Bizə ət adı ilə yedizdirdiklərinə baxın - FOTOLAR

899
Bizə ət adı ilə yedizdirdiklərinə baxın - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirib və məhsullardan baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürüblər.

DBNX-dan Publika.az-averilən məlumata görə, baxışı zamanı kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana) aşkar edilib. Eyni zamanda evin həyətində olan vətəndaşa məxsus "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilində antisanitar şəkildə, döşəməyə səpələnmiş vəziyyətdə 12 ədəd şaqqalara bölünmüş çəkisi 375 kq olan heyvan əti, evin qarajında yerə atılmış vəziyyətdə 3 ədəd şaqqalara bölünmüş çəkisi 55 kq olan heyvan əti, tövlədə tavandan asılmış vəziyyətdə 6 ədəd şaqqalara bölünmüş çəkisi 120 kq olan heyvan əti və 50 kq çəkisi olan 3 baş xırdabuynuzlu heyvan cəmdəyi, primitiv, antisanitar şəraitdə olan heyvan kəsim yerində (sallaqxanada) 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı aşkar olunub.

Ümumi çəkisi 600 kq olan, 21 ədəd şaqqalara bölünmüş heyvan cəmdəklərinin və 3 baş xırdabuynuzlu heyvan cəmdəyinin, baş-ayaq və daxili orqanının mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayıb, ətin üzərinə baytarlıq müayinəsindən keçməsini bildirən möhür vurulmayıb.

Hissələrə bölünmüş heyvan cəmdəklərinin və daxili orqanın orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi aşkar edilmiş ət "Qazel"ə yığılaraq müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə Sabirabad Rayon Baytarlıq İdarəsinin təşkil etdiyi soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Baytarlıq baxışı zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Xəbər lenti