“Altes” plazada biabırçı olay Məşhur şirkətdən əcaib addım

674
“Altes” plazada biabırçı olay Məşhur şirkətdən əcaib addım

“Altes” plazada biabırçı olay- Məşhur şirkətdən əcaib addım

Bakıda Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yerləşən 16 mərtəbəli binanın damında yeni mərtəbə inşa edilir.

Bu barədə tanınmış jurnalist Azər Qəribov sosial şəbəkədə yazıb. O, “Altes Group”un binanın sakinlərinin narazılığına baxmayaraq tikintini artıq yekunlaşdırmaq üzrə olduğunu qeyd edib: “Altes şirkəti saymazlığın pik nöqtəsinə çataraq, 16 mərtəbəli binamızın damında əlavə mərtəbə tikintisini davam etdirir, daha doğrusu yekunlaşdırır.

Bu saymazlıq yalnız evin sakinlərinə ünvanlanmayıb. Bu Azərbaycan qanunlarına qarşı saymazlıqdır.

Altes şirkəti hər addımı ilə bizə göstərmək istəyir ki, qanunlar onun üçün yazılmayıb və “get kimə istəyirsən şikayət et” prinsipini açıq-aşkar nümayiş etdirir.

Maşınlarla daş və armatur gətirilib daşınır yuxarı, küçədən tutulan sənədsiz fəhlələr təhlükəsizlik normalarına məhəl qoymadan işlər aparır, binanın konstruksiyasına hesablanmamış ağırlıq verilir.

Yasamal Rayon İcra hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, tikintidə nəzarəti həyata keçirən qurumlar, onlar nəyə görə susur?”

Jurnalist qeyd edib ki, aparılan tikinti işləri zamanı həyətdəki avtomobillərə də ziyan dəyib: “Binamızın damında aparılan işlər nəticəsində həyətdə duran avtomobilin üstünə beton parçalar düşüb, maşını yararsız vəziyyətə salıb.

Altesin planları aydındır, əlavə mərtəbədə yeni mənzillər tikib onları satışa buraxmaq. Deyilənə görə hətta artıq bir neçəsini satıb.

Həmin mənzilləri alan və almaq istəyən vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, hələ 2012-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə Altes şirkətinə məxsus binalarda mənzillərin satışına qadağa qoyulub.

Onu da qeyd edim ki, Bakı Appelyasiya məhkəməsi və Ali Məhkəmə bu qərarı təsdiqləyərək, onu qüvvədə saxlayıb.

Altesin binalarında mənzil almaq istəyənlər həmin mənzillərə qanuni sənəd ala bilməyəcəklər, necə ki, biz 10 ildir ala bilmirik”.

Qeyd edək ki, ötən il “Altes Group”un keçmiş MTN rəhbəri Eldar Mahmudova məxsus olmasıyla bağlı məlumatlar yayılmışdı. (bakıpost.az)

 

Xəbər lenti