14 İyun - "Ümumdünya Qan Donorları Günü"dür

581
14 İyun - "Ümumdünya Qan Donorları Günü"dür

Mynews.az bildirir ki, hər il dünya 14 iyun tarixini "Ümumdünya Qan Donoru Günü" kimi qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair Qətnaməsi qəbul edilib. Qətnamədə hər ilin 14 iyun tarixinin (qan qruplarını kəşf edən avstriyalı alim Karl Lanşteynerin 14 iyun 1868-ci ildə doğum gününə təsadüf edir) Ümumdünya Qan Donoru Günü kimi qeyd olunması qərara alınıb. Ümumdünya Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin öz qanını təmənnasız olaraq könüllü bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə qeyd olunur.

Bildiyimiz kimi, qan köçürülməsi - təxirəsalınmaz tibbi yardımın ayrılmaz hissəsidir. Fövqəladə hallar zamanı qan köçürülməsinə tələbat artsa da, onun həyata keçirilməsi mürəkkəbləşir. Donor qanının kifayət qədər ehtiyatını formalaşdırmaq üçün bütün əhalinin cəlb edilməsi ilə həmin məsələ öz həllini tapa bilər. Ona görə də bu ilki kampaniyanın əsas mövzusu fövqəladə hallar zamanı qan donorluğu olub.

Elə bu məqsədlə bu gün Mərkəzi Qan Bankında tədbir keçirilib. Tədbiri giriş sözü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva açıb. Təmənnasız donorluq haqqında söz açan Z.Əlimirzəyeva qeyd edib ki, istənilən böhran və fövqəladə hallar zamanı hər kəsin özünə verdiyi ilk sual belə olur: "Mən nə edə bilərəm? Necə kömək edə bilərəm?". Buna görə də bu il şüar kimi belə sual seçilib: "Siz nə ilə kömək edə bilərsiz?" Əlavə şüar isə belədir: "Qan verin. Qanı indi verin. Qanı tez-tez verin." Kampaniya fövqəladə hallar zamanı ayrı-ayrılıqda hər kəsin qan verməklə başqalarına yardım göstərməkdə oynadığı rolu bir daha önə çəkir və dəyərləndirir. Kampaniya eləcə də hər hansı fövqəladə hallar baş verdiyi zaman lazım olan donor qanı ehtiyatını formalaşdırmaq üçün müntəzəm qan verilməsinin nə qədər vacib olduğuna diqqəti cəlb etmək məqsədini daşıyır.

Z.Əlimirzəyeva təmənnasız donorluq edən insanlara minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva 2016-cı ildə qan xidmətinin fəaliyyəti haqda söz açıb. O qeyd edib ki, son illər kütləvi informasiya vasitələrində - televiziyada, radioda, o cümlədən sosial şəbəkələrdə həyata keçirilən maarifləndirmə və təbliğat işləri nətiəsində insanların donorluğa olan meylləri artmaqdadır. Bunun nəticəsi olaraq daha çox insan donorluq edir. Qan tədarükü artdıqca, tələbat daha yaxşı qarşılanır.

Onun sözlərinə görə, 2010-cu ildən 2016-cı ilə qədər ölkəmizdə könüllü donorların sayı 84.5 % artıb, belə ki, əgər 2010-cu ildə Respublika üzrə 46 530 nəfər donorluq edərək qan vermişdirsə, 2016-cı ildə bu rəqəm 85 803 nəfər olmuşdur.

Pərvanə Hacıyeva da öz növbəsində təmənnasız donorluq edən vətəndaşlara minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətonin nümayəndəsi, "Layf" İctimai Birliyinin sədri, o cümlədən könüllü donorlar da çıxış ediblər. Onlar yüksək səviyyədə xidmətin təşkil olunmasına və donorlarla sıx əməkdaşlığa görə Mərkəzi Qan Bankına minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti