İyulun 4-də erməni təxribatı nəticəsində Füzuli rayonu Alxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümü bütün medianın əsas gündəminə çevrildi. Media və sosial şəbəkədə bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün yüzlərlə xəbər, məlumat paylaşıldı.
Dünən eyni zmanda diqqətçəkən məqamlardan biri də daha geniş auditoriyanı əhatə edən yerli telekanallarımızdakı əyləncəli verilişlər oldu. Və haqlı olaraq telekanalların bu yayım siyasəti müzakirə mövzusuna çevrildi. Tələblər gün ərzində proqram axışının dəyişdirilməsi, bu zaman nənə və 2 yaşlı nəvənin ölümünün diqqət mərkəzində saxlanılması idi. Düzdür, telekanalda bir anda proqram setkasını dəyişmək asan deyil. Amma hər halda çal-çağırı minimuma endirmək müşkül olmaz.
Ölkəmizin müharibə şəraitində yaşamasını, atəşkəsin tez-tez pozulmasını nəzərə alaraq telekanalların bu məqamda necə davranmaqla bağlı yəqin ki, bir siyasəti olmalıdır. Bəs telekanallarımızın belə bir siyasət varmı? Yaxud cəmiyyəti sarsıdan belə olaylar zamanı televiziyalarımız hansı siyasəti yürütməlidir?
Publika.az bu suallara cavab tapmağa çalışıb:
Bəs telekanallar nə düşünür?
ARB TV-nin Strateji inkişaf və media direktoru İsmayıl Həsənov dünənki efirdə bu mövzuya kifayət qədər yer ayırdıqlarını dedi: “Biz bacardığımız qədər sözügedən məsləyə geniş yer verdik. Hesab edirəm ki, hər kəs bu mövzuya həssas yanaşmalıdır. Biz “ARB24” kanalında hər yarım saatdan bir xəbər veririk. Dünən də xəbərlərin əsas mövzusu Füzulidə baş verən hadisə idi. ARB televiziyasının özündə isə efir torunda müəyyən qədər dəyişiklik etdik, lakin tam dəyişmədik. Bununla yanaşı çalışdıq ki, aşırı şou verilişlər, əyləncə proqramları yayımlanmasın”.
“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə dünən şou verilişlər yayımlamadıqlarını dedi: “Efir setkası bir həftə əvvəldən hazırlanır və onu bir anda dəyişmək çətin olur. Ona görə biz günorta saat 16:00-dan sonra ancaq setkanı dəyişə bildik. Çünki dünən üçün əyləncə verilişlər yayımlanmalı idi, qısa zamanda onları əvəzləmək, reklamların yayım saatını dəqiqləşdirmək mümkün olmadı. Ancaq günortadan sonra dəyişə bildik. Hesab edirəm ki, belə məqamlarda telekanallar mümkün qədər efir siyasətində dəyişiklik etməlidir”.
ATV-nin mətbuat xidmətinin rəhbəri Turan İbrahimov ötən gün telekanalın proqram setkasında müəyyən dəyişikliklər etdiklərini dedi: “İki gündür ölkə gündəmində olan bu hadisəni sırf informasiya siyasətində əks etdirməyə çalışdıq. Təkcə ölkə ictimaiyyəti deyil, dünya auditoriyasının da doğru informasiya ilə təmin edilməsi üçün biz informasiya siyasətimizi qurduq. İstər televiziya, istərsə də radioda xəbər buraxılışları buna kökləndi. Lakin sırf proqram axışına tam dəyişiklik etmədik. Bildiyiniz kimi, hazırda gündəlik verilişlər məzuniyyətdədir, onlardan bəziləri təkrarı verilir. Lakin əvvəldən nəzərdə tutulan çox əyləncəli, çal-çağırlı verilişlər, günün əhval ruhiyyəsinə uyğunları ilə əvəzləndi”.
T.İbrahimov hesab edir ki, müharibə şəraitində yaşadığımızı nəzərə alaraq hər dəfə belə hadisələr baş verəndə telekanalların proqram siyasətində dəyişiklik edilməsini doğru deyil: “Əlbəttə, bu, mənim şəxsi fikrimdir. Müharibə şəraitindəyik və hər an cəbhədə bu cür hadisələr baş verə bilir. Hər an bizim şəhidlərimiz, itkilərimiz ola bilər, lakin sırf bədbin əhvala köklənmək doğru effekt vermir. Çünki düşmən də elə Azərbaycan ictimiayyətinin əhvalının korlanmasını istəyir. Qardaş Türkiyədən bu mənada nümunə götürə bilərik. İllərdir terror təşkilatları ilə mübarizədə şəhid versələr də, televiziya proqramlarını dəyişmirlər. Bizim ictimaiyyətimiz hələ buna hazır deyil. Ona görə də, ölkə ictimaiyyətinin əhval-ruhiyyəsinə ciddi təsir edən proses baş verirsə, telekanallar yayım setkalarını dəyişirlər. Lakin mənim şəxsi fikrimcə, bu siyasəti dəyişməliyik”.
Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə efir setkasını qısa zamanda dəyişməyin asan olmadığını deyir: “Düzdür, proqramlarda dəyişiklik etmək, əyləncə tipli verilişlər yayımlamamaq olardı. Lakin Milli Televiziya və Radio Şurası olaraq yalnız rəsmi matəm günlərində əyləncəli verilişlər yayımlayan telekanala irad bildirə bilərik. Həm də dünən telekanalların efirində Füzulidə baş vermiş hadisə ilə bağlı yetərincə məlumat verildi”.