Dövlət başçısı: "Məmurlara xəbərdarlıq etmişəm ki..."
Prezident İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, antisanitariya mənbəyinə çevrilən ərazi tam təmizlənərək müasir layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Parkda müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb. Ətrafdakı yaşayış binaları ilə əlaqə qurulması, eləcə də insanların buraya rahat gediş-gəlişini təmin etmək üçün parkın yuxarı hissəsində yeni pilləkənlər tikilib və əlil arabaları üçün xüsusi yol salınıb.
Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə çoxlu sayda oturacaq və parkın ərazisinin bir hissəsində idman qurğuları quraşdırılıb. Bundan əlavə, avtonəqliyyat vasitəsilə istirahət parkına gələn əhalinin rahatlığı üçün yeni parklanma sahəsi yaradılıb. Beləliklə, yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.
Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə "Ovçular evi" ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Azərbaycanı yaşıl diyara çevirməyi, paytaxtda və bölgələrdə ekoloji tarazlığı qorumağı daim diqqətdə saxlayan dövlətimizin başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, 2010-cu il ölkəmizdə "Ekologiya İli" elan edilib.
Bu sahədə vəziyyətin daim nəzarətdə saxlanması istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları xüsusi rol oynayıb. Odur ki, Yasamal rayonunun "Ovçular evi" adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşdü. Prezident nitq söylədi: "Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.
Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir.
Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.
Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır.
"Sovetski" adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi.
Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb. Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə, o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın.
Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Sarayının ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.
Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailələrinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi — burada yaşayan vətəndaşları təbrik edirəm".
Göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib: "Cənab Prezident, bu gün burada Sizinlə görüşmək bizdə qürur hissi doğurur. Bakı Dövlət Universitetinin 22 min nəfərlik kollektivi Sizi alqışlayır. Bu gün çox rəmzi bir gündür — Ulu Öndərimizin hakimiyyətə gəldiyi günün səhərisidir, özü də səhər çağıdır.
Mən o günü çox gözəl xatırlayıram. Ulu Öndərimiz hakimiyyətə gəldiyi ildə Bakı Dövlət Universitetinin heç vaxt qeyd olunmayan yubileyini — 50 illik yubileyini keçirdi. Sonrakı illərdə də universitetə çox böyük məhəbbətlə yanaşdı. O, mükəmməl idarəçilik məktəbi yaratdı. Allaha çox şükür ki, bu gün bu məktəb etibarlı əldədir. Biz bununla qürur duyuruq.
İndi siz Bakıdan danışdınız. Amma biz bu gün Azərbaycandan danışa bilərik. Mən ömrüm boyu Parisin tağlı giriş qapısına həsəd aparmışam. İndi biz misal üçün Qubaya daxil olarkən görürük ki, Parisin tağlı qapısından da qəşəng bir giriş qapısı düzəldilib. Bütün rayonlarımızda belədir.
Ulu Öndərimizin universitetin 50 illik yubileyində söylədiyi qiymətli fikirlər həmişə yadımızdadır. Deyib ki, mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam. Sonra qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Biz müəllimlər də Bakı Dövlət Universitetini bitirməyi ilə fəxr edən Ulu Öndərimizin adına layiq işləməyə çalışırıq.
Cənab Prezident, Siz də Bakı Dövlət Universitetinə Azərbaycan xalqının milli sərvəti kimi yanaşırsınız. Yadımızdadır, universitetin 90 illik yubileyi yaxınlaşanda Siz bizim ali məktəbə gəlmişdiniz. O vaxt universitet üçün 10 mərtəbəli yeni tədris korpusu tikilirdi. Ancaq binanın inşası ləngiyirdi. Siz ertəsi gün Sərəncam verdiniz, vəsait ayırdınız və o bina tezliklə tikilib istifadəyə verildi. İndi o gözəl bina universitetimizin loqosudur. O binaya daxil olanda, dəhlizlərdən keçəndə, auditoriyalara girəndə həmişə Siz yadımıza düşürsünüz. Allah Sizi qorusun.
Bu binalar universitetimizdə çalışan müəllimlər üçün Bakıda ən ucuz qiymətə tikilmiş kooperativ evlərdir. Kvadratmetri 260 manata inşa olunub. Mənzillər ona görə ucuz başa gəlib ki, Sizin tapşırığınızla torpaq sahəsi üçün rüsum tutulmayıb. Sizə təşəkkür edirik. Biz Sizi çox istəyirik. Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür inkişafa nail olub. Tanrı Sizi qorusun!"
Sonda xatirə şəkli çəkdirildi.