Hadisəni törədən şəxsin vəzifəli şəxsin sürücüsü olduğu bildirilir
Daha öncə də xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində faciə ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib. Qəzada "Hyundai” markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 32 yaşlı Aysel Quliyeva vəfat edib.
Hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün "Yeni Müsavat”ın əməkdaşı olaraq dünyasını dəyişən A.Quliyevanın yaşadığı mənzilə yollandıq.
İlk olaraq onu qeyd edək ki, hadisə Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib. Öyrəndik ki, Mehdiabad ərazisində yerləşən Zəngilan məktəbində dərs hissə müdiri vəzifəsində çalışan A. Quliyeva hadisə baş verən günü işdən gəlirmiş. İş yoldaşlarını Heydər Əliyev prospektində düşürdükdən sonra yaxınlıqda yerləşən evinə getmək istədikdə isə əks istiqamətdə hərəkət edən Ağamirzə Heybətov adlı şəxsin idarə etdiyi "Toyota” markalı, 99 RL 220 nömrəli avtomobil yoldakı beton maneəyə çırpıldıqdan sonra A. Quliyevanın idarə etdiyi avtomobilin üstünə düşüb. Hadisədə yolda hərəkət edən Şəhriyar Ələsgərov adlı şəxsin idarə etdiyi "Wolksfagen” markalı avtomobilə də zərər dəyib. Lakin onların heç birinin həyati təhlükəsi yoxdur.
Aysel Quliyevanın üç və yeddi mərasimi iyun ayının 4-də "Tural” mərasim evində keçiriləcək. Buna baxmayaraq, onun yaşadığı evin həyətində kiçik məclis qurulub, başsağlığı üçün gələn qonaqlar burada qəbul edilir. Ailə hələ hadisənin şokundan ayılmayıb. Ona görə də Quliyevanın valideynləri mətbuata geniş açıqlama vermək istəmədilər. Bildirdilər ki, üç və yeddi mərasimindən sonra geniş fikir bildirəcəklər.
Atası Ruslan Quliyev çətin vəziyyətdə söylədi ki, deməyə söz tapmır: "Elə vəziyyətdəyəm ki, heç dilim söz tutmur. Dərdimiz çox ağırdır. İndiki vəziyyətdə istəsəm belə, nə isə danışa bilmərəm. Çünki fikrimi toplaya bilmirəm. Nə edək axı...”
Öyrəndik ki, A. Quliyevanın atası Ruslan Quliyev uzun müddət Zəngilan Dəmir Yolu xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Son altı aya qədər də o, həkim kimi çalışırmış. Lakin hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb. A. Quliyevanın anası isə müəllimə işləyir. Nənəsi tanınmış həkim Əfşan Quliyeva, babası isə Sovet İttifaqı Qəhrəmanı Vəli Quliyevdir. Mərhumənin bir bacısı və bir qardaşı var. Öyrəndik ki, Zəngilan rayonu işğal edildikdən sonra ailə Montin qəsəbəsinə gələrək, hazırda qaldıqları ünvanda məskunlaşıb. A. Quliyeva da 1985-ci il, iyunun 11-də ermənilər tərəfindən işğal olunan Zəngilan rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib.
Universiteti bitirdikdən sonra Mehdiabadda yerləşən Zəngilan məktəbində ixtisası üzrə müəllimə kimi çalışıb. Daha sonra isə dərs hissə müdiri olub. Evləri ilə məktəbin arasında məsafə uzun olduğu üçün avtomobil almaq qərarına gəlibmiş...
"Yeni Müsavat”a danışa A. Quliyevanın bacısının yoldaşı Ramin Vəliyev bildirdi ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. R. Vəliyev hadisə ilə bağlı bəzi detalları açıqladı: "Açıq-aşkar görünür ki, qarşı tərəf günahkardır. Yəni bunu sübut etməyə ehtiyac yoxdur. Çünki hadisəni törədən şəxs yoldakı maneəni aşaraq rəhmətliyin avtomobilinə çırpılıb. Dünənə qədər biz başqa fikirdəydik. Düşünürdük ki, hadisəni törədən tərəf soyuqqanlı münasibət göstərir. Öyrəndik ki, vuran adam şəxsi sürücü olub. Onun sürücülük etdiyi şəxs isə bizə məlum olmasa da, deyilənə görə, yuxarı təbəqənin nümayəndəsidir. Bu gün isə bizim qohumumuzla əlaqə saxlayıb, maraqlanıblar. Rəhmətlik hələ xəstəxanada olduğu zaman da onların nümayəndələrindən gələn olub. Ancaq biz həmin vaxt gərginlik içərisində, hadisənin şokuna düşüb aqressiv olduğumuz üçün yaxınlaşmağa risk etməyiblər. Eləcə də dəfn mərasimində də qəbiristanlıqda olublar. Öyrəndik ki, rəhmətlik basdırılan zaman da iki avtomobil gəlib, kənardan baxıblar. Yəni vəziyyəti izləyirlər hələ ki. Hadisəni törədən şəxs və digər avtomobilin içərisindəkilərin də səhhətində heç bir problem yoxdur. Vuran adamı artıq polislər saxlayıblar. Gördüyünüz kimi, ailə ziyalı ailədir. Atası çox gözəl ziyalıdır. Üç-yeddi mərasimindən sonra düşünürük ki, qarşı tərəfin ağsaqqalları ilə söhbət edək. Həyatdır, olacaqdır... Vuran adam da cavan deyil, 51 yaşı var. Hadisəni görənlər deyirlər ki, adam 100-120 sürətlə gəlirmiş. Avtomobili də son model ”Lexus" olub".
R. Vəliyev bildirdi ki, 10 il öncə A.Quliyevanın nişanlısı da Moskvada avtomobil qəzasına düşərək, dünyasını dəyişib: "İkisi də oxşar həyatı yaşadılar. O da on il əvvəl toylarına az qalmış Moskvada qəza keçirib, dünyasını dəyişmişdi. Hadisədən sonra qız yaxınlarına dedi ki, daha bundan sonra kimsə mənə ailə qurmağı söyləməsin. 32 yaşı olacaqdı, ancaq axırı bu cür oldu...”
Qohumlarından öyrəndik ki, qəza baş verdikdən sonra A. Quliyevanı xəstəxanaya yol polisinin əməkdaşları çatdırıblar. "Hadisə baş verdikdən sonra Ağamirzə Heybətov şok vəziyyətində olub. Deyilənə görə, nə edəcəyini bilməyib. Qəza yerinə gələn polislər isə təcili yardım xidmətinə zəng etsələr də qızın vəziyyətinin ağır olduğunu görüb, öz avtomobillərində onu xəstəxanaya çatdırıblar. Biz başa düşürük ki, polisin vəzifəsi bu deyil. Onlar qanunla xəsarət almış şəxsi xəstəxanaya aparmalı deyillər. Ancaq bu cür insanlıq göstərdikləri üçün onlara təşəkkür edirik. Həqiqətən də böyük iş görüblər. Xəstəxanada olduğu zaman da həmin yol polisləri iki dəfə gəlib, onun vəziyyəti ilə maraqlandılar. Çox sağ olsunlar”, deyə ailə üzvləri bildirdilər.
Yuxarıda da qeyd etdiyimiz kimi, ailə hələ ki şok vəziyyətində olduğu üçün foto çəkilməsinə, açıq şəkildə müsahibə verməyə razılıq vermədilər. A. Quliyeva iyunun 1-də Günəşli qəbiristanlığında dəfn olunub.