Eks deputat: Atanız Heydər Əliyevə danışmaq üçün “vaxt verirdi” Bakılı-rayonlu davası

559
Eks deputat: Atanız Heydər Əliyevə danışmaq üçün “vaxt verirdi” Bakılı-rayonlu davası

Eks millət vəkili, yazıçı Xeyrəddin Qoca bəstəkar Aygün Səmədzadənin rayonlular barəsində sosial şəbəkədə paylaşdığı fikirlərinə kəskin şəkildə cavab verib.

Oxu.Az-ın məlumatına görə, yazıçını daha çox qıcıqlandıran bəstəkarın “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” sözü olub.

X.Qoca bəstəkara cavab verərkən, Aygün xanıma atası – millət vəkili Ziyad Səmədzadənin keçmişini də xatırladıb: “Hörmətli Aygün Səmədzadə! “Yerlipərəst və qohumbaz deyiləm…” yazaraq, statunuzda sığortalanmağa çalışmısınız, lakin tam əksinə alınmışdır. “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” demişsiniz… Vaxtilə bəzi “bakılılar” Ümummilli lider Heydər Əliyevə də deyirdilər: “Bakıya gəlmə!” Və hər vəchlə onun Bakıya gəlməsinə mane olmaq istəyirdilər! Atanız Ziyad Səmədzadə vaxtilə uzun illər Heydər Əliyevlə birlikdə işləyib. Sonralar millət vəkili olan atanız Milli Məclisdə Heydər Əliyevə danışmaq üçün “reqlament” qoyurdu, “vaxt verirdi”. H.Əliyev də ona əsəbləşərək deyirdi: “Ziyad Səmədzadə, sən konyukturaya xidmət edən adamsan!” Qəribədir, indi də televiziyalarda Milli Məclisdəki həmin “səhnələr” dönə-dönə göstərilsə də, atanız yenə deputat “işləyir”. Nə isə… O zaman Heydər Əliyev mətbuata verdiyi müsahibələrində deyirdi ki, Bakı təkcə bakılılar üçün deyil, bütün Azərbaycan vətəndaşlarının paytaxtıdır.

Bəli, kimsə Bakını bəyənməyə bilər və məcburiyyət qarşısında ömrünü burada çürüdə bilər. Elə çoxumuz kimi… Amma bu, sizə haqq vermir insanlara harada yaşamaları üçün yol göstərəsiniz! Unutmayın ki, Azərbaycanı və Bakını çox illər rayondan Bakıya gələn insanlar idarə ediblər və edirlər! Bir də təhsil müəssisələrində rüşvəti rayon adamlarının yaratdıqlarını deməklə böyük səhvə yol verirsiniz!

Dediyiniz “Bakılılar günü” nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsusi bir fərqi yoxdur. “Korennoy bakılıyam!” sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır!”

Bəstəkar, İncəsənət xadimi Aygün Səmədzadənin qalmaqala səbəb olan fikirlərini təqdim edirik: “Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir. Ümumiyyətlə, heç bir vaxt “filankəs bakılıdır deyə, onu üstün tutaq” söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin, düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb. Bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil.

Bakı hər zaman burada doğulanlar üçün, onu sevənlər üçün gözəl olub. Çünki doğmadır və bu romantika məhz doğmalıqdan yaranır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar burada niyə yaşayır? Sevmirlərsə, hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orada da yaşasın. Oralarda da həkim, müəllim, jurnalist, vəkil və sairə peşələrə ehtiyac çoxdur və nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər. Beyinlərdən küçələrə tökülən pintiliyin yığışması yalnız bu torpağa, Böyük Vətənə hər birimizin Böyük Sevgisi səbəbindən baş verər.

Mən Azərbaycanı sevirəm, Azərbaycanın hər qarışı Vətəndir. Azərbaycanın hər qarış torpağı da, suyu da, çörəyi də, ağacı da doğmadır. Gəlin nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara -sıra paylaşdğgınız Bakı və bakılılardan narazı statuslarlarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, “deyərsən, mərd olar, deməzsən, dərd olar”. Hə, bir də, rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət-zad yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və s. gələnəcən… Və bu gün on yumurta, 5 kq ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir…”

Xəbər lenti