Son bir ildə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında çox ciddi artım var. Bunun şahidi olmaq üçün Bakı şəhərinin mərkəzi küçəsi olan Nizami küçəsinə çıxmaq, ya da şəhərdə yerləşən böyük ticarət mərkəzlərinə baş çəkmək kifayət edər. Son bir neçə ayda isə Rusiyadan və Avropa ölkələrindən gələn turistlərin sayında da ciddi artım hiss olunur.
Bu turist axını dövlət büdcəsinə milyonlarla vəsait daxil olmasına gətirib çıxarır. Bəs turist axını fərd olaraq insanlara nə kimi xeyir verib? Sputnik Azərbaycan sosial şəbəkədə “Turist axınından konkret olaraq nə əldə etmisiniz?” mövzusunda sorğu keçirib.
Bəxtiyar Hacıyev: “Bu suala cavabı sahibkarlardan soruşmaq lazımdır. Qara adamıq biz, turistdən nə qazana bilərik?!”.
Günel Eminli: “Mən ərəblərin sayəsində xarici dil biliklərimi inkişaf etdirmişəm, iranlıların sayəsində unutduğum dillərdə danışmağa başlamışam, ingilisdilli insanların şəhərdə çoxaldığını görmüşəm. Turizm inkişaf edir, qiymətlər isə günü-gündən qalxır”.
Nigar Etibar: “Taksi sürücüləri bu suala cavab versələr, yaxşı olar. Axı onlar ərəb turistləri 2 manatlıq mənzil başına 20 manata aparırlar”.
Azər Ağayev: “Kim necə bacarır, qazanır. Bir taksi sürücüsü ərəb turisti “28 may” metrosundan “Sahil” metrosuna 300 manata aparıb”.
Eyyub Xaliq: “Mən ticarətlə məşğul oluram. Ərəblər arada gəlirlər və mən də günlük xərclərimi çıxarıram”.Samir Aslan: “Mən heç nə əldə etməmişəm. Turistlərdən nə xeyir görə bilərəm ki?!”.
Rəşad Quliyev: “Bəzi insanlar avtomobil kirayəsindən yaxşı pul qazanırlar. Xüsusilə “Vito” və “Viano” modelli avtomobillərlə yaxşı qazanc əldə edirlər”.
Aygün Quliyeva: “Bakıda turistlərə görə sıxlıq yaranıb. Bir neçə gün öncə ticarət mərkəzində yarim saat oturmağa yer axtarmışıq. Kafe və restoranlarda əksəriyyət turistlər idi”.
Rəşad Qasımov: “Şəhərdə bir qoca iraqlı ilə 2 ay əvvəl təsadüfən tanış oldum. Bizimkilər onu səfil həyat tərzi keçirənə bənzətdiklərindən, söz soruşmaq istədiyi halda ondan qaçırdılar. Yaxınlaşdım, söhbət etdik. Sonradan aydın oldu ki, bu insan ərəb ölkələrinin birində universitet rektorudur”.
Nurlan Cəfəri: “Turistdən heç nə almıram, amma istədiyi məlumatı ingilis dilinə tərcümə edib verirəm”. //Sputnik.az