Nənəsi tərəfindən atılan üç uşağın anası Xəyalə Kərimovadan yeni məlumat var.
Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli lent.az-a açıqlamasında bildirib ki, onlara ananın Bakıda işləməsi ilə bağlı məlumat verilib:
“Aldığımız məlumatda bildirlir ki, qadın Abşeron rayonunda mağazada satıcı işləyir. Onun işlədiyi yerdən fotosunu da çəkib bizə atıblar. Ancaq dəqiq ünvan verilməyib. Bunun üçün də həmin yerə hüquq-mühafizə orqanları göndərə bilmərik. Məlumatı verən həmin şəxsdən ünvanı dəqiqləşdirməsini istəmişik. Verilən məlumat dəqiq olmazsa, o şəxsin özü barəsində araşdırma aparılacaq”.
Uşaqların artıq sığınacaq mühitinə adaptasiya olduğunu deyən V.Akifli bildirir ki, onlar üçün hələ psixoloji reabilitasiya mərhələsi başlanmayıb: “Çünki olaylar hələ yeni yaşanıb, belə uşaqlarda da hər zaman qorxu olur və biz istəyirik ki, baş verənlər barədə onların özləri danışmağa başlasın, mühitə tam adaptasiya olmalarını gözləyirik. Uşaqlar 2 qız və bir oğlandır. Qızlardan birinin 3, digərinin 7, oğlanın isə 6 yaşı var”.
V.Akifli bildirib ki, atanı tapmağa daha çox ümidləri vardı, amma ondan heç bir iz yoxdur: “Boşanmalar zamanı uşağın sonrakı taleyindən ata çox zaman xəbərsiz olur. Ata ona kəsilmiş alimenti ödəməklə işini bitmiş sayır, keçmiş həyat yoldaşına olan qərəzinə görə uşaqlarla çox maraqlanmır. 2015-ci il sentyabrın 29-dan ataya bu üç uşaq üçün ümumilikdə 90 manat aliment kəsilib, amma ata bu neçə ildə bir qəpik də aliment ödəməyib”.
Sədr müavini deyir ki, uşaqların anası onları internat məktəbə qoyması üçün nənələrinə etibarnamə də verib: “Qadın iyun ayının 3-də notarial qaydada təsdiqlənmiş etibarnamə ilə uşaqların nənəsinə qızları həftədə bir dəfə götürmək şərtilə internat məktəbə qoymağa icazə verib. Uşaqlar isə iyulun 1-də atılıb. Yəni bu proseslər son bir ay ərzində yaşanıb. Maraqlıdır ki, nənə özü də müraciət edə və qəyyumluq alaraq uşaqlara yaxşı baxa bilərdi, amma istəməyib. Nənədən də heç bir məlumat ala bilmirik”.
V.Akifli son olaraq qeyd edib ki, indi çalışdıqları yeganə şey həmin ata və ananı valideynlik hüququndan məhrum edilməsidir: “Uşaqların anası tapılıb gəlsə və onları geri istəsə qətiyyən ona verməyəcəyik. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqların qəyyumluğunu üzərinə götürüb, onları uşaq müəssisəsinə yerləşdirəcək. Biz istəyirik ki, ailə tipli uşaq mərkəzinə yerləşdirilsinlər. Ayrı düşməsinlər”.