7 uşağın ölümündə adı hallanan “Zara”nın cinayət dosyesi Nazir onu niyə bağışlamışdı?

984
7 uşağın ölümündə adı hallanan “Zara”nın cinayət dosyesi Nazir onu niyə bağışlamışdı?

Bakı sakini 37 yaşlı Günay Axundovanın 7 körpənin xəstəxanada öldürülərək bir qəbirdə basdırılması ilə bağlı dedikləri mediada günün ən səs-küylü və tükürpədici xəbəri olaraq tirajlandı.

Mynews.az BakuPost.az-a istinadən xəbər verir ki, bununla da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uşaq ölümləri ilə bağlı dəhşətli cinayətlər yenidən gündəmə gəldi.

Nazir "Zara”nı niyə qaytardı?

Hələ bir müddət əvvəl xəstəxananın doğum şöbəsinin müdiri Zəhra Abbasova (Zara) nöqsanlarına görə səhiyyə nazirinin əmri ilə işdən çıxarılmışdı. O zaman jurnalist, "Unikal” saytının əməkdaşı Həsən Babayev də övladının ölümündə onu ittiham edirdi. 

Məsələ ictimailəşdiyi üçün onlarla körpənin səhlənkarlıqdan ölümünə səbəbkar olmuş "Zara” vəzifəsindən azad edildi. 

Lakin ara sakitləşəndən sonra nazirin əmri ilə Z.Abbasova yenidən öz vəzifəsinin başına qayıtdı. Mətbuat iddia edirdi ki, onun işinə qaytarılmasını yüksək vəzifəli şəxs nazirdən xahiş edibmiş.

Elə bu dəmdə onun rəhbərliyi dövrünə baş vermiş bir cinayət təzədən mətbuatın gündəminə gəlib. Söhbət Günay Axundovanın başına gələnlərdən gedir. 

Gənc qadın axar.az-a açıqlamasında 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının üzünə həsrət qaldığını bildirib. 

O, uşağın doğuşdan əvvəl tam sağlam olduğunu, doğuşdan sonra isə cəsədini belə tapa bilmədiklərini deyib:

"Səhəri gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Vüsalə Ağalarova adlı həkim yüksək təzyiqim olduğu üçün doğuşun keysəriyyə yolu ilə olacağını bildirdi. Təzyiqim normasına düşən kimi doğuş baş tutdu. Elə o gündən sonra uşağımı görmədim.

Uşağı soruşanda rəngi göy olduğu üçün şüşə altına (küveys) qoyduqlarını, vəziyyətinin yaxşı olduğunu deyirdilər. Yoldaşımdan isə hər gün uşaq üçün bez tələb edirdilər. 

Üç gün dözə bildim. Uşağımı görməyi tələb edəndə isə həkim uşağın öldüyünü bildirdi. Vəssalam. Sonra isə çıxıb getdi. O gündən indiyə qədər qaranlıq qalan bu böyük cinayətin izi ilə gedirəm”.

"Zara mənə yalvarırdı ki…”

Həkimlər uşağın nəşinin hansı morqda olduğunu deyiblər: "Yoldaşım zəng edib uşağın harada olduğunu soruşanda həkim ona "lazım olan yerdədir” deyib telefonu söndürüb. 

Qonşularım soruşanda isə həkim uşağın cəmi 12 saat yaşadığını deyib. Xəstəxanada hamı qorxurdu ki, səs salmayım. Zara adlı şöbə müdiri var idi. 

Yalvarırdı ki, sakit ol, məsələni böyütmə. Uzun söz-söhbətdən sonra klinikadan sənəd aldım ki, morqa gedim, körpənin cəsədini götürüm. Xırdalanda uşağın qəbrinə qədər qazdırmışdıq”.

Günay xanım morqda çalışan şəxsin ona dediyi inanılmaz sözlərdən dəhşətə gəldiyini bildirib:

"Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. İlahi... Dəhşətə gəldim... Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. 

Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər. Halbuki morqdan mənə uşağın ayın 7-si basdırıldığını demişdilər”.

Müstəntiqdən 50 minlik bazarlıq təklifi

G.Axundova xəstəxanada Telman İbadov adlı baş həkimin cinayəti ört-basdır etmək istədiyini, buna görə ona müxtəlif vədlər verdiyini bildirib: "Təbii ki, razılaşmadım”.

Övladının ölümündə günahkar olanları tapmaq istəyən qadına bir zərbə də cinayəti "araşdıran” Nigar adlı müstəntiqdən gəlib: "İşi Nigar adlı müstəntiq aparırdı. 

Mən DNT testi tələb edəndə müstəntiq dedi ki, bu testə 50 min manat xərclənəcək, gəl, o pulu sənə verək, məsələ bağlansın. Razılaşmadım, sonda isə heç bir nəticə olmadı. 

Guya DNT cəhdləri alınmayıb. Hamısı yalan idi. Bu, qrup şəklində cinayətdir. Axı bir anadan övladının ölməyini niyə gizlətsinlər ki?! Mənə bunun izahı lazımdır. Həmin həkim hazırda yenə öz işinin başındadır. Neçə ana mənim kimi gözü yaşlı qalacaq?!”

Günay Axundova hazırda cinayət işinin Yasamal Prokurorluğunda, mülki işin isə Bakı Apelyasiya Məhkəməsində davam etdirildiyini də bildirdi.

Baş həkimin müavinindən təzadlı açıqlamalar

Xəstəxananın baş həkiminin müavini Mahir Babayev azvision.az-a xəstənin hamiləliyinin vaxtından əvvəl başa çatdığını bildirib:

"Anada böyrək xəstəliyi, qan azlığı və digər problemlər var idi. Biz onu xilas etmək üçün əlimizdən gələni etmişdik. Uşaq yarımçıq olduğu üçün həyatda qalmadı. 

Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. 

Bu haqda ananın xəbəri olub. Lakin sonradan uşağın cəsədini qadının yaxınları tərəfindən heç kim götürmədi. Buna görə də Analitik Ekspertiza Mərkəzinin əməkdaşları onu Hövsanda yerləşən qəbiristanlıqda basdırıb və qəbri nömrələnib. Ananın səsləndirdiyi fikirlər tamamilə əsassızdır”.

Həmin Mahir Babayev Trend-ə isə bildirib ki, uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib: "Valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz.

M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb: 

"Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Belə kimsəsiz şəxslər qolunda yazı ilə dəfn edilir”.

Vəkil saxta sənədləri tapdı

Vəkil Aqil Layıc isə deyib ki, bu işi üzərinə götürüb: "Səhvi olanlar mütləq cəzalanacaq. Bundan əvvəl Nərimanov Məhkəməsində Turqay Hüseynovun sədrliyi ilə məsələyə baxılsa da, nəticə əldə olunmadan işə xitam verilib. 

Uşaq ölübsə, onun ailəyə verilməsi təmin olunmalı idi. Bu, valideynlərin haqqıdır. Məhkəmə isə bunları qətiyyən araşdırmayıb”.

A.Layıc məsələni araşdırarkən həmçinin saxta sənədlərlə rastlaşdığını bildirib: "Durum təzadlı idi. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası hadisənin gedişatında klinikanın həkimi Vüsalə Ağalarova haqda eyni vaxtda iki fərqli məzmunda arayış təqdim edib. 

Birincidə qeyd olunub ki, həkimin bu işdə heç bir günahı olmadığına görə ona töhmət verilməyib. Digər arayışda isə baş həkim təkzib edib ki, həkim cəzalandırııb və töhmət verilib. Burda sənədlərin saxtalaşdırılması və vəzifə səhlənkarlığı açıq-aşkar özünü büruzə verir”.

Xəbər lenti