Milli Məclisin deputatı, ləğv olunmuş keçmiş Respublika Hərbi komissarı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov ölkə başçısı tərəfindən Novruzəli Orucovun Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavininin vəzifəsindən azad edilməsinə münasibət bildirib.
Mynews.az xəbər verir ki, Ə.Hüseynov Ölkə.Az-a açıqlamasında deyib ki, Novruzəli Orucov onun hərbi komissar olduğu dövrdə general rütbəsi almayıb:
“Gedin araşdırın görün, Novruzəli Orucov general rütbəsini nə vaxt alıb? O, bu rütbəni mən Respublika Hərbi Komissarı vəzifəsindən gedəndən sonra alıb.
Digər tərəfdən isə nə olsun ki, Novruzəli Orucov nə vaxtsa mənim işçim olub? Hər kəsin yaxşı və pis işçisi olur. Mən bütün işçilərimə dəstək olmuşam. Yaxşı kadrlara dəstək olarlar da! Novruzəli Orucov da vaxtilə yaxşı olub, general rütbəsi verilib, indi pis işləyib, işdən çıxarılıb. Bunu başqa adamların adına yozmaq doğru deyil”.
Deputat qeyd edib ki, hər bir vəzifəli şəxs öz əməlinə görə məsuliyyət daşıyır:
"Cənab Prezident hər kəsə öz hərəkətlərinə və xidmətlərinə görə qiymət verir. Novruzəli Orucov da vaxtilə yaxşı işlədiyi üçün general olub, indi pis işlədiyinə görə də vəzifədən azad olunub. İndi Novruzəli Orucov nə səhvə yol verib, özü bilər və məsuliyyəti də özünündür”.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edib.