"Lukoil" rəsmisi qalmaqallı video barədə “Bizdə çəkilməyib” - VİDEO

1012
"Lukoil" rəsmisi qalmaqallı video barədə “Bizdə çəkilməyib” - VİDEO

Hörmətli Fuad müəllim öz şirkətinin loqotipi ilə hələ də tanış deyil?

İyunun 14-də sosial şəbəkələrdə yayılan bir video ictimaiyyətin dərin maraq və müzakirəsinə səbəb oldu.
Videoya verilmiş şərhə görə, LUKOİL yanacaqdoldurma məntəqələrindən birində operatorun fırıldaq əməlini aşkarlayan müştəri onu məcbur edir ki, çəni tam doldursun. Videodakı söhbətdən də görünür ki, operator tam 65 manat ziyana düşür. Sözügedən videonu və müştərinin “cəzalandırma” metodunu şərh etməyəcəyik, lakin operatorun “başına dönüm, ehtiyacım var, mən də bura pul verirəm” deməsi diqqətimizi çəkdi.
Videoya yazılan rəylərdə isə istifadəçilər bildirirlər ki, LUKOİL-in bir çox yanacaqdoldurma məntəqəsində növbə rəisləri işçilərdən pul tələb edirlər. Bu cür məlumatlar vaxtaşırı cəmiyyətdə yayılıb və bir sıra yanacaqdoldurma məntəqələrində operatorlardan plan alındığı barədə iddiaları çoxdan eşitmək olar.
OTV olaraq, məsələyə aydınlıq gətirmək üçün, “LUKOİL Azərbaycan”ın baş ofisinə zəng etdik. Ordan bizə Fuad adlı şəxsin nömrəsini verdilər və mətbuatla bu şəxsin çalışdığını dedilər.
Fuad müəllim (soyadını bildirmədi – red.) OTV-yə açıqlamasında həmin videoya baxdığını qeyd etdi.
Biz ondan həm videoda baş verənlər, həm də istifadəçilərin iddiaları barədə şərh verməsini xahiş etdik.
“O video bizim məntəqədə çəkilməyib. Bizdə qaynar xətt var və istənilən mənfi hal olduqda şikayətlər araşdırılır, lazımi tədbir görülür”, - deyə Fuad müəllim bildirdi.
“Həmin videoda işçi sizin şirkətin köynəyini geyinib axı”, - deyə xatırlatdıq.
“Siz hansı videodan danışırsınız?” – deyə LUKOİL rəsmisi sual verdi.
“Bir saat əvvəl “Ola bilməz” səhifəsində paylaşılan videodan” – deyə qeyd etdik.
“Hə... Qoy bir baxım, on dəqiqədən sonra zəng edin, danışaq”.
Biz razılaşdıq, lakin on dəqiqədən sonra da, on beş dəqiqədən sonra da Fuad müəllimlə danışmaq bizə qismət olmadı. Təssüf ki, nə Fuad müəllim zəngimizə cavab verdi, nə LUKOİL-in başqa bir rəsmisindən bu məsələyə dair dəqiq bir şərh ala bilmədik. Sözügedən videonu sizə təqdim edirik:

Xəbər lenti