Hüquqşünas: Uşağı siqaret çəkən valideynin cərimələnməsi absurddur

878
Hüquqşünas: Uşağı siqaret çəkən valideynin cərimələnməsi absurddur

Milli Məclisin plenar iclasında Azərbaycanda uşaqların siqaret çəkməsinə görə valideynlərə 100 manatdan 250 manata qədər cərimə tətbiqinin tövsiyə olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Mynews.az-ın məlumatına görə, ən çox narazılığa səbəb olan layihədə yer alan bu hissə olub;  “...valideyn və ya qəyyumluq icrası zamanı yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadəsinə mane olmadığına görə 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq”. 

Çox maraqlıdır ki, bu təklifi verənlər işlənmə mexanizmi necə nəzərdə tutublar və ya izah ediblər? Necə və nəyə əsaslanacaqlar? Axı heç bir normal valideyn uşağının siqaret çəkməsini istəməz və özü uşağına siqaret almaz. Hamıya məlumdur ki, siqaret çəkən uşaq bunu valideyndən gizli edir. Valideyn uşağının gizli etdiyi bir əmələ necə mane ola bilər? Axı valideyn sutkanın 24 saatı uşağının yanında olmur. Və kiminsə haradasa siqaret çəkdiyini necə təsbit edəcəklər, valideyni hansı əsasla cərimələyəcəklər? 

Hüquqşünas Adəm Məmmədov layihəni şərh edərkən narazılığa səbəb olan bəndin absurd olduğunu bildirdi:

“Mən təsəvvür edə bilmirəm ki, bu, kimin ağlına gəlib. Uşağın siqaret çəkməsi tərbiyəsizlik kimi qəbul edilir və bizim cəmiyyətdə heç bir valideyn övladının tərbiyəsiz olmasını istəməz. Hansı normal ata-ana uşağının siqaret çəkməsini istəyər? Təbii, heç kim! Uşağı siqaret çəkən valideynin cərimələnməsi absurddur. Belə bir qanunun təklif edilməsi məntiqsizdir. Əgər valideyn özü uşağı siqaret çəkməyə və ya spirtli içki qəbul etməyə təhrik və ya sövq edirsə, bu zaman inzibati məsuliyyətə cəlb edilməlidir. Belə bir qanunun müzakirəsini alqışlayıram”.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov bu qanunun da bir çoxları kimi kağız üzərində qalacağını düşünür:

“Çünki qəbul edilən qanunların həyata keçirilmə mexanizmi yoxdur. Milli Məclisdə indiyədək yüzlərlə qanun hazırlanaraq qəbul edilib. Onların hansı həyata keçirilib?! Ona görə də siqaretdən istifadəyə görə valideynlərin cərimələnməsi məsələsi reallaşmayacaq. Bundan başqa, cərimələr tətbiq edilsə, onda gərək valideynlərin 80-90 faizi buna cəlb edilsin. Bunu da edəcəklərmi? Problem başqa yolla həll edilməlidir. Məktəblərdə maarifləndirmə işi aparılmalıdır. Bu iş evlərdə davam etdirilməlidir. Yoxsa qanun qəbul edib, bununla da işi bitmiş saymaq məsələnin həlli yolu deyil”.

Əslində qadağa çox vaxt əks effekt vermir. Qadağa qoyulan hallar azalmaq əvəzinə çoxalır. Buna görə də belə halların qarşısının alınmasında daha çox maarifləndirmə və təbliğat metodların istifadə etmək lazımdır. 

Qeyd edək ki, təklif olunan layihədə Azərbaycanda yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əlavələr təklif edilir. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən tütündən istifadəsinə səbəb olduqda, yaxud valideyn və ya qəyyumluq icrası zamanı yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadəsinə mane olmamağa görə, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq.  

Xəbər lenti