"Borçalı” İctimai Birliyində səssiz çevriliş “Eyvaz Borçalı möhürü oğurladı” - Qalmaqal

756
"Borçalı” İctimai Birliyində səssiz çevriliş “Eyvaz Borçalı möhürü oğurladı” - Qalmaqal

Dünən “Borçalı” İctimai Birliyi İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. 21 nəfərlik İdarə Heyətinin 18 üzvünün, o cümlədən təşkilatın təsisçiləri Şərif Kərimli və Eyvaz Borçalının iştirak etdiyi toplantıda birliyin sədri Kərəm Məmmədlinin istefa məktubuna baxılıb. Səhətini və iş rejiminin gərginliyini əsas gətirən Kərəm Məmmədlinin təkindindən sonra istefası qəbul olunub.

Mynews.az xəbər verir ki, Ovqat.com-a bu barədə məlumat verən təşkilatın mətbuat xidmətinin rəhbəri Arzuman Nəbiyevin bildirdiyinə görə, yeni sədr seçilməsi üçün sentyabr ayına qədər növbədənkənar konrans çağırılıb və konfransın 6 nəfərlik təşkilat komitəsinin tərkibi müəyyənləşdirilib. Əsl mərəkə də məhz bundan sonra qopub:

“Kərəm Məmmədli istefası qəbul olunduqdan sonra o, Birliyin möhürünü və digər sənədlərini masanın üzərinə qoydu. Bu zaman Eyvaz Borçalı sənədlərin olduğu çantanı götürüb, toplantı iştirakçılarından möhürün onda qalmasına etiraz edib-etməyəcəklərini soruşub. Hər kəs bir ağızdan Eyvaz Borçalıya qarşı çıxıb, nizamnaməyə əsasən, möhürün ancaq işçi qrupunda qala biləcəyini xatırladıblar. Eyvaz Borçalı isə etirazlara əhəmiyyət verməyərək, çantanı götürüb tələm-tələsik aradan çıxıb”.

Arzuman Nəbiyevin fikrincə, Kərəm Məmmədlinin istefa verməsi heç də onun səhhəti ilə bağlı deyilmiş: “O, sadəcə “Borçalı” İctimai Birliyini öz şəxsi mənfəətlərinə qurban vermək istəyən bir qrup oyunbazın iyrənc niyyətinə tab gətirə bilmədi. Bu mərkli insanlar Birliyin İdarə Heyətində çoxdan hazırladıqları çevrilişə nail oldular”.

   

Birlikdə yalnız sədrin istefa vermədiyini bildirən Arzuman Nəbiyevin deyib ki, mətbuat xidmətinin rəhbəri kimi özü, qurumun təşkilati məsələlər üzrə müavini Furiddin İsmayılov və İdarə Heyətinin üzvü Musa Nəbioğlu da eyni addımı atıb.

“Eyvaz Borçalı sənədləri götürüb aradan çıxandan sonra biz ona zəng etdik. Dedik ki, Eyvaz müəllim, sən 80 yaşlı ağsaqqalsan, möhürü nə üçün oğurladın? Bu yaşda adama möhür nəyə lazımdır?”-söyləyən həmsöhbətimizi Eyvaz Borçalının cavabı xeyli təəccübləndirib: “Bizə dedi ki, “gedin, nə istəyirsinizsə edin, əlinizdən gələni beş qaba tökün. Lap lazım gəlsə, Ədliyyə Nazirliyinə müraciət edib bu birliyi buraxacağam"”.

Arzuman bəy Eyvaz Borçalının bu cür “şıltaqlıq”larının dəfələrlə təkrarlandığını da gizlətməyib: “Bir dəfə eyni hadisə təkrarlananda üzvlərimizdən biri mətbuatda yazmışdı ki, Eyvaz Borçalı, sən bu möhürü nə edəcəksən, qəbrə aparacaqsan? Həqiqətən də Eyvaz Borçalının bu hərəkəti nə ağsaqqallığa yaraşandır, nə qarasaqqallığa”.

Xəbər lenti