Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis”, Texnika elmləri namizədi, "Şöhrət” ordenli Tağı Əhmədov…
Göründüyü kimi, onu təqdim edərkən müxtəlif titullardan istifadə etmək mümkündür. Həyatının 44 ilini Bakı metropolitenində çalışmış, 16 ilə qədərini bu qurumun rəisi işləmiş Tağı Əhmədovu artıq fərqli formada da təqdim etmək mümkün olacaq.
Mynews.az xəbər verir ki, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov həm müəllim, həm də kafedra müdiridir.
Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində "Nəqliyyat tikintisi və Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.
Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.
Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır.
"Fəxri Dəmiryolçu”, "Bakı meropoliteni veteranı” döş nişanları, "Şöhrət” ordeni və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı Metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb.
2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.