Siqaretlər bahalaşacaq? Ekspert rəyi

591
Siqaretlər bahalaşacaq? Ekspert rəyi

Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndələri tütün məmulatlarına tətbiq edilən verginin artırılmasını məsləhət görüblər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində keçirilən görüşdə siqaretin qiymətinin artırılması təklif olunub.

Mynews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Ekspertlər hesab ediblər ki, siqaretin qiymətinin artımı istehlakçıların sayına təsir edəcək. “İnsan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko (Ukrayna) ilə görüş keçirildi. Onlara tütünlə mübarizə sahəsində görülən işlərlə bağlı məlumat verildi. Ekspertlər tütünə tətbiq edilən verginin artırılmasını təklif etdilər. Dünya təcrübəsi göstərir ki, verginin artırılması təxminən 10 faiz bahalaşmaya səbəb olur. Belə olduqda isə istehlak 4 faiz azalır”, - xəbərdə deyilir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-aaçıqlamasında bildirdi ki, tütün məmulatlarına tətbiq edilən verginin artırılması siqaretə əlçatanlığı azalda bilər: “Azərbaycanda siqaret çəkənlərin faiz nisbəti böyükdür. Dünyanın heç bir yerində super marketlərə daxil olanda vətəndaşları ilk olaraq siqaret piştaxtaları qarşılamır. Siqareti açıq-aşkar reklam edirlər”.

Ölkədə siqaretin baha olmadığını deyən birlik sədrinin sözlərinə görə, tütün məmulatlarına tətbiq edilən vergilərin artırılmasının mənfi tərəfləri də var: “Bu, keyfiyyətsiz məhsulların bazara daxil olmasına gətirib çıxaracaq. Hazırda “Mehri firması” MMC-nin istehsalı olan “Şəki”, “Azəri” Korporasiyasının istehsalı olan “Karvan”, “Pramida” kimi keyfiyyətsiz, tərkibində 60 faiz nikotin olan siqaretləri bazarda 40 qəpiyə satılır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, 9-10-cu sinif şagirlərinin istifadə etdiyi bu siqaretlər bazardan yığışdırılmır.

Bunu nəzərə alsaq, tütün məmulatlarına vergilərin artırılmasının keyfiyyətsiz siqaret bazarını genişləndirəcəyini söyləmək olar”. 

Mütəxəssis onu da qeyd etdi ki, hazırda bazarda qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlər də var. Bu siqaretlərin bazar payı 20 faiz təşkil edir: “Ən pisi də oodur ki, əhali arasında bu siqaretlərin keyfiyyətli olmasına dair inam var”.

E.Hüseynov tütün məmulatlarına vergilərin artırılması ilə bərabər elektron siqaretlərin də satışdan yığışdırılmasını təklif edir.

Xəbər lenti