Mynews.az Qaynarinfo.az-a istinadən məlumatına görə, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb:
“Cənab Prezidentə açıq məktub
Cənab Prezident, Jurnalistlərin Mənzil Şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamla yüzlərlə jurnalisti sevindirib, yüzlərlə jurnalistdə ümid yaratdınız. Heç şübhəsiz ki, məqsədiniz sosial şəraiti yaxşı olmayan, amma xalqına, dövlətinə, sənətinə sadiq və vurğun olan insanlara yardım etmək idi. Amma çox təəssüf Sizi aldatdılar, xalqla Sizin, mətbuatla Sizin aranızda uçurum yaratmaq istədilər. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu məhz həmin mənzilə ehtiyacı olan çox sayda insana dəstək olmadı, Sizin xeyirxah təşəbbüsünüzə, mətbuatın keşiyində duran insanlara dəstək məqsədinizə kölgə saldılar. Nəinki bir Azərbaycan vətəndaşı, bir Azərbaycan gənci, məhz Azərbaycanın son 4 ilininin hər günün hadisələrini operativ və dəqiq çatdıran bir xəbər aparıcısı kimi hamıdan yaxşı mən əminəm ki, Sizin bütün neqativ hadisələrin aradan qaldırılmasına dərhal reaksiyanız var. İndi də Sizdən bu operativ reaksiyanı xahiş edirəm”.
Aparıcı çox ağır vəziyyətdə yaşadığını, qaldığı evdə 10 nəfərin yaşadığı və 5 nəfərlik ailənin başçısı olduğunu, bununla yanağı hər ay banka kredit ödədiyini bildirərək, bölgünün düzgün aparılmadığını qeyd edib:
“Bəlkə də, bu işə kölgə salan kimlərinsə katibəsi, sürücüsü və ya evindəki xadimə qədər belə maddi durumum yaxşı deyil, ümid edirəm ki, Vüqar Səfərlini və digərlərini çağırıb, soruşacaqsınız ki, 255 mənzildən birini qaldığı evdə 10 nəfər yaşayan, 5 nəfərlik ailənin başçısı olan jurnalistə niyə vermədiz? Adımda nəinki ev, hətta daşınar və daşınmaz 100 manatlıq bir əmlak belə yoxdu. Sadəcə adıma “Rabitəbank”da 2 min manatlıq kredit borcu var. Heç utandırıcı deyil, əksinə qürurvericidi. Ona görə ki, hər ay maaşımdan dövlət büdcəsinə 134 manat pul ödəyirəm, 5 nəfərlik ailəmi və anamı 750 manat maaşla dolandırıram, amma əlimi rüşvətə uzatmıram. Bütün bunları yazmaqda məqsədim odur ki, məhz imzaladığınız Sərəncama laqeyd yanaşıblar.
Altı il Jurnalistika oxumuşam, tam ali təhsilli jurnalistəm, qəzetdə başladım jurnalistikaya, daha sonra isə bir neçə televiziyada işlədim. 4 ildir ümumilli lider Heydər Əliyevin imzası və xeyir duası ilə açılmış “Space” televiziyasının Xəbərlər Proqramının rəhbər müaviniyəm, xəbərlərin əsas buraxılışının, “Hər Həftə” Analitik İnformasiya Proqramının, Abituriyent verilişinin aparıcısıyam. Evdə yer olmadığı üçün 2 oğluma və qızıma çarpayı almamışam, ümidim Sizin dəstəyinizə idi və hələ də ümid edirəm”.