Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə qəza zamanı zərərçəkmiş Aydan Mürzəzadə iştirak edib.
Göz yaşlarını saxlaya bilməyən zərərçəkmiş ifadə verə bilməyib. Qəzadan sonra müalicə alan tələbə hələ də hadisənin şokunda olub.
İfadə verən digər zərərçəkmiş tələbə Aytən Quluzadə bildirib ki, qəza zamanı baş nahiyyəsindən xəsarət alıb və həmin an baş verənləri xatırlamayıb.
Digər zərərçəkmiş İlahə Alışova isə deyib ki, qəza zamanı qulaqcıqla mahnı dinlədiyi üçün heç nə görməyib: “Bir qəza olanda hiss elədim. Səs-küyə başımı qaldırdım. Sonrasını xatırlamıram”.
İlahə Alışova qəzadan sonra ona Sumqayıt xəstəxanasında düzgün diaqnoz qoyulmadığını deyib: “Bakıya qayıdıb xəstəxanaya getdik. Ağ ciyərimdə zədə var idi. İki qabırğam əzilmişdi. Müalicə alıram”.
Zərərçəkmiş sürücüdən şikayətinin olmadığını deyib.
İfadə verən növbəti zərərçəkmiş tələbə Samir Tağıyev deyib ki, qəza zamanı huşunu itirib və oyananda xəstəxanada olub: “Oturmağa yer yox idi. Biz ayaq üstə gedirdik. Qabağı görmürdüm. İki il idi ki, həmin maşınla gedirdim. Qəzanın necə baş verdiyini xəstəxanada ayılanda bildim. Başım dəmirə dəyəndə huşumu itirmişdim”.
O, Namiq Hüseynova qanun çərçivəsində cəza verilməsini istəyib.
Daha sonra Namiq Hüseynovun vəkili Şirin Atayev vəsatətlə çıxış edib. O, qəza zamanı tələbələrin olduğu “Ford” markalı maşınla ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüsünün də dindirilməsi istəyib. Vəkil bildirib ki, həmin maşının sürücüsü Namiq Hüseynovun idarə etdiyi maşına ötmək üçün şərait yaratmayıb.
Qəza zamanı dünyasını dəyişən İbrahim Nəsibovun anası Xatirə Nəsibova məhkəmədən söz istəyib. Xatirə Nəsibova bildirib ki, hadisə baş verən zaman maşınlar ötüşürmüş: “Uşaqlar da deyir ki, bunlar əvvəlcədən mərc ediblər. Ötüşüblər də. Qəza olanda həmin yaşıl “Ford”un sürücüsü maşını saxlamayıb. Amma ittiham aktında yazılıb ki, guya qəza zamanı həmin maşın saxlayıb və tələbələrə kömək ediblər. Yas mərasimində iştirak edən tələbələr arasında həmin yaşıl “Ford”da olan tələbələr də var idi. Onlar bizə dedilər ki, bunlar ötüşürdülər. Qəza olan yaşıl “Ford”un sürücüsü dayanmayıb. Maşında olan tələbələr dayan deyib. Uşaqlara deyib ki, ağrımayan başımı ağrıda bilmərəm. O adam da günahkardır”.
Hakim bildirib ki, yaşıl rəngli “Ford”un sürücüsü iş üzrə şahid kimi tanınıb. Növbəti prosesdə onun dindirilməsi təmin ediləcək.
Növbəti proses iyulun 20-nə təyin edilib.
İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.
Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.