Anamın qana ehtiyacı var. 3-cü qrup mənfi rezuslu olduğuna görə çətin tapılır. Donorluq etmək istəyənlərdən xahiş edirik ki, xəstəxanaya müraciət etsinlər.
Bu günlərdə 1 saylı Klinki Tibbi Mərkəzin reanimasiya şöbəsinə qanaxma ilə müraciət edən Xalq artisti Böyükxanım Əliyevanın yaxınları mətbuatda belə bir müraciət etdilər.
Düzdür, Xalq artistinin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin həkimi Təranə Rüstəmova saytımıza açıqlamasında qan ehtiyacının təmin edildiyini dedi. O, sadəcə xəstənin qanının mənfi rezuslu olduğuna görə, müəyyən çətinliyi olduğunu, lakin problemin həll edildiyini bildirdi.
Əslində, bu cür çağırışlara və xahişlərə tez-tez sosial şəbəkə, xəbər saytlarında rast gəlirik. Axı hər il ölkədə Aşura günündə, eləcə də ayrı-ayrı dövlət qurumları, təşkilatlar tərəfindən qanvermə aksiyaları keçirilir. Bəs nə üçün insanlara qan lazım olanda tapılmır?
Bunu Mynews.az Publika.az-ın “Müfəttiş” layihəsin istinadən verir.
Qana ehtiyacı olanlar
Əvvəlcə kimlərin qana ehtiyacı olduğuna baxaq. Əlbəttə, ilk sırada talassemiya və hemofiliyalı xəstələr durur. Bu ilin aprel ayına qədər Talassemiya Mərkəzində dispanser qeydiyyatına 2959 xəstə salınıb. 2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. İlkin müraciət etmiş 603 şəxsdən 72 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzdə dispanser qeydiyyatda olan 2959 xəstənin 2/3-si uşaqlardır. Mərkəzin Hematologiya şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb. Elmi-Praktiki Hemofiliya Mərkəzində isə 2016-cı ildə ölkə üzrə 69 hemofiliyalı xəstə ilkin qeydiyyata alınıb. Bu da xəstələrin nisbi artımı deməkdir. Bu il aprelin 1-nə olan məlumata əsasən, Mərkəzdə 1 554 nəfər xəstə qeydiyyatdadır.
Əlbəttə, qana ehtiyacı olanlar bununla yekunlaşmır. İl ərzində anemiyalı xəstələr, əməliyyatlar, doğuşlar zamanı da təcili qana ehtiyac duyulur. Yəni qana ehtiyac kifayət qədərdir.
Bəs qan ehtiyatı necə toplanır?
Dövlət xəstəxanaları, talassemiya və hemofiliyalı xəstələrin qana ehtiyacı Mərkəzi Qan Bankı tərəfindən təmin edilir. Bura qanlar isə donorlardan toplanır. Azərbaycanda qan donorları əsasən, aksiyalarda, ya da qohumunun qana ehtiyacı olduğu zamanlarda verilir.
Məsələn, bir neçə ildir “Aşura günü" respublika məscidlərinə gələn müsəlmanlar qan verməklə bu xəstələrə kömək emiş olurlar. Açıqlanan statistik rəqəmlər ildən-ilə bu aksiyada iştirak edənlərin sayının artdığını göstərir. Təkcə ötən il 4141 nəfər qan vermişdi. Onlardan 231 nəfərdə müxtəlif infeksiyalar aşkarlandığından qanları yararsız hesab edilib.
Bununla yanaşı müxtəlif dövlət müəssisələri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ildə bir neçə dəfə bu cür aksiyalar keçirir.
Amma ya bu qanlar bəs etmir, ya da başqa səbəb var? Əks halda insanlar nə üçün qana ehtiyacı olduğu üçün elan versin?
Çətinlik - müsbət yanaşanlar azdır
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova Publika.az-a səbəblərdən danışıb. O, hesab edir ki, insanlar yaxınları üçün qan tələb edərkən özlərinin qan verib-vermədiklərini düşünməlidirlər: “Təəssüf ki, Azərbaycanda könüllü qan donorları azdır. Bizdə adətən, qohumlar, ya da hər hansı elandan sonra qan verilir. Buna görə də hər ay tibb ocaqlarında qanvermə aksiyaları təşkil edilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də tez-tez bu cür aksiyalar keçirir. Lakin il ərzində toplanan qanın xəstələrə necə verilməsilə bağlı məlumatımız yoxdur. Amma hər halda dövlət müəssisələrində qan pulsuz verilir. Biz də insanların qan tapmaqda narazılıqlarına rast gəlirik. Hələ də, qan ehtiyatları az, ehtiyacı olanlar isə çoxdur. Bununla yanaşı qan donorlarının sayında artım da qeydə alınır”.
M.Qaraxanova deyir ki, bu aksiyaları keçirmək heç də asan deyil: “Təşkilatımızın bir çox rayonlarda bölmələri var. Əsasən, ali təhsil müəssisələrilə əməkdaşlıq edirik. Çox az hallarda bu aksiyaya dəstək verməyə müsbət yanaşırlar. Tələbələrin zəif olduğunu, qan verəcək qədər sağlam olmadığını deyirlər. Əlbəttə, onlar da haqlıdır, qan verən insan sağlam olmalıdır. Müayinə zamanı tələbələrin səhhətinin çox zaman qan verməyə münasib olmadığını görürük. Biz isə 20-30 nəfər üçün aksiya keçirə bilmərik. Ən azı hər aksiyada 50-100 nəfər qan verməlidir. Müəssisə rəhbərləri nə qədər bu işdə maraqlı olsa, qan vermə aksiyaları daha çox olur. İl ərzində bizim cəmiyyətin təşkil etdiyi aksiyalarda iştirak edənlərin sayı 2000-2500 civarında olur”.
M.Qaraxanovanın fikrincə, qan donorlarının sayını artırmaq üçün daimi donorları üçün müəyyən imtiyazların təşkil edilməlidir: “Hətta bu barədə Səhiyyə Nazirliyinə də müraciət ünvanlamışıq. Əvvəl bizim təşkilat daimi donorlara ildə bir dəfə mükafatlandırır və hədiyyələr verirdi. Bununla da qan donorları həvəsləndirilə bilər”.
Yayda qan tapılmır
Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankından da qan ehtiyatında problemlərin olduğunu etiraf edirlər.
Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva yay ayları olduğuna görə təkcə mənfi deyil, bütün qan qruplarına ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, buna səbəb həm Ramazan ayında, həm də isti vaxtlarda insanlar qan verməkdən çəkinməsidir: “Bu il Ramazan ayı yaya təsadüf etdiyindən donor tapmaqda çətinlik çəkirik. Əslində qan vermək üçün fəsil məhdudiyyəti yoxdur. Sadəcə insanlar isti havada qan verəndən sonra halsızlıq yaşaya biləcəklərindən ehtiyat edirlər. Heç bir ölkədə yay aylarında qan verməkdən çəkinmirlər. Onsuz da qan verən şəxsləri həkimlərimiz müayinə edir, səhhətində problem olan şəxslərə icazə verilmir. Bəzən insanlar düşünür ki, həkim onsuz da qan ehtiyacı olduğuna görə hər bir halda ona icazə verəcək. Lakin bu, doğru deyil. Çünki bizim həkimlərimiz həm də qanvermədən sonra donorda yaranacaq problemə görə də məsuliyyət daşıyır. Bizim xəstəxanada donora peçenye, çay, şokalad verilir, onların özlərini yaxşı hiss etmələri üçün bütün şərait yaratmışıq.
Sevindirici haldır ki, ildən-ilə donor sayında artım qeydə alırıq. 2016-cı ildə 85803 nəfər qan verib, 2015-ci ildə bu rəqəm 75 minə yaxın idi. Demək, bir ildə təxminən 10 min artım olub. Bir il ərzində talassemiyalı uşaqları üçün 15000 qan verilib. Lakin davamlı donorluğun sayı azdır. Donorların 80-90 faizi qohum və birinci dəfə qan verənlərdir. Təəssüf ki, bir neçə ildir donor olanların sayı çox azdır 18-65 yaşlı hər kəs donor ola bilər. Əlbəttə, hemoqlobinin normal olması və şərtlərə cavab verməlidir. Gün ərzində qan bankına donor olmaq üçün müraciət edən 50 nəfərdən yarısı müxtəlif səbəbdən donor ola bilmir”.
421 talassemiya xəstə qan gözləyir
P.Hacıyeva xəstələrin qan çatışmazlığı ilə bağlı narazılığına, habelə qana ehtiyacı olanların qohumlarının qan verməyə məcbur edilməsilə bağlı şikayətlərə də aydınlıq gətirdi: “Ramazan ayında daha çox donorlarımız xəstə yaxınları, qohumları olur. Bəzən insanlar yaxınları üçün qan götürəndə əvəzində qan tələb etməyimizdən narazılıq edirlər. Lakin bizi də anlasınlar ki, bu gün onlar qan verməsələr, digər xəstələr üçün qan tapa bilmərik. Həmin xəstələrin yaxını üçün verdiyimiz qanı da başqa bir xəstə yaxını verib. Ay ərzində 500-700 könüllü donor olursa, bu aylarda könüllü donorlar Qan bankına gəlmir. Məcbur qalıb xəstə yaxınlarını çağırırıq. Yay aylarında xəstə yaxınlarından qan götürməmiş onlara qan vermirik. Qan axtarışı ilə bağlı elanlara gəldikdə, onları görən kimi həmin şəxslərə əlaqə saxlayıb, Qan bankına nə üçün müraciət etmədiklərini öyrənirik. Məlum olur ki, onların yaxınları özəl klinikalarda müalicə alır. Həmin klinikaların özlərinin qan bankı var və biz onları qanla təmin etmirik. Bəzən də ürək əməliyyatlarında canlı donordan istifadə edildiyinə görə, bizə müraciət etmirlər”.
Hazırda 421 talassemiyalı xəstəyə qan lazımdır, lakin onları təmin edə bilmədiklərini deyən P.Hacıyeva buna görə də növbəti həftədən yenidən aksiyalar keçirəcəklməli olduqlarını söyləyir: “Səhiyyə Nazirliyi tərəfindən qan ehtiyatını təmin etmək üçün yaxın günlərdə 4 rayonda -Yardımlı, Astara, Qusar və Qəbələdə qanvermə aksiyası təşkil ediləcək. Biz qan azlığı məlumatını verəndən sonra bu addım atılıb. Növbəti həftə təşkil olunacaq qanvermə aksiyalarında bu ehtiyatı təmin edəcəyimizə inanırıq. Hemofiliyalı xəstələrə əsasən qan plazması lazım olduğundan onlar bu məsələdə problem yaşamırlar. Çünki hazırda plazma ehtiyatımız 14-20 mindir. Bu ehtiyat heç vaxt tükənmir. Həm də plazmanın istifadə müddəti iki il, qırmızı qanın ömrü isə 42 gündür. Onu çox da saxlaya bilmirik”.
“Stimullaşdırmanın başqa yolunu görmürəm”
Əgər, ildə bir neçə dəfə verilən qan yetərli deyilsə, daimi donorlar azdırsa, onları stimullaşdırmaq üçün tədbirlər görülə bilərmi?
Millət vəkili Musa Quliyev buna ehtiyac olmadığını deyir. Onun sözlərinə görə, stimullaşdırma yalnız təbliğat ola bilər: “Donorluq Azərbaycanda könüllüdür. Pul və ya hər hansı imtiyazlar qarşılığında qan vermək həqiqi donorluq deyil. Donorluğun əsas prinsipi onun təmənnasız olmasıdır. Bildiyim qədərilə bu gün ölkədə qan donorluğu ilə bağlı problem yoxdur. Ola bilər ki, hər hansı rezur və ya qruplarda qısa müddətdə keyfiyyətli, təminatlı qan ehtiyatı zəifləyə bilər. Bütövlükdə isə qan donorluğunda problem yoxdur”.
Millət vəkili stimullaşdırmanın yalnız donorların işlədiyi qurum və Həmkarlar ittifaqları tərəfindən ola biləcəyinin düşünür: “Donor qan verdiyinə görə bir gün işdən azad edilə, ikiqat əməkhaqqı verilə, ya da Həmkarlar İttifaqı ona ildə bir dəfə sanatoriyalarda istirahət təşkil edə bilər. Lakin donorluqla bağlı qanunlara görə qarşılığında pul almaq donorluq pronsipinə uyğun deyil. Amma mətbuatda, sosial şəbəkədə bununla bağlı təbliğat işlərinin aparılması da stimullaşdırmanın bir hissəsidir. Mən stimullaşdırmanın başqa yolunu görmürəm”.
Demək, yalnız qanvermə aksiyaları qanla təminat üçün yetərli deyil. Mərkəzi Qan Bankında ehtiyacın ödənilməsi üçün daha çox qan toplanmalıdır. Bunun üçün isə hər bir sağlam insan ildə bir neçə dəfə qan verməyin məsuliyyətini daşımalıdır. Ən azından dünyada belə edirlər. Üstəlik, nəzərə alın ki, qan donoru olmaq sizin sağlamlığınız üçün də çox vacibdir.
18 yaşı tamamlanmış, çəkisi 50 kiloqramdan yuxarı, praktik sağlam hər bir Azərbaycan vətəndaşı qan verə bilər. Qadın cinsindən olanlar üçün kriteriya fərqlidir. Zərif cins nümayəndələrinin yaşı 20-dən, çəkisi 65 kiloqramdan, boyu 168 santimetrdən aşağıdırsa, donor ola bilməz. Bütün hallarda donorların qanı yoxlanmalıdır. Kişi donorlar arada 12 həftə fasilə olmaqla ildə 4 dəfə qan verə bilər. Qadın donorlar isə orta hesabla 16 həftədən bir və ya dəmir çatışmazlığı riskini azaltmaq üçün daha gec qan verməlidir.