Gədəbəydə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub. APA TV-nin verdiyi məlumata görə, rayonun Zəhmət kənd sakini, 34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı, 39 yaşlı Dürdanə Əsgərovanı döyərək qətlə yetirib.
Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü olub. O mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə görə qonşular Zamurla ünsiyyəti kəsiblər.
Qətli törədənin qohumu Qənirə Süleymanova deyir ki, Zamur Allahverdiyevin ailəsi ilə ünsiyyətləri olmayıb: "Mənim onlara gediş-gəlişim olmayıb. Oğlan dəli idi. Özü gəldi bizə, dedi ki, yoldaşımı öldürmüşəm. Gedin görün, nə edirsiniz? Mən də yoldaşıma dedim, dur get, gör nə olub. Deyir, yoldaşımı öldürmüşəm. Camaat gəlib gördü ki, qadın ölüb. Anasını da o qədər döyüb ki, qadın yataq xəstəsidir".
Qətlə yetirilən Dürdanə Əsgərova 2 oğlan, bir qız anası olub. Ailənin böyük oğlu ikinci sinifdə oxuyur. Cinayət azyaşlıların gözü qarşısında baş verib. Uşaq anasının öldürülmə səbəbini bilmir: "Anam nə isə etmişdi, atam da döyüb öldürdü".
Qadın qətlə yetiriləndən sonra onun meyidi morqa aparılıb. Qardaşına və anasına cinayət barədə məlumat verilsə də, onlar qadının meyidini aparmaqdan imtina ediblər. Kənd sakini Raya Əliyeva deyir ki, ailə meyidə sahib çıxmaqdan imtina edir: "Gətirdik meyidi. Qardaşı dedi ki, bizə elə adam lazım deyil".
Kənd icra nümayəndəsi Tahir Mirzəyevin sözlərinə görə, ailə ünvanlı sosial yardımla təmin edilib, Zamur Allahverdiyevin anası təqaüd alıb. Qətli törədən şəxs özəl təsərrüfatlarda işləyərək pul qazanırmış.
Qətl hadisəsi ilə əlaqədar Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hazırda kənd sakinlərini narahat edən məsələ azyaşlı uşaqların taleyidir. Hazırda onlar Zamur Allahverdiyevin ögey qardaşının evində olsalar da, ailənin maddi durumu azyaşlılara baxmağa imkan vermir. Qətli törədən ailənin qohumu Qənirə Süleymanova deyir ki, yetim qalan uşaqlara baxmaq imkanları yoxdur: "3 körpə uşaqdır, bir də anadır. O da yataqdadır. Ağır gövdəli adamdır. Mən ona baxa bilmərəm".
X X X
ARB Kəpəz xəbər verir ki, kənd sakini 34 yaşlı Zamur Allahverdiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 3 övlad anası olan 39 yaşlı Dürdanə Əsgərovanı döyüb.
Allahverdiyev iki gün ərzində qadına müxtəlif bədən xəsarətləri yetirərək onu qətlə yetirib.
Rövşən Əmrahov - Gədəbəy rayon prokurorunun köməkçisi: Allahverdiyev Zamur Salman 3 və 4 fevral 2017-ci il tarixdə yaşadığı evdə ağac parçası ilə həyat yoldaşı Əsgərova Dürdanə Məcid qızının baş və bədənin müxtəlif nahiyələrindən vuraraq döymüş, qadın aldığı xəsarətlərdən 4 fevral 2017-ci il tarixdə yaşadığı evdə ölmüşdür.
Hadisədən xəbər tutan qonşular dərhal kənd icra nümayədəliyinə və yerli hüquq mühafizə orqanlarına məlumat veriblər. Qətli törədən Zamur Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Zəhmət kənd icra nümayədəsi Tahir Mirzəyevin sözlərinə görə, tərəflər arasında mübahisə tez-tez yaşanırdı.
Tahir Mirzəyev - Zəhmət kənd icra nümayəndəsi: "Allahverdiyev Zamur Salman oğlu sərxoş olduqca belə hadisələr təkrar olunurdu. Biz də nəzarətdə saxlayırdıq ki, olmasın, ancaq içkiyə aludə olan şəxs sərxoş halda bu cür hadisəni törədib".
Kişi və qadının hansı səbəbdən mübahisə etdiyi Gədəbəy Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.