“Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib”.
Mynews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür: “Təxminən bir həftə öncə təkcə Zoologiya İnstitutuna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.
Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə pisləşdirmək, ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin vəziyyətdə bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər”.
E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün Zoologiya İnstitutu öhdəliklərini yerinə yetirə bilmir: “Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnstitutunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnstitutunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik”.