"Uşaqları aldadaraq blokda zorlayıb..." Xəstə pedofilin çöldə nə işi var?

786
"Uşaqları aldadaraq blokda zorlayıb..." Xəstə pedofilin çöldə nə işi var?

Bir müddət əvvəl Xırdalan şəhərində 3 azyaşlı qıza cinsi təcavüz edərkən sakinlər tərəfindən ələ keçirilərək linç edilən İbrahim Buğumov haqda ilginc məlumatlar ortaya çıxıb. Məlum olub ki, bu, Buğumovun 4-cü pedofilik hərəkətidir. Bundan söncə İ.Buğumov liftdə, binanın blokunda uşaqlara və qadınlara təcavüz edərkən ələ keçirilib. Məhkəmə onun psixi durumunu nəzərə alaraq müalicəyə göndərib və bir neçə aydan sonra da xəstəxanadan buraxılıb. Hər dəfə də əməlini təkrar edib. Onun bu əməlindən isə uşaqlar, ailələr, cəmiyyət əziyyət çəkir. 

Mynews.az xəbər verir ki, vəkili Namiq Hacıyev qafqazinfo-ya bildirib ki, İ.Buğumov şizofreniyadan əziyyət çəkir, dəfələrlə müalicə olunub.

Biz isə məlum hadisənin baş verdiyi məkana yollandıq. Şahidlərin sözlərinə görə, İbrahim Buğumov 3 azyaşlı qızı "Kristal Abşeron"un Xırdalanda köhnə bazarın yaxınlığında yerləşən şəhərciyində təcavüz edib. Şəhərciyin girişində mühafizə xidməti nəzarət etsə də, onlar  Buğumovu görməyiblər. 

Hadisə isə 4-cü binanın 4-cü blokunda baş verib. 6 yaşlı qız həyətdə oynayır, atası və anası isə yaxınlıqda oturacaqda əyləşiblər:

"Valideynlərinin gözləri önündən uzaqlaşan qızlar Buğumovun toruna düşüblər. Buğumov onları şirnikləndirici vədlərlə öz yaşadıqları blokun içinə aparıb. Orada azyaşlılara qarşı iyrənc əməlini yerinə yetirməyə başlayıb. Bir neçə dəqiqədən sonra binadan çıxan gənc oğlan onu görüb və qorxunc əməlin qarşısını alıb. Buğumov həmin vaxt başqa 2 uşağı da aldadaraq yanına çəkib. Onlar da 3-4 yaşlı qızlar olub".

Buğumov linç edilsə də, yaxını-qohumu ortaya çıxmayıb. Şəhərcik sakinləri onun burada qohumu olduğu barədə söz-söhbət gəzdiyini eşitsələr də, məlumat təsdiqlənməyib.

İbrahim Buğumov şəhərciyə niyə və necə gəlib? Gecə saat 12-ni keçəndən sonra orada nə edirmiş? 

Buğumovkimilər tək deyil, elə "Kristal Abşeron"un adıçəkilən şəhərciyində oxşar hadisə bir neçə ay öncə də baş verib. Şəhərcik sakini deyir ki, "o adam buradan salamat getdi, bunu  əzişdirdilər".

Fotoda: İbrahim Buğumov

Pedofiliya və şizofreniya xəsətəliyinə düçar olan, cəmiyyət üçün təhlükəli olan adamlar hansı prosedurlardan keçməlidir? Onlarla necə davranılmalıdır və həmin şəxslərin cəmiyyətə ziyan verməməsi üçün hansı addımlar atılmalıdır? Bir şəxsin psixi xəstəliyi varsa, onun istədiyi qədər cinayət törətməsinə göz yummaq lazımdır?

Psixoloq Elnur Rüstəmov "Qafqazinfo"ya açıqlamasında bu cür xəstələrin müalicə prosesi və ondan sonrakı mərhələ haqda məlumat verib.

O bildirib ki, bu gün dünyada məhz bu məsələlərlə bağlı multitsiplinar deyilən sistem var: "Xəstənin uzun müddət xəstəxanada qalması təqdir olunmur. Müalicə aldıqdan sonra onların sosial adaptasiya prosesi getməlidir. Tam xəstəxana şəraitində müalicə olunduqları üçün  adaptasiya prosesində çətinliklər yaşanır. Hərçənd ki, Azərbaycanda 1 saylı Psixiatrik Xəstəxanada şizofreniyadan, kəskin psixozdan əziyyət çəkən xəstələr üçün şərait yaradılıb. Onlar üçün balıq tutmaq, təsərrüfat işləri görmək üçün imkanlar var. Xəstə normal sabitləşmə dövrünə çatanda evə buraxılır.

 

Məsələnin digər tərəfi də var ki, bu cür xəstələr müalicəyə tabe olmurlar. Dərmanları qəbul etmirlər, narahatlıqları olan dönəmlərdə həkimə müraciət etmirlər. Bu da müəyyən problemlərə yol açır".

E.Rüstəmov deyib ki, bir insan əvvəl də cəmiyyətə oxşar narahatlıqlar yaradıbsa, əvvəlcə onun yaxınları diqqətli olmalıdır: "Bilirlərsə ki, bu adam pedofildir, onu nəzarətdə saxlamalıdırlar. Azərbaycanda bu tip xəstəliklərdən psixiatrik müalicə könüllüdür, məcburi xarakter daşımır. Ola bilər ki, həmin şəxs evə buraxılarkən durumu çox yaxşı olub. Bu insanlar xəstəxanadan çıxdıqdan sonra ayda 1 dəfə müayinədən keçməlidirlər, amma keçmirlər. Həkimin verdiyi dərmanı qəbul etmirlər. Bəzən xəstələrin doğmaları da ondan bezirlər. Mültitsiplinar xidmət isə budur ki, xəstə daimi olaraq xəstəxanada qala bilməz. Durumu stabilləşdikdə evə buraxılmalı və müalicəsi ev şəraitində davam etdirilməlidir. Cəmiyyət üçün təhlükə yaradan insanlar isə xəstəxanda daimi qala bilər, hətta izolyasiya da oluna bilərlər.

Fotoda: Elnur Rüstəmov

Bu məsələdə xəstənin yaxınları daha çox məsuliyyət daşıyır, həkim onun arxasıyca düşmür axı. Bu adam xəstəlikdən əziyyət çəkirsə, bunu doğmalarına qarşı da edə bilər. Xəstə xəstəxanadan buraxılarsa, hüquqi olaraq hər hansı bir qohumuna təhvil verilmir və onun hərəkətlərinə görə məsul şəxs də olmur. Çünki bu adam həddi-buluğa çatmış şəxsdir. Sadəcə durumu ilə bağl yaxınlarına məlumat verilir, sənədləşmə işləri aparılır. Mənəvi olaraq həmin şəxsin doğmaları məsuliyyət daşıyır".

Psixoloq qeyd edib ki, bu gün olmasa da, yaxın gələcəkdə bu cür xəstələrə mütəmadi nəzarət edən şəxslər olacaq: "Bu gün ali məktəblərdə "Sosial işçi" ixtisası yaradılıb və hazırda kadrlar yetişdirilir. Gələcəkdə həmin şəxslər ərazi üzrə bölünəcək və həmin xəstələrin dərmanı vaxtı-vaxtında qəbul etmələrinə, xəstəxanaya gedib müayinə olunmalarına nəzarət edəcəklər. Xəstələrin yaşadığı ünvanlarına gedib yoxlayacaqlar.  Bu da multitsiplinar xidmətin tərkib hissəsidir. Yalnız şizofreniyadan əziyyət çəkənlər deyil, alkoqolikdən, narkotik aludəçiləri də bu cür nəzarətdə olacaqlar. Hazırda bu xidmət aktiv deyil, kadrlar hazırlanır". 

Vəkil Cavad Cavadov "Qafqazinfo"ya açıqlamasında cinayət törədən və psixi xəstəlikdən əziyyət çəkən insanlarla dövlət rəsmilərinin qanuna uyğun olaraq hansı prosedurları yerinə yetirməli olduqlarını açıqlayıb: " Şəxsin əməlində hər hansı cinayət tərkibi varsa, o, öncə cinayət məsuliyyətinə cəlb edilir. İstintaq zamanı onun barəsində psixiatrik ekspertiza təyin edilir. Psixi xəstəliyə görə uçotda olub-olmamasına baxmayaraq hər kəs barəsində belə ekspertiza təyin edilir. Ekspertiza rəy versə ki, həmin şəxs cinayəti törədərkən anlaqlı olmayıb yaxud cinayəti törətdikdən sonra hər hansı bir xəstəliyə görə özünü idarə edə bilmirsə, məhkəmə onun barəsində məcburi müalicə qərarı verə bilər. Şəxs 6 aydan bir müvafiq həkim komissiyasından ekspertizadan keçirilir. Xəstəlik davam edərsə, müalicə müddəti də uzadılır. Amma xəstə normallaşarsa, müşahidə altında müalicəsini davam etdirməsi üçün sərbəst buraxılır". 
Vəkil bildirib ki, bu şəxslərin azadlıqdakı hərəkətlərinə görə daha çox iki qurumun əməkdaşları məsuliyyət daşıyır: "Həmin şəxsin müalicəsini davam etdirməməsi, dərmanları qəbul etməməsi ərazi üzrə müvafiq tibb müəssisəsi və polis qurumu məsuliyyət daşıyır. Rusiyada pedofillərlə bağlı qanuna dəyişiklikdə təklif edilmişdi ki, onlar məcburi strilizasiya edilsin. Bir çox ölkələrdə bu metod tətbiq edilib. Amma bu da ümumbəşər hüquq normalarına ziddiyyət təşkil edir. Sadəcə bu şəxslər ciddi nəzarət altında saxlanılmalıdırlar. 

Fotoda: Cavad Cavadov

İlqar Buğumovla bağlı bundan öncə anlaqsız olması haqda rəy verilsə də, ola bilər bu dəfə məhkəmə ekspertizası bu qərara gəlsin ki, adam ağlı başındadır, özünü dəliliyə vurub. Praktikada belə hal olub, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov adam öldürməyə görə təqsirləndirilirdi, ekspertiza anlaqsız olması barədə rəy verdiyi üçün məhkəmə onu buraxmışdı. Sonra o yenidən adam öldürmüşdü. Buna görə həkimləri və hakimi cəzalandırdılar. O, 2 ilə yaxın məcburi müalicə almışdı, 4-5 dəfə yoxlanışdan sonra stabilləşmə qərarı verilmişdi. İkinci dəfə Rəşad Mirələmovun anlaqlı olması barədə rəy verildi və o ömürlük azadlıqdan məhrum edildi. 

Qanunvericiliyə də ciddi dəyişiklik edilməlidir. İbrahim Buğumov may ayında buraxılıb, deməli onun üzərində heç bir nəzarət olmayıb. Bu da polis qurumunun məsuliyyətidir".

Xəbər lenti