdəki şişdən analiz götürdülər, bir həftə sonra cavab çıxdı ki, eyni nəticədir, yəni qonaqsan. Həmin Onkologiya mənim Travmatologiyada çəkilmiş rentgen kağızlarıma baxıb dəhşətə gəldi. Dedi məgər oradakılar kordularmı? Bu əvvəlki rentgen kağızlarında sənin ayağındakı şiş açıq-aydın görsənir. Bu proses səndə 2 ildir gedir. Sən hər ay ora müayinəyə getmisən, necə kor olub bunu görməyiblər?

''Ərimdən xahiş etdim ki, uşaqlara mən öldükdən sonra anamın baxmasına icazə versin, o da...''

Yenidən anam evinə qayıtdım. Ərimin imkanı az olduğu üçün ondan xahiş etdim ki, uşaqlara mən öldükdən sonra anamın baxmasına icazə versin. O da razılaşdı və uşaqlarımın sənədini Buzovnadakı məktəbdən alıb gətirdik Ucardakı məktəbə. Hazırda qızlarım burada məktəbə gedirlər...

Ayağım ağrısı üçün ilk öncə "ketonal" kimi ağrıkəsici iynələr vurdurdum. Sonra onlar daha ağrımı kəsmədi. Sonra onlardan güclü olan "travmadol" adlı iynə vurdurdum. Onlar da daha ağrımı kəsmədi. Xəstəxanada qeydiyyata düşdüyüm üçün mənə xəstəxanadan narkotik mənşəli ağrıkəsici dərmanlar verməyə başladılar. Əvvəl az verirdilər, tez bitirdi, qalırdım çığıra-çığıra. Səhiyyə Nazirliyindən xahiş etdim, Ucardakı xəstəxanaya zəng edib məni tapşırdı, sağ olsunlar, indi ən güclü iynələri verirlər. Amma bunlar da daha ağrımı kəsmir.

''Ağlamaq səsimi eşitməsinlər deyə telefonumda mərsiyələr qoyub səsini yüksəldirəm''

Türkiyədə belə xərçəng xəstələrinin hətta onurğasını yarıb ordan keçən ağrı hissiyatı sinirlərini də kəsirlər bəzən. Mənsə qıvrıla-qıvrıla qalmışam. Gəlib-gedənlər ağlamaq səsimi eşitməsinlər deyə telefonumda mərsiyələr qoyub səsini yüksəldirəm. İndi əvvəl əməliyyat olmuş ayağımın şişi başım boyda olub. Ağrım heç kəsmir. Ağrının şiddətindən əllərimi o qədər yatağımın taxtasına döymüşəm ki, əllərimin üstü qanlı yaralara dönüb. Bu ağrını heç düşmənə də arzulamıram. Sümük xərçəngi belədir ki, sümüyün içindəki şiş sümüyü sındıra-sındıra yayılır, heç bir ağrı kəsici dərman daha sümüyün ağrısına təsir edə bilmir. 

Xəstəxanadan aldığımız narkotik mənşəli ağrıkəsici dərmanların təsirindən qarabasmalarım da var. Artıq sidiyə də gedəmmirəm deyə şlank qoyurlar. Özümün 32 yaşım var. Bəzisi quran, bəzisi dua oxuyur, bəzisi türkəçarə edir. Bunu yazıb sizdən heç nə istəmirəm. Nə edə bilərsiz ki? Sadəcə, xahiş edirəm elə edin camaatın bundan xəbəri olsun, eyni faciəni həkimlər onların da başına gətirməsin. Düşünməyin ki, günahkaram və buna görə cəza alıram. Məgər Xocalıda dəmir işgəncəylə öldürülən uşaqlar, gəlinlər günahkarmı idilər? 

Bu dünya, sadəcə olaraq, vasitələrlə əlaqələndirilib. Mənim də seçdiyim vasitəm əfsus ki, ləyaqətsiz həkimlər oldu. Hələ ki, sağam deyə gəlib məni kameraya çəkə bilərsiniz. Bəlkə həmin anda müsahibə verə biləcək halda ola bilməsəm də, qoy işgəncəmi görüntüləsinlər. Qoy başqaları təcrübəli olsunlar və eyni aqibəti yaşamasınlar. Yoxsa məni hansısa həkimin uzaq başı gözdən pərdə asılmaq üçün işdən çıxarılması həyata qaytarmayacaq ki! Mən yaxşı bilirəm ki, ermənilərdən intiqamımız alınanda sağ ayaq yerinə sol ayaq kəsən həkimlər və onlara diplom verənlər də öz cəzalarına çatacaqlar.

Bir onu bilirəm ki, travmatologiya 2012-ci ildə məni 2-ci dəfə əməliyyat etdikdən sonra ayağım daima qızdırırdı, həmin yer od tutub yanırdı. Bəlkə də ora doldurduqları sümük reaksiya vermiş, ya da infeksiya salmışdılar. Çünki indi də məhz həmin ayağımın o hissəsi başım boyda şişib, infeksiyalarda olduğu kimi qapqara qaralıb kömürə dönüb, içindənsə yarılıb çirk axır. Halbuki xərçəng xəstələrində belə şey olmur. Qəribə olan bir tərəf də var. O da budur ki, Bakıdakı axırıncı dəfə Birinci Onkalogiya məni müayinə edib "astosarkoma" (sümük xərçəngi) diaqnozu qoydu, Bakıdakı o biri 2-ci Onkalogiya isə məni müayinə edib "malign tumor" (bədxassəli şiş) diaqnozu qoydu. Düzdü, bunlar bir-birinə yaxın xəstəliklərdir, amma anlamıram bu şöhrətdə Onkalogiyalar da necə olur ki, bir-birindən fərqli diaqnoz çıxarırlar və nəticələri bir-biriylə uyuşmur. Kaş mən də ən əvvəldən hamı kimi İrana, yaxud başqa ölkəyə üz tutaydım. Əfsus. Heç bilmirəm bu məktubumla yanaşı sizə hansı sənədi göndərim. Evimiz bahalı-bahalı aparatların verdiyi torba-torba müayinə sənədləriylə, hətta Baş MRT-nin verdiyi disklə doludur. Hər halda indi əlimə keçən bəzi zəruri sənədləri sizə göndərəcəm. Ümid edirəm qonaq olduğum bu müddətdə özünüz mənə baş çəkib bunları yaxından çəkib yayımlayarsınız''.

G.Əhmədova məktubunu belə tamamlayıb: Hamımız öləciyik, amma kaş belə işgəncəylə və məktəb oxuyan qızlarımı bir yerə çıxarmadan ölməyəydim...

Xəbər lenti