Bakıda zibil qutusunun yaxınlığında tapılmış körpənin dünən yayılmış videosu qısa zaman ərzində böyük səs-küyə səbəb olub. Hamı yeni doğulmuş körpənin son vəziyyəti ilə maraqlansa da, heç bir qurum bu barədə məlumatlı olmadığını bildirir.
Videoda görünən qız uşağı ya evdə, ya da elə küçədə dünyaya gətirilib. Danışıqlardan hadisənin Azərbaycanda baş verməsi və körpəni tapanların Təcili Tibbi Yardıma zəng vurmaları aydın olur. Video sosial şəbəkələrdə yeni yayılsa da, nə zaman və harada çəkilməsi ilə bağlı heç bir informasiya yoxdur.
“Qafqazinfo”nun əməkdaşı körpənin sonrakı taleyi haqda ətraflı məlumat öyrənmək üçün bir neçə quruma müraciət edib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev saytımıza bildirilib ki, onlara son günlərdə hər hansı bir uşaq gətirilməyib.
Əlaqə saxladığımız digər şəxslər - DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov da hadisəni mediadan öyrəndiklərini və bununla bağlı onlara hər hansı bir məlumatın daxil olmadığını bildiriblər.
Son olaraq videonu ilk paylaşan “princ_039” səhifəsinin admini ilə əlaqə yaratmağa çalışsaq da, cavab ala bilmədik.
Onu da qeyd edək ki, sonuncu dəfə Bakıda zibillikdən körpə uşağın tapılması faktı dekabr ayında qeydə alınmışdı. Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında zibillikdən tapılan körpə qız uşağı aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdi.
Sözügedən videonun məhz həmin zaman çəkilib-çəkilməməsi isə sual altındadır.
***
“Qafqazinfo” dəqiqləşdirib ki, videodakı körpə məhz dekabr ayında tapılan qız uşağıdır.