Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov müsahibəsində deyib ki, hadisə dairədə “BMW”-nin qəfildən onun qarşısına çıxması ilə başlayıb: “İyulun 3-də, saat 21:30 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli “BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim, buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, avtomobildə ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.
S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi söyüşə görə olub: “Marşrutun son dayanacağında saxladım, sərnişinlər də düşüb getdi. Mən avtobusdan düşəndən sonra “BMW”-nin sürücüsü mənim yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona “avtomobildə ana-bacı var” demişəm, o, elə bilib mən ana-bacı söyüşü söydüm. Aramızda xırda mübahisə oldu, mən onun yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyəmdən bir yumruq vurdu. Mən yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü “Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”.
S.Səmədov səhhəti ilə əlaqədar olaraq işə çıxmadığını deyib.