Azərbaycandakı taksi şirkətinin başına erməni rəhbərin keçməsi barədə xəbərlərə Bakı Nəqliyyat Agentliyi aydınlıq gətirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı və ya erməni əsilli vətəndaşı olan şirkətlə əməkdaşlıq etməyəcəklər: “Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır. Bir daha qeyd edirik ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır. Məlumat üçün qeyd edək ki, Uber və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır. Agentlik yalniz həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir".
Qeyd edək ki, Rusiyanın “Yandex taxi” holdinqi və Amerikanın Uber korporasiyası Rusiya, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişləri üzrə bizneslərinin yeni şirkətin tərkibində birləşdirmək barədə qərar qəbul ediblər. Müqavilə şərtlərinə görə, Uber və “Yandex taxi” yeni birləşdirilmiş şirkətə müvafiq olaraq, 225 mln. və 100 mln. dollar vəsait yatıracaqlar. Şirkətə isə “Yandex taxi”nin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. Şirkətlərin məlumatında qeyd olunur ki, saziş sayəsində Uber Rusiya, Ermənistan və Gürcüstanın artıq “Yandex taxi” xidmətinin işlədiyi şəhərlərinə, “Yandex taxi” isə - Uberin fəaliyyət göstərdiyi Azərbaycan bazarına çıxış edəcək.