"Baldızımın əri ərimə zəng edib deyib ki, arvadınla..." Gənc qadının DƏŞƏTDOLU həyatı

2591
"Baldızımın əri ərimə zəng edib deyib ki, arvadınla..." Gənc qadının DƏŞƏTDOLU həyatı

Hər bir insanın taleyi doğulmamışdan öncə yazılır. Dünyaya gəlməzdən əvvəl "alın yazısı"nda nələrlə üzləşəcəyi, necə yaşağacağı, hansı günahları, yaxud savabları qazanacağı qeyd olunur. Amma ağlı-düşüncəsi ilə öz həyatını daha yaxşı qura bilsin deyə insana seçim hüququ da verilir...  Bəzən bu seçimi doğruya yönəldənlər də olur, yalnışa istiqamətləndirənlər də. Yalnış istiqamətləndirənlərin əksəriyyəti "Təmiz Dünya" İctimai Birliyinə pənah gətirir.

Yenə yolumuzu sığınacaqdan saldıq. Haqqında söhbət açacağım qadınla tanışlığım burada baş tutdu.  Hər dəfə olduğu kimi, bu dəfə də qadınların əksəriyyəti boş  otaqlara çəkilmişdi. Bəziləri təmizlik işlərinə baxır, bəziləri də övladları ilə məşğul idilər. Bir qadın isə balaca qızının əlindən tutub eyvanı gəzirdi. Əslən Gəncə rayonundan olan 26 yaşlı Təranə (ad şərtidir- red.) taleyinə boyun əyərək, həyatını pis-yaxşı yaşamağa çalışıb. Söhbətə başlamazdan öncə "onsuz da artıq itirəcəyim heç nəyim yoxdur" dedi. 

Sfera.az Təranənin faciəyə çevrilmiş həyatını təqdim edir:

- Təranə, niyə burdasan?

- Nə deyim... İstəmirəm olub keçənləri yadıma salım (kövrəlir).

- Bəlkə danışasan...

Qaynanasını pisləməyə başladı

-  2009-cu ildə həyat yoldaşımla ailə qurdum. Bəxtəvər başıma guya sevib evlənmişdik. Ərimin yaxşı işi-gücü var idi. Ancaq qaynanam məni istəmirdi. Nə iş görürdüm bəyənmirdi, hər işimə mız qoyurdu. Gəlin gələn gündən nə qızı, nə də anası məni yola vermədilər. Baldızım hər gün zəng vurub arvadı öyrədirdi, oda heç nədən evə dava salırdı. Arvadda evdə nə olurdusa, bircə-bircə qızına çatdırırdı. Səbəb də nə var, nə var ərim bunun çəpgöz bacısının qızını almayıb. Ona görə də mənə göz verib, işıq vermədi. Elə bil mən ərimə demişdim onu alma, məni al. Heç gedən gündən xoş gün görmədim, bir gözüm gülübsə, bir gözüm ağlayıb. Hər gün ərimi öyrədib məni döydürürdülər. Ərimdə anasıgilə heç nə deyə bilmirdi, acığa düşüb mənə zülm edirdi. Sonra da  deyirdi ki, "səbirli ol çıxacağıq, çox qalmayacağıq burda". Qaynanam "nemes" kimi qadın idi. O razı idi ki, oğlu məni öldürüb lap türməyə düşsün. Ərim də dəmə gedən idi. Heç bilmirdi anasına inansın, ya mənə yazığı gəlsin. Dəfələrlə üstümə bıçaq çəkirdi, tüfənglə vurmaq istəyirdi. Hətta eyvandan da atmaq istəyib. Ehhh onların mənə etmədiyi zülmlər qalmayıb. Küçə qadını kimi davranırdılar mənimlə. 

Əsəbdən gözləri doldu. Üzünü qızına tərəf tutub başına sığal çəkdi. Sonra davam etdi:

- Başıma gələnləri atamgilə də demirdim. Çünki atamgilin dediyi adama getməyib, ərimi seçmişdim. Utanırdım, üzüm yox idi nəsə deməyə. İstəmirdim onlara ağır yük olam, həm də evimin sirrini bilsinlər. Nəsə, pis-yaxşı, döyülə-döyülə, söyülə-söyülə iki övlad dünyaya gətirdim. Bir qız, bir oğlan. Oğlum qızdan böyükdür. O iki uşağı da əzab-əziyyətlə böyüdürdüm, bir qarın ac, bir qarın tox. Adam nə qədər qonşudan çörək istəyər, dükandan nisyə alar. Arvad bir evin içində özü alıb yeyirdi, bizə vermirdi. Ərim də işsiz qalmışdı deyə Ukraynaya dostunun yanına getmişdi. O gedəndən sonra da arvadın əlinə fürsət düşmüşdü, evdə söz-söhbəti daha da gərginləşdirmişdi. 

(Hikkəylə danışır) Bina evində qalırdıq. Görün, qaynana da qonşular baxa-baxa gəlinin paltarlarını "balkondan" aşağı atar? İnanın, bütün bina qaynanamın səsində bezar qalmışdı. Hamı deyirdi ki, Təranə kişi qızıdır ki, o evdə baş çıxarır. Söz-söhbət düşən kimi gedib qonşuda oturudum. Yemək yeyirdim boşqabı qabağımdan götürüb atırdı. İsti çayı üstümə dağıdıb sinəmi yandırmışdı. Gözünə düşmən kimi görünürdüm. Balalarımı da qorxuya salmışdı. Artıq həyatımdan bezmişdim. Axrıncı dəfə, 2015-ci ilin sentyabr ayında möhkəm söz-söhbətimiz düşdü. Sayılmadım, sözüm keçmədi, başımı götürüb qaçmağa  məcbur oldum. Atamgilə getdim. Atamgilə də bir kəlmə söz demədim. Anam hər gün sorğu-sual edirdi, axırı açıb danışdım. Oda ailəm dağılmasın deyə məni danladı ki, evimə qayıdım. Ancaq qayıda bilməzdim. Çünki tüpürüb çıxmışdım. Bircə balalarımdan ötrü gecə-gündüz gözümün yaşı qurumurdu (doluxsunur). Heç vaxt yadımdan çıxmaz, mən evdən çıxanda qaynanam uşaqları gizlətdi. Sonra zəng edib uşaqlarımı istədim, arvad telefonda qırğına çıxdı danışa bilmədim. Bir neçə müddət uşaqlarıma nə telefonla danışmağa, nə də görməyə imkan vermədilər. Çox çıxılmaz vəziyyətdə qaldım. Dəli kimi idim, balalarımın şəkilləri ilə danışırdım. Axırı məcbur qalıb telekanallardan birində yayımlanan verilişə çıxdım. Ordan da bura yönləndirdilər. İndi də gördüyünüz kimi burdayam. Qızımı ala bildim, oğlumu yox. 

Oğlunun adını çəkən kimi ağladı. Bir qədər söhbətə ara verdim. Sakitləşəndən sonra davam etdik...

- Ərindən boşanmısan?

- Bəli, boşanmışam. Elə ölmüşə arvad olunca boşanmaq min dəfə yaxşıdır. Bir ata ki, qızına nə  "aliment", nə də ki, doğum şəhadətnaməsini verməyə. Ona ata demək olar? 

- Boşanmana səbəb nə idi?

- Kənan (ərinin adıdır-red.) məni özünkilərinin ayağına verdi. Heç nədən ailəmizi dağıtdılar. Pərəm-pərəm olduq. Özüm didərgin, balamın biri ögey anada, biri də mənimlə (doluxsunur). 

- Bəs, ərin Ukraynada olanda zəng eləmirdi?

- Edirdi... Zəng edən kimi də qaynanam telefonun dibini kəsdirib imkan vermirdi bir kəlmə ürək sözümü deyim. Bir dəfə də olsun o evdən rahat danışa bilmədim. 

- Sən zəng edib getməyini dedin

- Hə, dedim. Üzümə telefonu söndürdü. Axrıncı sözü "bir də məni narahat etmə", oldu.

Danışdıqca dodaqları titrəyir, əlləri əsirdi. Bəzən də üzümə elə yazıq-yazıq baxırdı ki, onun məzlum baxışlarına söz tapa bilmirdim.

- Zalımın balası heç elə bil məni sevmirmiş, yalan imiş hər şey (ərini deyir-red.). Onların sözünə qulaq asıb məni atdı. Axırda da heç nə tapa bilməyib üstümə şər atdılar. 

- Nə şər?

- Hamısını qaynanam elədi. Guya o evdə ola-ola mən kişi salıb pozğunluq edirmişəm. Kişi də kim? Baldızımın əri... Mən orda olduğum müddət ərzində baldızımın əri heç vaxt bizə tək gəlməyib. Ya arvadıyla gəliblər, ya da nəsə lazım olanda qapıdan qaynanama verib qayıdıb. Mən çıxandan sonra qaynanam ərimə zəng edib deyib ki, guya dəfələrlə bu evdə ola-ola bunu yuxuya verib, baldızımın ərini evə salmışam. Bir dəfə də bu, qızıgildə olanda, mən evdə tək qalmışam. Həmin gecə baldızımın ərinə zəng edib evə çağırmışam. Oda gəlib, ərimin yatağına salmışam. Qaynanamın deməyinə görə, guya baldızımın əri bizə gələndə onu qapı qonşu görüb. Həmin gecə də baldızımın əri evə gedməyibmiş. Telefonunu da söndürüb hardasa ölmüşmüş. Şəri də mənim üstümə atdılar. 

-Bəs, baldızının əri bu məsələyə nə dedi?

- Mən evdən acıq edib gedəndən sonra onu da öyrədib öz şər-böhtanlarına şərik ediblər. Hamısı mənə plan qurdular, məqsədləri ailəmi dağıtmaq idi. Uşaqlara görə zəng eləmişdim, bunlarında hamısını arvad dedi. Sonra da dedi ki, baldızımın əri guya ərimə zəng edib mənim əməllərimin hamısını danışıb. Deyib ki, "arvadınla sənin "postelində" yatmışam. Arvadın sənə xəyanət edib, eləsindən sənə arvad olmaz". Onun kişi boyun yerə soxum, baldızımın hesabına kişi olub. Onlar nə deyirlər hanbal kimi qabaqlarında "smirna" durur. Bir kişinin ki, altının maşını, evi, dükanı arvadının hesabına ola, ondan hər şey gözləmək olar. 

- Səncə, o ərinə cürət edib deyər?

- Onu ərimdən soruşmaq lazımdı. Ərimin yerinə kim olsaydı, onu güllələyərdi. Məsələnin axırına çıxmamış məni təhqir etdi. Bura gəlməmişdən qabaq hələ uşaqlar orda olanda ürəyim dözmürdü tez-tez zəng edirdim. Bir dəfə də zəng edəndə dəstəyi ərim qaldırdı. Sən demə, bir neçə gün imiş qayıdıb. Danışdıq, nə dedim gördüm, xeyri yoxdu, artıq başın yeyiblər. Ancaq dediyi bu oldu, "nə deyirlər düz deyirlər. Sən eləyərsən". Oğraş ərim də anasıgilin tayı oldu. 

Gözünün yaşını silib, başını yellədi. Biruzə verməsə də, çox aqressiv idi...

-Ərin indi də Gəncədədir?

- Hə... Mən boşanandan sonra, mənim acığıma evləndi. Bir uşağı var, oğlum da onlarla qalır. Oğlumu necə öyrədiblərsə, məni düşmən kimi görür. Heç məni istəmir. Kaş ki, onlar deyən kimi olardım, heç yanıb tökülməzdim. Oturduğum yerdə şər-böhtana düşdüm. Qızımın üzünə baxa bilmirəm, heç olmasa belə ləkələməzdilər. Axı mən   qız anasıyam. Səhər onu böyütməliyəm, gəlin köçürtməliyəm. Bunları nəzərə almadılar. Allah bəlalarını versin. Mən Allaha sığınıb bura pənah gətirmişəm.

Hönkürtü ilə ağladı. Söhbəti yekunlaşdırıb, onu yalnız buraxdım. Oradan uzaqlaşandan sonra saatlarla fikirləşdim: Görəsən, bu qadının nə günahı var, o harada səhv buraxıb ki, həyatın bu qədər dibinə yuvarlanıb? Amma sualıma cavab tapa bilmədim...

Xəbər lenti