Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

567
Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Ailələrin uşağın inkişafı ilə bağlı gözlədikləri ən əsas mərhələ dil açması, danışmasıdır. Nitq uşaqların ümumi, eyni zamanda əqli inkişafının da əsas göstəricisidir. Bu asan olmayan möcüzəvi hadisə uşaqların əksəriyyətində öz-özünə baş versə də bir anda olmur.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Afaq Abbasova bildirib.

A.Abbasova deyib: "Körpələr əslində anadan olandan ünsiyyətə başlayırlar və bir yaşlarında artıq ilk sözlərini söyləyirlər. Uşaqlar adətən 18 aylığında 20, 24 aylığında ən az 50 söz deməli, iki yaşında isə iki sözlü cümlələr qura bilməlidirlər. Amma bu hər zaman belə olmaya bilər, yəni nitqin inkişafı gecikə bilər. Bundan əlavə bəzi körpələr vaxtında danışmağa başlasalar da səsləri düzgün tələffüz etməz və ya düzgün sırayla deməyə bilərlər. Nitq problemləri sadə görünsə də bəzən daha ağır halların ilk əlaməti ola bilər. Bu cür nitq problemləri müşahidə olunan uşaqların gələcəkdə oxuma-yazmasında da çətinliklər görülə bilər.

Nitq qüsurları ilə bağlı problemlərin səbəbləri çox fərqlidir. Bunlardan anadangəlmə xromosom anomaliyaları, genetik xəstəliklər, zəka geriliyi, eşitmə azlığı, dodaq-damaq yarığı, ailədə nitq gecikməsi halları, autizm, uşağın böyüdüyü mühit, nitqin inkişafını dəstəkləyən ətraf qıcıqların azlığı tək-tək və ya birlikdə nitq qüsurlarına səbəb ola bilər. Günümüzün ən böyük problemlərindən biri də telefon, televizor, smartfonlardır. Artıq bu vasitələrin uşaqlar tərəfindən çox istifadəsinin də nitq gecikmələrinə səbəb olduğu təsdiqlənib. Uşaqlarda rast gəlinən nitq problemləri əsasən dil gecikməsi, dili anlama və ya ifadə etmədə olan problemlər, artikulyasiya, yəni tələffüz və fenoloji, yəni səslərin doğru ardıcıllıqla deyə bilməmək, axıcı danışıq, yəni kəkəməlikdir. Sadalanan bu problemlər müşahidə edildikdə həkimə müraciət etmək lazımdır".

Xəbər lenti