Azərbaycanda beş yeni peşə məktəbi açılır: Qəbul bu ildən başlanır

575
Azərbaycanda beş yeni peşə məktəbi açılır: Qəbul bu ildən başlanır

Regionlarda turizm sahəsində kadr çatışmazlığı  bu sahə inkişaf etdikcə özünü daha çox büruzə verir. Turizmin inkişaf etdiyi bölgələrdə yeni mehmanxanaların, turizm obyektlərinin fəaliyyətə başlaması kadrlara tələbatı artırır. Bölgələrdə turizm obyektlərində kadr çatışmazlığı müxtəlif səpkidə olsa da, ən böyük çatışmazlıq məhz həmin bölgələrdən olan ixtisaslı kadrlardadır. 

Mynews.az akademik.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsini icra edənEldar Aslanov bildirib.

Onun sözlərinə görə, artıq yaxın illərdə regionlarda turizm sektoru ilə bağlı kadr çatışmazlığı aradan qalxacaq və bu ildən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində Qusarda “Şahdağ” Turizm Mərkəzində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılacaq.

E.Aslanov bildirib ki, bu məsələ Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

“Şahdağ Regional Peşə Məktəbinə 2017/2018-ci tədris ilində ilk şagird qəbulu aparılacaq. Peşə məktəbi “Şahdağ” Turizm Mərkəzinin ərazisindəki “Zirvə” hotelinin bazasında  fəaliyyət göstərəcək. Məktəbdə bu ildən mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə ixtisaslı kadr hazırlığına başlanacaq. Regionlarda Turizm Peşə Məktəblərinin fəaliyyəti tələbat olan turizm obyektlərində yerli kadr çatışmazlığını aradan qaldıracaq.

Qeyd edim ki, biz “Şahdağ” Regional Turizm Peşə Məktəbinə qəbulu məhz həmin bölgədə kadr tələbatına uyğun aparacağıq. Şimal bölgəsində turizm mərkəzlərinin tələbatına uyğun sayda, uyğun ixtisasda kadr hazırlanacaq. Bu, həmin region üzrə kadr çatışmazlığını aradan qaldırmağa hədəflənən layihədir”.

E. Aslanovun sözlərinə görə, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində 2020-ci ilədək 5 belə peşə məktəbinin fəaliyyəti nəzərdə tutulub.

“Strateji Yol Xəritəsində nəzərdə tutulub ki, bir Regional Turizm Peşə Məktəbi də cənub zonası üzrə açılsın. Masallı, Lənkəran, Astara rayonları üzrə turizm obyektlərinin kadr tələbatına uyğun həmin bölgədə ixtisaslı kadrlar hazırlansın. Gəncə ətrafı bölgələr üzrə Şəmkirdə də Regional Turizm Peşə Məktəbinin fəaliyyəti nəzərdə tutulur. Bildiyiniz kimi, İsmayıllı və Qəbələdə turizm sahəsi üzrə kadr hazırlayan peşə məktəbləri var. Amma Strateji Yol Xəritəsində iki Regional Turizm Peşə Məktəbinin Şamaxı, İsmayıllı, Qəbələ, Şəki üzrə fəaliyyəti nəzərdə tutulub. Beləcə, 2020-ci ilədək həmin peşə məktəblərinin sayı beşə çatdırılacaq”.

E. Aslanov Regional Turizm Peşə Məktəblərinə qəbul zamanı üstünlüyün yerli sakinlərə veriləcəyini, əlavə, boş yer qaldıqda peşə məktəblərinə kənardan qəbul aparılacağını söyləyib. 

“Çünki məqsəd məhz həmin bölgələrdə yerli kadr bazası yaratmaqdır”.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə öz növbəsində Regional Turizm Peşə Məktəblərinin fəaliyyəti yerli kadr bazası yaratmaqla həm turizm sektorunda xidmət səviyyəsinin yüksəlməsinə, həmçinin qiymətlərə də öz təsirini göstərəcəyini deyib.

“Bölgələrdəki turizm obyektlərində, mehmanxanalarda, restoranlarda sahibkarların ən çox rastlaşdıqları problem ixtisaslı kadr məsələsidir. İxtisaslı kadrlar paytaxtdakı mehmanxana və restoranlarda çalışmağa üstünlük verirlər. Sahibkar ixtisaslı kadrı hər hansı bölgədəki turizm obyektinə cəlb etdikdə ona yüksək əmək haqqı ödəmək məcburiyyətində qalır. Bu isə sahibkarın xərclərini artırdığından xidmət sahəsində qiymətlərə təsir edir. Bəzi sahibkarlar paytaxtdan ixtisaslı kadr cəlb etmək onlara baha başa gəldiyindən, bu sahədə kiçik iş təcrübəsi olanlara üstünlük verirlər. Bu da, təbii ki, xidmət səviyyəsində özünü büruzə verir.

Regional Turizm Peşə Məktəblərinin fəaliyyəti imkan verəcək ki, hər bölgə üzrə turizm sahəsində ixtisaslı kadrlar hazırlansın. Bu, həm bölgələrdə məşğulluq problemini aradan qaldıracaq, həm də turizm obyektlərində kadr çatışmazlığına son qoyacaq. İxtisaslı kadrlar öz evlərinin içində, uzaq məsafə qət etmədən ərazidəki turizm obyektində təklif edilən əmək haqqına qane olaraq çalışacaqlar. Nəticədə bir tərəfdən bölgələrdə məşğulluq problemi tədricən aradan qalxacaq, digər tərəfdən turizm obyektlərində xidmət səviyyəsinin artımı turist sayının çoxalmasına gətirib çıxaracaq”.

Xəbər lenti