Sumqayıtda yayılan infeksiya su ilə bağlıdır? AĞLIMIZA GƏLMƏYƏN VARİANT

625
Sumqayıtda yayılan infeksiya su ilə bağlıdır? AĞLIMIZA GƏLMƏYƏN VARİANT

Son günlər ərzində Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib.

Publika.az xəbər verir ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayevin sözlərinə görə, həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb:

“Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.

Hadisə ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məlumat daxil olduqdan sonra ekspertlər hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb:

"Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir".

A.Cəbrayıllı əlavə edib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur:

"Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı da məhz bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır".

Bəzi mütəxəssislər isə düşünür ki, uşaqlar arasında yayılan bu xəstəliyin rota virus infeksiyası olma ehtimalı daha yüksəkdir. Bu xəstəlik bağırsaq qripi də adlanır. Xəstəliklə bağlı araşdırmalarımızda pediatr Sevinc Məmmədzadənin yaydığı materialla rastlaşdıq:

"Rota virus nədir?

Rota virus infeksiyası (və ya bağırsaq qripi) qusma və ishalla müşahidə olunan yoluxucu bir xəstəlikdir. Xəstəliyin artması mövsümi xarakter daşıyır və xüsusilə qış aylarında bu infeksiyanın əhali arasında kəskin artması qeyd olunur.

Xəstəliyin əlamətləri yoluxduqdan 1-3 gün sonra başlayır:

• yüksək hərarət

• qusma (bəzi hallarda qusma olmaya da bilər)

• bol, su kimi ishal.

Yüksək hərarət və qusma əksər hallarda 2 günə keçsə də,ishal 5-8 gün davam edər.

Davamlı qusma və ishal, qısa bir müddətdə orqanizmdə su defisiti yarada bilər. Xəstəliyin ağırlaşması da məhz bu səbəbdən olur: orqanizmdə ağır su-duz mübadiləsinin inkişaf etməsi həyatı vacib olan orqan və sistemlərin funksiyalarının pozulmasına yol açır.

Diaqnoz: Rota virus diaqnozu antigen testi ilə qısa müddətdə dəstiklənir.

Müalicə: Rota virus infeksiyasının spesifik bir müalicəsi yoxdur. Virus mənşəli infeksiya olduğundan antibiotiklərdən istifadə edilməməlidir.

Ən vacibi orqanizmin itirdiyi maye və duzların bərpasıdır. Bununla əlaqədar ana südü alan körpələr tez-tez döşə qoyulmalı, böyük uşaqlar isə kifayət qədər maye içməlidilər . Pozulmuş su-duz mübadiləsini bərpa etmək üçün qlukoza-duz məhlullardan (reqidron və s.) geniş istifadə edilməlidir. Xəstəlik dövründə yağsız pəhrizin saxlanılması; südün (ana südündən başqa) və südlü qidaların, meyvə şirələrinin verilməməsi tövsiyə olunur. Qida qəbulu az-az və tez-tez olmalıdır, bu halda bağırsaqlarda qidanın həzmi yüngülləşir.

Oral (ağızdan) maye qəbulu mümkün olmadığı hallarda, infuzion müalicənin (vena daxili) aparılması həyati dərəcədə vacib sayılır!

Rota virus infeksiyasına qarşı effektiv bir tədbir kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrə rota virus infeksiyasına qarşı profilaktik vaksinasiyanın aparılması tövsiyə olunur. Peyvənd aldığı zaman ,uşaq bu infeksiyadan qorunmuş olur".

Xəbər lenti