Aktyor Cavidan Novruzun “Vicdan haqqı” serialının final bölümündə Vüsal obrazını canlandıran həmkarı İbrahim Cingizi butulka ilə vurması sosial şəbəkədə geniş müzakirə mövzusu olub. Cavidan hətta təhqirlərə belə məruz qalıb. Çəkilişdən sonra iki gənc aktyor arasında həqiqətən də dava düşdüyü deyilir.
Qeyd edək ki, Cavidan Novruz xalq artisti Ramiz Novruzun, İbrahim isə əməkdar artist Çingiz Əhmədovun oğludur.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən İbrahim Çingiz baş verənlərə belə aydınlıq gətirib:
“Bəzi insanlar həyatla serialı qarışdırır. Mən elə insanlara normal adam kimi baxmıram. Cavidan serialda məni butulka ilə vurub. Bu, bəzi adamlarda qıcıq yaradıb, onlar da hissə qapılaraq sosial şəbəkədə ağızlarına gələni yazıblar. Hətta Cavidanı təhqir edənlər də olub. Aktyoru təhqir etmək olmaz, əgər kiminsə obrazla bağlı fikri varsa, bu barədə yaza bilər, həyatla serialı niyə qarışdırsınlar ki… Biz Cavidanla, atalarımız da bir-biri ilə dostdur. Həmin çəkilişdən sonra da aramızda heç bir narazılıq olmayıb. Hətta biz bəzi insanlara cavab olaraq, birgə çəkdirdiyimiz fotonu sosial şəbəkədə paylaşdıq ki, həmin insanlara cavab olsun”.
Cavidan Novruzun məsələyə münasibəti isə belə olub:
“İbrahim hərtərəfli sınaqdan çıxmış oğlandır, mən ona inanıram. Heç vaxt aramızda dava, söz-söhbət ola bilməz. Bu, sadəcə serialdır, bunu obraz kimi qəbul etmək lazımdır. Əslində, bizim inandırıcı oyunumuzun nəticəsidir ki, belə söz-söhbətlərə rəvac verib. Vaxtilə İsmayıl Osmanlı, Məlik Dadaşovun tamaşaçılar tərəfindən təhqirlərə məruz qalmasını eşidəndə təəccüblənirdim. Hətta onlara deyilməyən təhqirlər mənə deyildi; ailəmi belə söydülər”.