"Ərə getdim, ata evinə bakirə qayıtdım..." SƏBƏB ....

3447
"Ərə getdim, ata evinə bakirə qayıtdım..." SƏBƏB ....

Sücayət haqqında Ülkər adlı xanım status yazmışdı. Mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu ürək ağrısı ilə qeyd etmişdi. Elə bu ağrılı yanaşmaya görə 3 yaşından iflic olan xanımla əlaqə yaradıb, söhbətləşdik.

Məlum oldu ki, Əliyeva Sücayət Azay qızının 27 yaşı var, Bərdə rayonunun Zümürxan kəndində yaşayır, I qrup əlildir. 24 ildir ki, ortez adlanan aparatla gəzir. Ünvanladığım suallara komplekssiz cavab verir. Özünü ifadə etməkdə, fikrini çatdırmaqda sərbəstdir.

Müəllimlər mənə haqsızlıq etdilər

- Sücayət, məktəbə gedibsən? Təhsilin var?

- Bəli, 11-ci sinfə kimi məktəbə getmişəm, oxumuşam. Özü də məktəbə özüm gedib-gəlirdim, heç kəs kömək etmirdi. Əslində, mən evdə dərs almalı idim, amma bunu edən olmadı, müəllimlər gəlmədi, mən də oxumaq istəyirdim, özüm gedib-gəlirdim.

- Sinif yoldaşların necə idi? Əlil olmağına görə sənə münasibətləri pis deyildi ki?

- Yox, sağ olsunlar, mənə kömək edirdilər, çantamı çox vaxt onlar aparıb-gətirirdi. Amma müəllimlərim mənə qarşı haqsızlıq etdilər, onlar haqda o qədər də xoş danışa bilmirəm...

- Nə mənada haqsızlıq etdilər?

- Məktəbə gəlməyən uşaqlar var idi. Ancaq imtahandan imtahana gələrdilər. O uşaqların atalarının pulu var idi deyə, onlara həmişə "5" yazardılar. Amma mən əziyyətlə 11 il məktəbə getdim, heç dərs buraxmadım, bir az zəif oxudum deyə, "3", "4" qiymət verdilər.

- Əslində, müəllimlərin sənin qiymətini kəsmədilər, nəyə layiq idin, onu da yazdılar...

- Hə, düzdür, mənim qiymətim nə idi, onu da yazırdılar. Bəs, dərsə heç gəlməyənlər, oxumayanlar necə? Axı, onlar o yazılan qiymətə layiq deyildilər. Həm də mənə görə dövlətdən ayrıca maaş da alırdılar. Əslində, gəlib mənə evdə dərs keçməli idilər.

Mənim ayaqlarım şikəstdir, ürəyim yox

- Sücayət, sinif yoldaşın olan qızlar səninlə sirlərini bölüşürdülər?

- Hə, qızlarımız mənimlə bu haqda çox söhbət edirdi, məndən məsləhət alırdılar, dərdləşirdilər. Elə indi də elədir, bir problemləri olanda mənimlə bölüşürlər.

- Bəs, sən necə, xoşuna gələn vardımı, heç istərdinmi ki, sənə də məktub yazsınlar, SMS göndərsinlər?

- Əlbəttə, istəyirdim. Mənim ayaqlarım şikəstdir, ürəyim yox. O vaxtlar istəyirdim, amma olmurdu, sonra böyüdüm, gözəlləşdim, mənə baxanlar, xəbər göndərənlər çox oldu. Elə indi də az deyil, mən bezirəm, istəmirəm. Sonra ailə qurdum, başıma oyunlar gəldi, daha heç nə istəmirəm...

Sırf övladım olsun deyə...

- Sevib ailə qurdun, yoxsa qüsurlu olduğuna görə kiməsə verdilər və sən də razılaşdın?

- Yox, sevmədim. Sırf övladım olsun deyə ərə getməyə razılıq verdim. Fikirləşdim, mən beləyəm, o da qüsurludur, nə olsun, övladımız olar. Böyüyər, məni qardaşa möhtac qoymaz, ana olaram, balam baxar mənə. Amma düşündüklərim olmadı, bədbəxt oldum, qayıtdım atamın evinə...

- Niyə ana ola bilmədin? Sən ki uşaq istəyirdin...

- Yox, ona görə ayrılmadım, ərim xəstə idi, evimizdən necə bakirə getmişdimsə, elə də geri döndüm. Onun cinsi xəstəliyi vardı, gəldim ata evinə. Atam, anam dönüşümə bir söz demədi. O da bir kəlmə - "haqqını halal et", - dedi...

İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram

- İcra Hakimiyyətinə, deputatınıza müraciət edibsən səhhətinlə, yaxud hər hansı bir arzunla bağlı?

- Hər yerə yazmışam.

- Nə istəmisən?

- İlk vaxtlar ayağım üçün yazırdım ki, müalicəyə kömək etsinlər, sağalım. Sonra gördüm ki, mənim müalicəm yoxdur, daha yazmadım. Amma son vaxtlar imkansızlıqdan maddi dəstək üçün müraciət etdim, yenə də heç kəsdən səs-soraq çıxmadı.

- Nə arzulayırsan? Həyatında nə istərdin ki, sənin üçün dəyişsin?

- İstəyirəm işim, evim olsun, ayaqlarım salamat olsun. Toy olur kənddə, gedirəm. Həmişə də ağlayıram, pis oluram. İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram...

Evim olur, ana oluram, balama qulluq edirəm

Ana olsaydın, neçə uşaq istərdin? Adlarını nə qoyardın?

- Xəyalımdadır mənim dünyam. Evim olur, ana oluram, balama qulluq edirəm, sözümə baxmayanda ehmalca vururam, amma ağrıtmasın deyə, gülə-gülə, yavaş vururam. Qızımın olmasını istəyirəm, adını da Rəbiyyə qoyuram.

- Niyə Rəbiyyə?

- Həzrəti Rəbiyyə haqda filmə baxmışdım. O filmi çox sevmişdim, ona görə...

- Ailədə kimin var? Ata, ana, bacı, qardaş...

- Ata xəstədir, qaraciyər serrozudur, anam da var, qardaşım da. Qardaşımın anadangəlmə gözləri zəif görür. O, ailəlidir, iki övladı var.

- Boşanandan sonra sənə evlənmək təklifi edən oldu?

- Evlənmək təklifi oldu bu yaxınlarda. Amma getmədim, çünki ayrıldığım cəmi 4 aydır. Mənim gücüm çatar, əminəm ki, gözəl həyat yoldaşı, ana ola bilərəm. Amma istəmirəm, sadəcə, qorxuram... Mənim istəyim... problemim nədir? Mən ərə gedərkən anam borc elədi, cehizlərimi aldı. Sonra da ayrıldım. İndi həmin borcu öz əlillik təqaüdümlə qaytarıram, hər ay 120 manat. Bu yaşıma qədər tələbatımı təqaüdümlə özüm ödəmişəm. Valideynlərimin maddi gücü çatmayıb... Məktəbə getmişəm, dəftər-kitabımı, paltarımı öz pulumla almışam. Müalicəmi də həmin pulla etmişəm. Bir-iki ay təqaüdümü yığıb gedirdim Bakıya, aparatımı düzəltdirmək üçün. İndi təqaüdüm borca gedir deyə, gedə bilmirəm. Aparatım xarabdır, yeriyə bilmirəm...

Xəbər lenti