Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Mynews.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilib:
“Maddə 11-1. Reklamda uşaqların müdafiəsi
11-1.1. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:
11-1.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;
11-1.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
11-1.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar;
11-1.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
11-1.1.5. uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilməsi;
11-1.1.6. uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
11-1.1.7. uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;
11-1.1.8. alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi.
11-1.2. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
11-1.3. Uşaqlar üçün verilişlər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq reklamla kəsilə bilməz.
11-1.4. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz “.