Azərbaycanda cərrahiyyə və orqan trasplantologiyasının vəziyyəti nə yerdədir?

493
Azərbaycanda cərrahiyyə və orqan trasplantologiyasının vəziyyəti nə yerdədir?

Bakıda Səhiyyə Nazirliyinin təşəbbüsü ilə orqan transplantologiyasına dair mətbuat konfransı keçirilib.

Mynews.az-ın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, konfransda Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri M.Kazımi və böyrək köçürülmüş, sonralar isə idman sahəsində uğurlar əldə etmiş şəxslər iştirak edirdi.

Ölkədə orqan transplantasiyasının tarixinə qısa nəzər salan M.Kazımi bildirdi ki, həkimlərimizin orqan transplantasiyası sahəsində ilk addımları 70-ci illərə təsadüf edir. Həmin illərdə Qafqaz regionunda ilk dəfə akad. Cavadzadə və onun komandası tərəfindən böyrək transplantasiyası icra olunmuşdur. 1999-cu ilin 28 oktyabrında Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun qəbul olunub.

2000-ci illərin əvvəllərində prof. K.Abdullayev tərəfindən də böyrək transplantasiyaları icra olunub. Tam müstəqillik qazandıqdan sonra dövlətimiz bütün sahələrdə inkişaf erasına başladı və dövlətimiz səhiyyənin ən önəmli sahələrindən biri olan transplantologiya sahəsinə də diqqəti artırdı.

Hazırda ölkədə aparılan islahatlar nəticəsində səhiyyə sektoru da inkişaf etmiş, yeni və müasir xəstəxanalar inşa edilmiş, digərləri isə təmir edilərək texniki bazası yenilənmişdir. Mərkəzi Neftçilər Xəstəxanasında H.Əliyev Fondunun dəstəyi ilə təmir edilərək texniki bazası yenilənən Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsi fəaliyyət göstərir.

Mərkəzin kollektivi bu günə qədər ən mürəkkəb ümumi cərrahi xəstələri həyata qaytarıb, o cümlədən 107 xəstəyə qaraciyər və 356 xəstəyə böyrək transplantasiyası icra edib.

Bildirildi ki, Azərbaycanın bu sahədəki nəticələri dünya standartları ilə eynidir və transplantoloji cəmiyyətlər tərəfindən də qəbul olunmuşdur.

2008-ci ildə Qafqaz və Orta Asiyada ilk dəfə olaraq məhz Azərbaycanda canlı donordan qaraciyər transplantasiyası həyata keçirilib. 2011-ci ildən isə bu komanda böyrək transplantasiyası əməliyyatlarına da start verib.

Tibb üzrə fəlsəfə doktoru M. Kazıminin rəhbərliyi ilə ən mürəkkəb ümumi cərrahiyyə əməliyyatları da yüksək peşəkarlıqla istər açıq, istərsə də qapalı üsulla icra olunur. Bu gün ölkədə görülən işlər, əldə olunan nailiyyətlər özünü bütün sahələrdə, xüsusilə də səhiyyə sahəsində daha qabarıq şəkildə göstərib. 

Daha sonra tədbirdə iştirak edən, uzun illər bu xəstəlikdən əziyyət çəkmiş S.Qasımov və A.Rüstəmov çıxış etdilər. Onlar neçə illər xarici ölkələrdə müalicəyə üz tutsalar da, Türkiyədə və Almaniyada onlara ölkəmizdə bu sahədə peşəkar həkimlərin olduğunu deyiblər və burada əməliyyat olunmağı məsləhət biliblər.

Sonralar hər iki şəxsə Bakıda MNX-da qohum donordan çox uğurla böyrək köçürülmüş və onlar normal həyata başlamışlar. Hazırda idmançılarımız uğurla beynəlxalq yarışlarda iştirak edir, vətənə medal və təltiflərlə dönürlər.

Xəbər lenti