Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan general-mayor Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır.
Mynews.az xəbər verir ki, bu barədə Yenicag.Az-a danışan general bildirib ki, prezident onu daha əvvəl işdən çıxarmalı idi: “Hadisədir, baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə ki… Mən özüm atasız böyümüşəm, istəməmişəm ki, uşaqlarım da nəyinsə ehtiyacını çəksinlər. Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub, 1943-cü ildə yaralanıb gəlmişdi, onu altı yaşımda itirmişəm. Altı uşaq olmuşuq, çox ağır ailə həyatı sürmüşəm. Ancaq böyüdük, oxuduq, hamımız ali təhsil aldıq.
Deyim ki, oğlum birinci hadisəni törədəndə – yəqin ki, məlumatınız var – cənab Prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxarmalı idi. Açığı, onda özüm də işdən getməyə hazırlaşırdım. Ancaq xidmətlərim nəzərə alındı və işimə davam etməyim məsləhət görüldü.
Bilirsiniz ki, mən döyüşçü olmuşam, “DOSAAF”ı yenidən qurmuşam, snayperlər, paraşütçülər, istehkamçılar və kəşfiyyatçılar kursu açdım, xeyli işlər gördüm. Bu xidmətlərimə görə də işimdə saxlanıldım, nəinki “uvolit” olundum, hətta vəzifəm bir pillə artırıldı. Ancaq bu dəfə hadisə ilə bağlı cənab Prezidentə məruzə edilib və o da qərarını verib.
Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük. İdmançı uşaqdır, 1200 metrdən paraşütlə tullanmaq üzrə dünya rekordçusudur. Uşaqla hələ görüşməmişəm. Bu gün günorta ona yemək aparacaqlar, ancaq özüm getməyəcəm.
Mən bir ata kimi, bir general kimi bütün valideynlərə səslənirəm, yeri gələndə övladlarını sıxsınlar, xüsusilə, oğlan uşaqlarına lap bir şillə vursunlar ki, onlar pis hərəkətlər etməsinlər”.
Qeyd edək ki, Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.