“Hacı Mazan”ın 163 min manatını oğurlayan məşhur klinika rəhbərindən SON XƏBƏR

543
“Hacı Mazan”ın 163 min manatını oğurlayan məşhur klinika rəhbərindən SON XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə bu günə təyin olunan proses təxirə salınıb.
 
APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən M. Həşimovun vəkili Elçin Sadıqov iştirak etmədiyinə görə, məhkəmə iclası davam etdirilə bilməz. Bu qərar zərərçəkmiş tərəfin etirazına səbəb olub. Zərərçəkmiş iş adamı Ramazan Zeynalov (Hacı Mazan) vəkili məsuliyyətsizlikdə ittiham edərək, iclasın davam etdirilməsini, əks halda bundan sonra heç bir iclasa qatılmayacağını bildirib: " 7-8 aydır, məhkəmə yollarında qalmışam. Vəkil gəlmirsə, işə baxın. Ya bu adamı həbs edin, ya da açın, buraxın. Biz də işimizi bilək". Hakim N. Kərimov isə vəkilsiz cinayət işinə baxılmasının qeyri-mümkünlüyünü diqqətə çatdırıb.
 
O, qanun çərçivəsində vəkilin növbəti prosesdə iştirakına çalışacağını deyib. R. Zeynalov ərizə yazaraq məhkəmədə iştirakdan imtina edəcəyini qeyd edib: "Bundan sonra məhkəməyə etiraz olaraq, proseslərə gəlməyəcəyəm. Vəkil gəlmirsə, məhkəmə tədbir görməlidir, siz isə bir dəfə Vəkillər Kollegiyasına şikayət etmisiniz. Bundan sonra məhkəməyə etiraz olaraq, prosesə gəlməyəcəm. İstəyirsiniz, mənə cinayət işi açın. Vəkil, nə vaxt istəsə prosesə gələcək, biz də onu gözləyəcəyik? Vəkil, məni ələ salır, prosesi uzadır. İndi mən də, nümayəndəm də gəlməyəcək. Biz də bu şəkildə etiraz edəcəyik". Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin edilib.
 
Qeyd edək ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Belə ki, müqavilə əsasında klinika M. Həşimova icarəyə verib. Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
 
"Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. "Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.
 
Qərara görə, "Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.

Xəbər lenti