Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Mynews.az Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Ə.Quliyev özünü təqsirli bilmədiyini deyib: “Peşman deyiləm. Onu namus üstündə qətlə yetirdim. Əvvəlcə şübhələndim, sonra sübut elədim. Buna görə də öldürdüm. Mən Firuzə ilə 25 ildir evli idim”.
Ə.Quliyevin qızı Aytac Əhmədova ifadə verərək atasının yalan danışdığını deyib.
Ə.Quliyevin oğlu Taleh Quliyev də atasının tez-tez qumar oynadığını bildirib: “Atam yalan danışır, anama böhtan atır. Anamı öldürdüyünə görə onu bağışlamacağam. Mənim elə atam yoxdur, ona ən ağır cəza verilsin”.
Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.
Qeyd edək ki, 2017-ci martın 24-də Yasamal rayonu ''Qanlıgöl'' yaxınlığında kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.
Ə.Quliyev istintaqa ifadəsində deyib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.