Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanmasına qoyulan qadağa və bunu edən din xadiminin cəzalandırılacağı haqda xəbərlər dindarların etirazına səbəb olub. Həyat tərzini İslam qaydalarına uyğun sürənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu qərarı ilə razılaşmaq istəmirlər.
Mynews.az-ın məlumatına görə, tanınmış ilahiyyatçı İsmayıl Əhməd Oxu.Az-a açıqlamasında, belə bir qərarın müzakirəyə çıxarılmadan qəbul edilməsilə barışmadığını bildirdi.
O, fikrini belə əsaslandırdı: “Dini Qurumlar rəsmi dövlət nikahı olmadan dini kəbin kəsilməsini qadağan edir və bu işi görən rəsmi və qeyri-rəsmi ruhanilərin cəzalandırılacağını bildirir. Mən bildiyimə görə, qanun insanlara xidmət edib həyatını asanlaşdırmalıdır. Amma bununla bir sıra çətinliklər meydana gəlir. Kimlərəsə bunun heç bir əhəmiyyəti olmaz, amma əksər insanlar, xüsusilə dini həyat sürən vətəndaş üçün halal-haramlıq mövzusu çox əhəmiyyət kəsb edir.
Azərbaycanda ənənəvi olaraq toy nişan mərasimindən sonra baş tutur və bu fasilə bir aydan bir neçə ilə qədər ola bilər. Dövlət nikahı isə adəti üzrə toydan bir neçə gün əvvəl və ya toy günü şadlıq evində baş tutur. Bəs yaxşı, nişanlı qızla oğlan nişanlandıqdan toya qədər şəri nikah olmadan necə bir-birinə məhrəm ola bilərlər? Əl-ələ tutub gəzmək, müxtəlif mövzularda bir-birləri ilə söhbət edə bilərlər? Bu çətinlik şəri nikahdan başqa necə aradan qalxa bilər? Bunu da qeyd edim ki, ruhaninin kəsdiyi şəri kəbinin heç bir hüquqi sənədi yoxdur. Yəni tərəflər boşandıqda və ya tərəflərdən biri vəfat etdikdə şəri nikah əsasında heç bir pay bölgüsü aparılmır və s”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını alqışlayanlar da az deyil. Bəli, belə bir qərar müzakirə mövzusudur. Məsələyə başqa müstəvidən baxdıqda bu qərarın hətta gecikmiş olduğunu da demək olar. Bəlkə sonunda sivil qanunlarla yaşamağı öyrənək?
Son illər qeyri-rəsmi nikahların sayının sürətlə artması müşahidə olunur. Statistik rəqəmlər belə izdivacdan doğulan uşaqların da artdığını deyir. Nəticədə heç bir hüquqi əsası olmayan belə ailələr qarşılaşdığı problemləri hüquqi müstəvidə həll edə bilmədikdə efirlərə üz tuturlar.
Xoşqədəm Hidayətqızının “Bizə danış” və “Səni axtarıram”, Elgiz Əkbərin “Elin gözü”, Nuranə Gülərin “Çıxış yolu”, Zaur Baxşəliyevin “Bizimləsən” proqramları belə ailələrin yaşadıqları problemlər hesabına populyarlıq qazanırlar. Bəlkə, bu qərardan sonra efirlərdə uşağının atasını axtaran qadınların, küçəyə atılmış uşaqların, Türkiyəyə qaçan qeyri-rəsmi arvadını axtaranların sayı azaldı...