Ögey qızını qulağından tutub, divara çırparaq öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısı Sabir Abdinova verilib.
İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduğundan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. Azyaşlı ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən E.Hacıyev R.Abdulxaliqovanı qulağından tutaraq evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.
Bundan başqa, Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.
İttihama münasibət bildirən Elnar Hacıyev özünü təqsirli bilməyib.
Hakim bildirib ki, məhkəmədə zərərçəkmiş şəxsin hüququ varisi iştirak etmədiyinə görə proses iyunun 16-da davam edəcək.
Qeyd edək ki, ötən ilin iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.