İyunun 9-na keçən gecə Mingəçevir şəhərinin Nəsimi küçəsində kürəkəni tərəfindən qızı və 2 nəvəsi öldürülən Məhiyyəddin Mehdiyevin ürəyində problemlər yaranıb. lent.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı Lazım Hüseynovun 35 yaşlı həyat yoldaşı Aynurəni və 2 körpə övladını öldürməsindən sonra qadının atasının vəziyyəti ağırlaşıb.
Qızını və nəvələrini dəfn edəndən sonra kişiyə tibbi yardım göstərilib. Cəmiyyətdə gənc qadının hansı səbəbdən özündən 22 yaş böyük kişi ilə ailə qurmasına dair suallar yarandığından bu məsələ ilə bağlı kiçik araşdırma apardıq. Qohumlarının dediyinə görə, Lazım Hüseynov uzun müddət həbsxana həyatı yaşayıb Mingəçevirə qayıtdıqdan sonra qonşuluqda yaşayan gənc Aynurəni zorla qaçırdıb.
Valideynləri və yaxınları çox çalışsa da qızı keçmiş məhkumdan geri ala bilməyiblər və onun istəyi ilə razılaşmalı olublar. Ümumiyyətlə, çox qısqanc təbiətli şəxs olan L.Hüseynov həyat yoldaşına mütəmadi işgəncələr verirmiş. Qeyd edək ki, əvvəllər də adam öldürdüyünə görə həbsxana həyatı yaşamış "Laska" ləqəbli Lazım Hüseynov istintaqa ifadəsində iyunun 8-də xanımı ilə qısqanclıq zəminində dalaşdığını bildirib və bu zaman guya qadın deyib ki, uşaqlar ondan deyil. Müharibə iştirakçısı olan Lazım Hüseynov həmin gecə avtomatla xanımını güllələyib, daha sonra isə hər iki körpə uşağı bıçaqlayaraq öldürüb.