Son günlər “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialar ətrafında mətbuatda müzakirələr yer alır. Müəllif və Tarix İnstitutu əməkdaşları arasında davam edən ittihamlarla yanaşı, bu günlərdə Təhsil Nazirliyi də məsələyə münasibət bildirdi. Lakin hələ ki, müzakirələr bitməyib. Tərəflər özlərinin haqlı olduğunu sübut etməyə çalışırlar.
Publika.az isə bu dəfə hər iki müəllif qrupunun hazırladığı dərsliyə rəy verənTəhsil Nazirliyinin eksperti Talıb Quliyevin mövqeyini təqdim edir.
T.Quliyev deyir ki, tenderdə qalib gələn dərsliyə ən yüksək balı verdiyini deyib:
“Tenderdə qalib gəlmiş X sinif Azərbaycan tarixi dərslik layihəsinin plagiat olması ilə bağlı Leyla Hüseynova başda olmaqla, AMEA-nın Tarix İnstutunun əməkdaşları iddialar səsləndirirlər. Bu dərsliyin də keçməsində yardımçı olan ekspertlərin də işini yarıtmaz olduğunu və heç bir əsası olmadan iddia edirlər.
Tenderdə qalib gələn dərsliyə də ən yüksək qiyməti də mən vermişəm və dərslik də şagirdlər üçün asan və sadə dildə yazılıb. Bəzi hissələrin də plagiat olduğu iddiasını qəbul etmirəm və misal çəkmək istəyirəm: - Manna dövləti e.ə 590-cı ildə süqut edib. Bu bütün elmi kitablarda və dərsliklərdə eyni məlumatdı, bunun nəyi plagiat ola bilər?
Bildiyiniz kimi, bu günə qədər tenderdən keçən dərsliklər ətrafında mübahisələr yaranmayıb. Bu dərsliklər içərisində sizin də həm müəllif olduğunuz dərsliklər də var. Eyni ilə həmin dərsliklərdə də kifayət qədər qüsurlar mövcuddur. Düzdür, həmin dərsliklərə ekspertlər müsbət rəy versələr də, bəzi qüsurların aradan qaldırılması üçün təkliflər də olunub. Ancaq təəssüflər ki, onların əksəriyyəti nəşr qabağı nəzərə alınmayıb, ya da nəzərdən qaçıb.
Nəzərinizə çatdırım ki, tender elan edildikdən sonra hər bir namizəd dərslik ekspertlərin yoxlamasına təqdim olunur. Bu zaman müəlliflərin və nəşriyyatın adları nazirlik tərəfindən tam məxfi saxlanılır. Müəllifdən və nəşriyyatdan xəbərsiz olan ekspertlər təqdim olunmuş dərsliklər üzərində yoxlamalar aparır, mövcud qaydalar əsasında hər bir dərsliyi və metodiki vəsaiti qiymətləndirir. Daha yüksək bal almış dərslik tenderin qalibi hesab olunur. 10-cu sinif Azərbaycan tarixi ilə bağlı iki dərslik və metodik vəsait eynilə yuxarıda qeyd etdiyim formada qiymətləndirilib. Sadəcə ikisi içərisində daha uyğun olan digərinə nisbətən tenderin qalibi elan olunub. Önümüzdəki tədris ilində istifadəyə veriləcək olan dərslik ictimai müzakirəyə verilir. Mövcud qüsurların aradan qaldırılması müəlliflərə və nəşriyyata nazirlik vasitəsi ilə tələb edilir. Bütün qüsurlar aradan qaldırıldıqdan sonra nəşriyyata təqdim olunacaq”.
T.Quliyev həmçinin tenderdə məğlub olmuş, həmçinin L.Hüseynovanın müəllifi olduğu dərsliklərdə səhv və plagiat məqamlardan da danışıb:
“Hörmətli Leyla xanım, fikrimcə, siz iddialarınızda tələskənliyə yol vermişiniz. Mətbuatda bildirdiyiniz münasibətlər əvəzinə ictimai müzakirələrə qoşulub qalib gələn dərsliyin daha da mükəmməl olmasına öz töhfələrinizi verməklə təhsilimizə qayğı göstərmiş olardınız. Birinci, siz özünüzün də həm müəllifi olduğunuz və hazırda şagirdlərin istifadəsində dərsliklərdə də istənilən qədər problemlər, qüsurlar, bəzi plagiat məqamlar var. Siz bu səhvləri düzəldin, sonra başqasında səhvlər axtarın. Hesab edirəm ki hazırda dərsliklərinizdə olan qalan qüsurlar ekspertlərin yox, sizin günahınızdır. Onlar dəfələrlə bu iradları sizə bildirsələr də düzəltməmisiz.
İndi isə başlayaq sizin həmmüəllifi olduğunuz dərsliklərin problemlərinə:
VII sinif Azərbaycan tarixi , 2016 – cı il buraxılışı.
Qeyd edim ki, bu dərslik ilk dəfə 2014-cü ildə çapa buraxılıb. Bu dərslik tamamilə yarıtmaz vəziyyətdə idi. 2016-cı ildə guya bu dərslik “təkmilləşdirilib”.
Səhifə 16-da verilən xəritə tenderdə qalib gələn X sinif Azərbaycan tarixi dərsliyin 49-cu səhifəsində verilən xəritə ilə eynilik təşkil edir. Siz iradlarınızda qeyd edirsiz ki, X sinif Azərbaycan tarixi dərsliyində verilən bu xəritədə Uti vilayətinin yeri yanlış göstərilib. Ortaya belə bir sual çıxır – sizin dərslikdə bu vilayət veriləndə doğru olur, digər dərslikdə isə yanlış? Buradan aydın olur ki, sizin iradlar qərəzli və əssasızdır.
Səhifə 18-də Məzdəkilər hərəkatını IV əsrin sonları – VI əsrin əvvəllərində yayıldığını yazırsız. Eyni məlumatı həmmüəllifi olduğunuz VII sinif Ümumi tarix dərsliyinin (2016-cı il buraxılışı) 31-ci səhifəsində hərəkatın 481-ci ildə (V əsrin sonları) başlandığını yazırsız(Bu məlumat doğrudur). Eyni hadisənin fərqli verilməsi nə dərəcədə doğrudur?
Səhifə 28-də Sacilər dövlətinin yaranmasını 898-ci il verirsiz(Bu elmi cəhətdən doğrudur). Yenə həmmüəllifi olduğunuz VII sinif Ümumi tarix dərsliyinin (2016-cı il buraxılışı) 40-cı səhifəsində eyni məlumatı fərqli vermisiz, belə ki bu dərslikdə 879-cu il yazmısız.
Səhifə 29-da Sacilər dövlətinə aid xəritədə Gəncə şəhərini paytaxt şərti işarəsi ilə göstərmisiz. Bu yanlışdır. Tarixə nəzər salsaq, Məzyədilər sülaləsi 859-cu ildə öz iqamətgahını bura köçürüb. 971-ci ildə də Şəddadilər Gəncəni paytaxt seçiblər. Sacilər dövlətinin də 898-941-ci illərdə mövcud olduğunu nəzərə alsaq, yanlış göstərilib.
Səhifə 30-da Salarilər dövlətinə aid xəritədə Təbriz şəhərini paytaxt şərti işarəsi ilə göstərmisiz. Salarilər dövlətinin 941-981-ci illərdə mövcud olduğunu yada salsaq və bu dövlətin paytaxtının yalnız Ərdəbil olduğunu nəzərə alsaq, bu şərti işarə yalnış göstərilib. Təbriz də ilk dəfə Rəvvadilər dövlətinin paytaxtı olub.
Səhifə 31-də Salarilərin dövründə Xəzər dənizində yenidən ticarət gəmilərinin üzdüyünü yazırsız. Əgər yenidən üzmüşdüsə, əvvəl hansı dövlətin dövründə üzmüşdür? Bu barədə dərslikdə heç bir məlumat yoxdur və şagirdlərin fikirlərini tamamilə qarışdırır.
Səhifə 63-də VIII əsrdə Şamaxıda tikilmiş Cümə məscidinə aid şəkil verilib. Ancaq mövzunun içərisində heç bir məlumat yoxdur. Bunun haqqında məlumat verilmədiyindən şəklin heç bir əhəmiyyəti yoxdur.
Səhifə 104-də verilmiş xəritədə 1409-cu ildə Qaraqoyunlu dövlətinin Şəkiyə yürüşü haqqında məlumat verilsə də, dərslikdə haqqında heç bir məlumat yoxdur.
Səhifə 108-də verilən xəritədə 1485-1489-cu illərdə Sultan Yaqubun Gürcüstana hərbi yürüşləri haqqında məlumat versəz də, dərslikdə haqqında heç bir məlumat verməmisiz.
VII sinif Ümumi tarix , 2016 – cı il buraxılışı.
Səhifə 10-da Aetsinin adını Eti kimi vermisiz. Xüsusi isim hansı millətə aid olmasından asılı olmayaraq tərcümə olunmamalıdır.
Səhifə 13-də Göytürk xaqanlığına aid verilmiş xəritənin altında verilən məlumat dərsliyin içərisində olan məlumatla üst-üstə düşmür. Belə ki, xəritənin altında yazdığınız məlumatda birinci xaqanlığın 552-744-cü illərdə mövcud olduğunu yazmısız, yalnış formada yazılıb. Dərsliyin içərisində isə I Göytürk xaqanlığının VI əsrin sonlarında (588) parçalandığını, 682-ci ildə isə İkinci Göytürk xaqanlığının yarandığını verirsiz. Bunlardan bir daha aydın olur ki, mövzuda verilən məlumatla xəritədə verilən məlumat üst-üstə düşmür.
Səhifə 21-də Bulqar türk dövlətinə aid verilmiş xəritənin aşağı hissəsində dövlətin 1018-ci ildə süqut etdiyi verilib. Ancaq mövzuda içərisində heç bir məlumat yoxdur.
3-cü mövzunun sonuna aid olacaq cümlələri 4-cü mövzunun əvvəlində vermisiz. Bu da yanlış addımdır.
VIII sinif Azərbaycan tarixi , 2015 – cı il buraxılışı.
Səhifə 22-də verilmiş xəritədə olan məlumatla səhifə 24-də verilmiş məlumat üst-üstə düşmür. Belə ki, xəritə Hörmüzün azad edilməsini 1620-ci il, səhifədə 24 – də isə 1622-ci il vermisiz. Bu nə deyək?
Səhifə 85-də xanlıqların xəritəsində Zəncan xanlığını vermisiz(Özü də ərazisi olduqca böyük göstərilib). Ancaq mövzuda haqqında heç bir məlumat yoxdur və şagirdlərdə də maraq oyadır.
IX sinif Azərbaycan tarixi , 2016 – cı il buraxılışı.
Səhifə 59-da “1907-ci ildə Rusiyada 7 ən iri mis zavodu sahibləri “Mis” sindikatını yaratdılar. Gədəbəy misəritmə zavodu da bu inhisarın tərkibinə daxil idi. Bu, əlvan metallurgiyada inhisarlaşma prosesinin başlandığını göstərirdi”. – Sonuncu cümlə yanlışdır:
Bunu da aşağıdakı məlumatla sübut edirik:
Səhifə 71 –də Yeni tipli məktəblərin açılması və icbari ibtidai təhsilə keçilməsi məsələsini Rusiya müsəlmanlarının II qurultayına aid vermisiz. Elmi kitablara diqqətlə baxsaz, bunun II yox, III qurultaya aid olduğunu görərsiz.
Səhifə 95-də sual və tapşırıqlar hissəsinin 6-cı sualında “Gəncə dövründə Milli hökümətin iqtisadi və mədəni tədbirlərini müzakirə edin” – mövzuda bunun haqqında məlumat verilmədiyi halda, şagird nə müzakirə etsin???
Səhifə 146-da Şıxəli Qurbanovun Azərbaycan KP MK-nın katibi olduğu göstərilib. Bu yanlış bir məlumatdır. “Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov(1959-1969) onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.”- Bu məlumat bir daha sübut edir ki, Şıxəli Qurbanov Azərbaycan KP MK-nın katibi olmayıb.
Bütün bu yazdıqlarım Leyla Hüseynovanın hazırda şagirdlərin istifadəsində olan, həmmüəllifi olduğu dərsliklərdəki qüsurlardır. Leyla xanım əvvəla bu səhvlikləri düzəltsin, sonra başqa dərsliklərdə səhvliklər axtarsın. Bu yazdıqlarım bir daha sübut edir ki, kimin işi yarıtmazdır”.
Ekspert X sinif Azərbaycan tarixi dərslik layihəsində keçməyən dərsliyin qüsurlarından bəzi məqamları təqdim edib:
“Bunlardan bir daha sizlərə aydın olacaq ki, Leyla Hüseynovanın fikirləri qərəzlidir və şantajdır.
Səhifə 20. Qalayın cənub – şərqi Asiyadan və Britaniyadan gətirildiyi göstərilir. - Bu dövrdə Azərbaycanda yaşayan qədim tayfaların əlaqələri o qədər inkişaf etmişdi ki, Britaniya və Cənub-Şərqi Asiya ilə əlaqələri var idi???
Səhifə 38. Mənbələr belə deyir hissəsində Atropatın varislərinin erməni hökmdar ailələri ilə nikkah bağlayırlar verilib. – Bu qüsuru xüsusilə dayanmaq istəyirəm. Hörmətli müəllif siz bunu şagirdlərə öyrətməklə nəyə nail olmaq istəyirsiz? Bu bizim tarixi köklərimizə kölgə salmaqdan başqa bir şey deyil.Torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımız bir zamanda belə şeylərin dərsliklərdə əks olunması şagirdlərimizin vətənpərvərlik hisslərini şübhə altında qoyur.
Səhifə 45.Pompeyin yürüşü yarımçıq dayandırdığı verilib. Bilmək maraqlıdır hissəsində isə Albaniyanın Romadan asılı hala düşdüyü verilir.Bu da üst-üstə düşmür. Verdiyiniz bu məlumatlar fikir qarışdırmaqdan başqa bir şey deyil.
Səhifə 47. Açar sözlər hissəsində və Səh.49-daŞahənşah II Xosrov verilib. Ancaq I Xosrov olmalıdır.
Səh.50.Urnayrın hakimiyyət illəri 343 – 371-ci illər verilib. Azərbaycan tarixi VII cildliyin II cildində (səh. 54) və Azərbaycan tarixi qaynaqlarda 313 – 371-ci kimi verilib.
Səhifə 56. Bilmək maraqlıdır hisəsində Ağoğlan mötərizədə Amaras yazılıb. Bu formada verilməsidoğru deyil. Amaras Xocavənd rayonunun Sos kəndində, Ağoğlan isə Laçın rayonunun Kosalar kəndi ərazisindədir. Amaras IV əsr, Ağoğlan isə VII - IX əsrlərə aiddir
Səhifə 76. Şəddadilər dövlətinin yaradıcı Məhəmməd ibn Şəddad göstərilir. Bu da elmi cəhətdən doğru deyil. ...“III Aşot üzərində qazanılan qələbə Məhəmmədin vəziyyətini xeyli yaxşılaşdırır, mövqeyini möhkəmləndirir. Lakin 954/55-ci ildə həbsxanadan qaçan Mərzban deyləmli süvariləri Dvin üzərinə yollayır. Məhəmmədin qoşununda xidmət edən deyləmli əsgərlər xəyanət yolunu tutaraq Mərzbanın tərəfinə keçirlər. Dvin yenidən Salarilərin əlinə keçir. Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; kömək üçün hətta Bizans imperatoruna da ağız açan və əli hər yerdən üzülən Məhəmməd, nəhayət, 955/56-cı ildə Vaspurakanda vəfat edir”.- əgər Məhəmməd ibn Şəddad 955/56 – cı iildə vəfat etmişdirsə, 971-ci ildə dövləti necə yarada bilər.
Mənbə: Azərbaycan tarixi VII cilddə II cild; səh. 286,287.
Səhifə 100. Naxçıvanda Əlincəqala, Lerikdə Oğlanqala XI – XII əsrlər, Mərdəkanda dairəvi qala XII əsrə aid verilib. Əvvəlki məlumatlarla üst-üstə düşmür. Həm də həmmüəllifi olduğunuz VII sinif Azərbaycan tarixində isə Mərdəkandakı dairəvi qalanın XIII-XIV əsrlərə aid vermisiz.
Mənbə:Azərbaycan tarixi VII cilddə II cild; səh. 376.
Naxçıvanda Əlincə qala haqqında Yaqub Mahmudovun və Kərim Şükürovun „Naxçıvanın tarixi və abidələri „ kitabının 12-ci səhifəsində verilən məlumat bir daha XI – XII əsrlərə aid olmadığını və ondan əvvələ aid olduğunu sübut edir. Sizin yuxarıda verdiyiniz məlumatlar akademik Yaqub Mahmudovun fikirlərini təkzib edir.
Səhifə 143. Osmanlıların bütün Azərbaycanı ələ keçirməsi 1587 – 1589-cu illər kimi verilmişdir.
Ancaq 1586 – 1589-cu illər verilməlidir.
Mənbə: Azərbaycan tarixi VII cilddə III cild; səh. 194.
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.
Səhifə 162. I Pyotrun Dərbəndi tutmasından sonra yürüşü dayandırdığı yazılıb. Ancaq özü geri qayıtsa da, yürüşü dayandırmayıb. Yürüşün davam etdirilməsi Matyuşkinə tapşırılıb.
Mənbə: Azərbaycan tarixi VII cilddə III cild; səh. 330, 331.
Səhifə 181, 1-ci abzas, 15-ci cümlədə Qutqaşen sultanlığı verilib. Qutqaşen Qəbələ sultanlığının ərazisinə uyğun gəlir. Bu məlumat həm də həmmüəllifi olduğunuz VIII sinif Azərbaycan tarixi dərsliyində olan məlumatla üst-üstə düşmür.
Səhifə 182. 1779-cu ildə Məhəmmədhəsən xanın yenidən hakimiyyətə gəlməsi kimi verilib. Bu cümlədə „yenidən“sözü çıxarılmalıdır. Çünki bundan əvvəlki Məhəmmədhəsən xan yox, Məhəmməd xan idi. Məhəmmədhəsən xanın hakimiyyətə gəlməsi ilk dəfə idi. Həm də əvvəlki Məhəmməd Qazıqumuxlu idi. Məhəmmədhəsən xan isə Hüseyn xanın oğlu idi.Məhəmmədhəsən xanında hakimiyyətə gəlməsi 1779-cu il yox, 1783-cü il olmalıdır. 1779-1783-cü illərdə hakimiyyətdə Hacı Əbdülqədir xan olub.
Mənbə: Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Səh.12,13
Səhifə 182. Salyanın ələ keçirilməsi 1756 – cı il verilmişdir. Bu həm də həmmüəllifi 8-ci sinif Azərbaycan tarixi dərsliyi ilə uzlaşmır.
Mənbə: Azərbaycan tarixi VII cilddə, III cild; səh. 385.
Tofiq Mustafazadə. Quba xanlığı. Səh. 14,15.
Səhifə 193. 54-cü mövzu: Azərbaycan – Rusiya müharibəsi (1801 - 1804) yazılması heç bir məntiqə uyğun deyil. Bu dövrdə vahid Azərbaycandan danışmaq tamamilə yanlış bir addımdır. Rusiya da Azərbaycan adlı bir dövlətlə müharibə aparmayıb. Bildiyimiz kimi, Azərbaycan ərazisi bu dövrdə xırda dövlətlərdən – xanlıqlardan ibarət idi. Torpaqlarımızın işğalını da Rusiya 1828-ci ildə Türkmənçay müqaviləsi ilə başa çatdırıb.
Səh.135. Din amili (sünni – şiə məsələsi) daha çox qabardılıb.
Səh.158. 5-ci abzas, 1-ci cümlədə sünni sözü çıxarılsa, daha yaxşı olar. Din amili qabardılıb.
Səh.172-də Nadir şahın 1743-cü il Nəcəf dini qurultayı daha çox qabardılıb. Bu qədər geniş verilməsi o qədər də vacib deyil.
-Azərbaycanın tolerant bir ölkə olduğunu nəzərə alsaq, dərslikdə sünni – şiə məsələsinin bu dərəcədə qabardılması ölkməzinin mənafeyinə ziddir və şagirdlər arasında münasibətlərin korlanmasına səbəb olar.
Göstərdiyim bu qüsurlar, hələ bəzi qüsurlardır. Bu nöqsanlar bir daha sizin iddialarınızın heç bir əsası olmadığını göstərir. Bu qüsurlarla sizin dərsliyiniz keçsə idi, tariximiz uçurama gedərdi. Ona görə də dərsliyiniz qiymətləndirilməyib və tenderdən keçməyib”.