"Bu, çox zərərli hadisədir, ağrısını hələ çox çəkəcəyik..."

618
"Bu, çox zərərli hadisədir, ağrısını hələ çox çəkəcəyik..."

Millət vəkili Vahid Əhmədov Milli Məclisin bir neçə gün əvvəlki iclasında  ali məktəblərə qəbul və sınaq imtahanların pull olmasının əleyhinə çıxmışdı. Deputat imtahanların pullu olmasıyla imkansız və istedadlı gənclərin ali təhsildən kənarda qalacağını əsas gətirərək, imtahanlara görə ödənişin ləğv edilməsini təklif etmişdi. Millət vəkilinin bu təklifi ictimai dəstək qazanmaqdadır. 

Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov da Moderator.az-a açıqlamasında Vahid Əhmədovun fikrinə dəstək çıxdığını bildirib. Ş.Əsgərov da çoxları kimi o qənaətdədir ki, imtahanların ödənişli olması bir çox gəncin imtahanda iştirakını əngəlləyir:

“Bu barədə mən əvvəl də danışmışam ki, bu, qətiyyən yolverilən məsələ deyil. Hər bir şəxsin ən azı bir dəfə pulsuz imtahan verməsi üçün dövlət şərait yaratmalıdır. Əgər birinci il imtahandan keçə bilməyib ikinci il gələrsə bunu ödənişli etmək olar. Ali məktəblərə qəbul imtahanın pullu olması insanların təqribən çox böyük hissəsini ali təhsildən uzaqlaşdıracaq. Onsuz da təhsil göstəricilərinə grə dünyada zəif yer tutan biz bir qədər də zəifləyəcəyik”. 

Professor, həmçinin məsələnin həlli yollarını da sadalayıb:

“Bu məsələnin müxtəlif həlli yolları var. Həlli yolunun birini elə Vahid Əhmədov sələndirib, ödəniş ləğv edilsin. İkinci həlli odur ki, imtahan pulunu Təhsil Nazirliyi ödəsin. Üçüncü yolu da belədir ki, dövlət büdcəsi tutulanda DİM-nə imtahan götürmək üçün pul ayrılsın. 

Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik. Heç bir yerdə bu ola bilməz ki, orta məktəbi qurtarmış gənc pulla imtahan versin. Dövlət marağında deyilmi ki, öz gəncləri savadlı olsun, savadlı mütəxəssisləri olsun?! Marağındadırsa, nəyə görə həmin maraqlara zidd addımlar atılır?

Hər bir xidmət pullu olmalıdır, ancaq təhsilin pulunu dövlət ödəməlidir. Necə ki, Sovet dövlətində imtahan pullu idi, ancaq bundan bizim heç xəbərimiz yox idi. Çünki dövlət bizim əvəzimizdən o pulu ödəyirdi. Hansısa uşaqdan 20 manat pul almaq vacibdir, yoxsa gələcək nəslin, cəmiyyətin təhsilli, daha kamil olması? Əlbəttə ki, cəmiyyətə daha kamil olmaq, təhsilli olmaq vacibdir. Ona görə də bu xərci dövlət özü çəkməlidir. Necə ki, sərhədlərimizi dövlət qoruyur, tələbələrimizi də dövlət savadlandırmalıdır”.

Xəbər lenti