Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunmuş mərasim keçirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyət nümayəndələri və məzunların yaxınları iştirak ediblər.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək, kursantları və onların yaxınlarını təbrik edib. O deyib ki, bu gün Azərbaycanda hərbi sahədə aparılan islahatlar müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, ali hərbi məktəbin tədris-maddi bazası bütün müasir tələblərə tam şəkildə cavab verir: “Burada Azərbaycan Silahlı Qüvvələrinin hazırlıqlı, vətənpərvər kadrlarının hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bundan sonra da bütün imkanlardan istifadə edib, ali hərbi məktəbin tədris sisteminin möhkəmləndirilməsi işini davam etdirəcəyik.
Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi ordumuzun yüksək ixtisaslı zabit kadrları ilə təmin olunmasının qarantıdır. Burada xidmət edən hər bir zabit, gizir, müəllimlər, kursantlar dövlətimizin adına layiq olmaqla, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.
General-leytenant qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli silahlı qüvvələrin hansı vəziyyətdə olmasından çox asılıdır: “Bunun üçün silahlı qüvvələrin sıralarına gənc zabit kimi daxil olmaqla, ordumuza yeni nəfəs, yeni ruh və döyüş əzmi verirsiniz. Bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var”.
Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.
Onlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.