Mynews.az-ın APA-nın xəbərinə görə, imtahan 11 şəhər - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur. Abituriyentlərin 15407 nəfəri oğlanlar (II qrup üzrə 11124 nəfər, III qrup üzrə 4283 nəfər), 18634 nəfəri isə qızlardır (II qrup üzrə 6764 nəfər, III qrup üzrə 11870 nəfər). 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15190, Naxçıvanda 1577, Gəncədə 3554, Sumqayıtda 1657, Mingəçevirdə 1412, Şəkidə 1992, Bərdədə 2201, Göyçayda 1391, Şirvanda 1565, Lənkəranda 2197, Xaçmazda isə 1305 abituriyentin imtahan verəcəyi gözlənilir.
Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni, 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.