Şok açıqlama Yaşlı qadından gözləməzdim

541
Şok açıqlama Yaşlı qadından gözləməzdim

Deyəsən yaşlı qadının ürəyinə dəydim. Qonşuda Sənubər (ad şərtidir) adlı yaşlı bir qadın yaşayır. Həyətində günəbaxan tumu, siqaret, un, qənd və sair satır. Bu hadisənin tarixi 6 ay əvvəldən başladı. Bir dəfə evə gələndə yadıma düşdü ki, siqaret almamışam. Hava yağışlı olduğundan geriyə qayıtdım. Yadıma düşdü ki, Sənubər xaladan alaram. Əlimi cibimə atdım, cəmi 20 qəpik qalmışdı. Düşündüm ki, səhər tezdən qapılarının ağzından keçəndə pulunu verərəm. Qapını döyüb siqaret aldım. Gülümsəyib dedi ki, "heç olmasa 20-30 qəpik ver ki, nisyə bədlik gətirməsin". Belə də etdim. İşə tələsdim.

Ertəsi gün sübh tezdən qapısını döyüb pulu verdim. Çox minnətdarlıq etdi. Qəmli gözləriylə pıçıldadı ki, "siqareti həmişə məndən al". Gülümsədim. Və hər gün siqareti ondan almağa qərar verdim. Çünki zaman-zaman bir qızı onu tez-tez döyürdü. Bir dəfə qapılarının ağzından keçəndə qadın necə qiyyə çəkdisə, həyətlərinə girib qızına acıqlandım. Mənzərə dəhşətli idi. Ana qızının dizindən tutub yalvarırdı ki, başına-gözünə döyməsin. Qızı mənə ağzından çıxanı deyib yola saldı. Amma daha onu döymədi. Eləcə həyətdəki dama saldı ki, orada yatıb-dursun. Yaşlı qadının həyatına ürəyim sızladığından qadının hər ərzağın üstündəki qiymət artımına əhəmiyyət vermədim. Məmnuniyyətlə ərzaqları alırdım ki, xeyri çox olsun. Tapşırmışdım ki, "əgər qızın üstünə gəlib pul istəsə, vermə. De ki, xeyrim yoxdur. Pul yığ, gözünü əməliyyat etdir". Onun bir gözü həmişə işıldayırdı. Mirvari suyu gəlmişdi. Əməliyyat olunmasaydı, digər gözünə keçəcəkdi. Öyrəndim ki, dediklərimə qulaq asıb.

Düz 2 ay vəziyyət yaxşı getdi. Günlərin birində siqareti 20 qəpik artımla aldım. Səbəbini soruşmadım. Çünki siqaretin topdansatış qiyməti gah enib, gah qalxdığından, mağazalar da üstünə qoyurdu. Qadının qiymət artımına fikir vermədim. Bir həftə keçəndən sonra qiyməti 40 qəpik qaldırdı. Növbəti dəfə 60 qəpik. Tanışlardan birinə zəng edib topdansatış qiyməti soruşdum. Məlum oldu ki, onlarda hər şey qaydasındadır. Təskinliyi onda tapdım ki, topdansatış qiyməti artırıb, mağaza da ondan alıb qaldırıb, qadın da mağazadan alıb üstünə qoyursa, nə günah ola bilər ki?! Təskinliyim kiçik sevinc yaratdı. Qiymət 80 qəpiyə qalxanda da incimədim, düşündüm savab işdir. Bir həyanı yoxdur, qoy ürəyi sevinsin. Artıq səhərlər işə getmək saatımda qapıya çıxıb məni gözləyirdi ki, siqaret alım. Məmnuniyyətlə alıb sevindirirdim. Həm də deyirdi ki, əlim yüngüldür, gün ərzində xeyli ərzaq məhsulları satır.

Bir dəfə isə əziyyət çəkməməyim üçün bir blok siqaret verdi. Onda işdən gəlirdim. Dedim "üstümdə o qədər yoxdur", dedi "verərsən də". Ertəsi gün blokun pulunu verdim. 10 gündən sonra gülümsədi ki, "blokun pulunu verməmisən, imkan varsa verərdin". Çaşıb qaldım. Axı, vermişdim. Yenə də axtarıb təskinlik tapdım: "Yəqin, mirvari suyu qadının yaddaşına mənfi təsir göstərib". Bu yerdə "mirvari suyunun yaddaşa nə aidiyyatı var?" sualını özümdən uzaqlaşdırdım ki, belə sualı qəlbimə şeytan salır. Rədd olsun şeytan. Dedim "insandır da, indi o qədər problem var ki,.. Blokun pulu ağ saçlarına qurban". Çıxarıb verdim. Hələ ürəyimdə dedim ki, "kef elə".

Bir həftə keçəndən sonra qadın bu dəfə 2 blok siqaret verdi ki, "işdən gələndə birdən yadından çıxıb siqaret almazsan, qoy evdə olsun da". Yaxşı fikirdir. Hər gün siqaretin qiyməti qalxır-enir. Ehtiyatımın olması lazımdır. Sübh tezdən pulunu çatdırdım. Bir həftə keçdi. Bu dəfə qapımız döyüldü: "Oğlum, imkan varsa, o 3 blokun pulunu verərdin də. Bu gün həkimə gedəcəm, pul lazmdır". "3 blok hardan çıxdı?" – deyə şkafa yaxınlaşıb pencəyimin cibindən 3 blokun pulunu ona uzatdım. Amma doğrusu bu dəfə özümdən şübhələndim. Qadını yola salıb stula çökdüm. Son vaxtlar yazı-pozu ilə çox məşğul olduğumdan, hərdən elementar məsələdə də yaddaşım itirdi. Özümü qınadım ki, dincəlmək lazımdır.

Üç gün keçdi. Evə qonaqlar gəldi. Tez qadının qapısını döyüb düyü, yumurta və yağ aldım ki, evdəkilər çığırtma bişirsin. Pulu ödədim, qiymət artımına da fikir vermədim, çünki rayon qonaqları qapını qəfildən kəsdirmişdilər. Ertəsi gün işə gedəndə qapıya çıxıb məni gözləyirdi. Siqaretim vardı, dedim "qoy xalaya görə birini də alım". Aldım. Nəsə sözlü adama oxşayırdı. Düşündüm "yəqin qızı nəsə edib". Qayıtdı ki, "qız məsələsi deyil". İşə tələsdiyimdən əlavə sual verə bilmədim. Yeri gəlmişkən deyim ki, günlər keçdikcə qadının gözləri gülürdü. Axsaq ayağı ilə qonşuya keçib dərdləşirdi, axşam gələndə də görürdüm ki, qonşu qadınlarla qapılarının ağzında oturub deyib-gülür, tum çırtlayır. Onun belə halı mənə zövq verirdi. Qızı da onu atıb getmişdi. Daha döyəni yox idi.

Qonaqlara ərzaq aldığım gündən 24 saat keçdi. Sözlü adama oxşamağını anlatdı. Mənə dedi ki, ərzaqların və 4 blok siqaretin pulunu verməmişəm. Siqaret məsələsində beynim "error" verdi. Gah 2, gah 3, gah 4 blok siqaret. Başım fırlandı. Bu məsələni çözə bilmədim. Amma ərzaq məsələsində yaddaşım itə bilməzdi. Dəqiq yadımda idi ki, pulunu vermişdim. Elə çıxarıb dediklərinin pulunu vermək istəyirdim ki, həyətdən boğaz pişik çıxdı. Xatırladımmmm. Dedim ki, "ərzağın pulunu dəqiq vermişəm". Dedi "verməmisən". O dedi, mən dedim. Sonda qayıtdım ki, "yadınıza gəlirsə, mən sizdən ərzağı alanda, siz pişiyə baxıb dediniz ki, "balası olsa harda saxlayacağam". Qadın elə hirsli halda qışqırdı ki, "mən elə söz deməmişəm". İlk dəfə idi ki, belə hökmlü qışqırığını eşidirdim. Gərginliyin yaranmaması üçün yavaşca dilləndim: "Hətta yanınızdakı qonşu qadın da qayıtdı ki, "neynirsən bu pişiyi, azdır getsin". İstəyirsiz qonşunu çağırıb soruşaq". Qadın "lazım deyil" pıçıldayıb qızardı. Üzümə çırpdığı dəmir darvazanın səsi hələ də qulağımdadır.

Xəbər lenti