Daha bir evsiz jurnalist Prezidentə müraciət etdi

500

Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev cənablarına Jurnalist Fəxriyyə Abdullayeva Sakit qızı tərəfindən

Daha bir evsiz jurnalist Prezidentə müraciət etdi

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Mətbuat işçilərinin mənzillə təminatı kimi çox nəcib bir işin təşəbbüskarı olaraq Sizin ədalətinizə sığınıb, üzləşdiyim böyük haqsızlığı diqqətinizə çatdırmaq qərarına gəlmişəm. İnanıram ki, Siz 20 ildən artıq müddətdə Bakı şəhərində 2 övladı ilə birgə kirayədə yaşayan jurnalist və mətbuat nümayəndəsinə, eyni zamanda tək anaya edilən bu haqsızlığın qarşısını alacaqsınız.

Məlumatınız üçün bildirim ki, mətbuatda fəaliyyətimə 1998-ci ilin yanvar ayından “Yeni Müsavat” qəzetində korrektor kimi başlamışam. Paralel olaraq 2005-2006-cı illərdə “Bəzm” İctimai maarifləndirici jurnalının baş redaktoru, 2007-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin qəzetlərində (“Yaddaş” və “Mədəniyyət”) redaktor, şöbə müdiri, jurnalist vəzifələrində çalışmışam. 2012-ci ildən indiyədək həmin nazirliyin “Mədəni maarif işi” jurnalı redaksiyası – “Mədəniyyət. AZ” jurnalı ilə xidmət müqaviləsi əsasında araşdırmaçı-jurnalist kimi əməkdaşlıq edirəm. Eyni zamanda “Yeni Müsavat” qəzetində korrektor kimi fəaliyyətimi davam etdirirəm.

Ötən müddət ərzində dəfələrlə KİVDF, Mətbuat Şurasının müxtəlif dövlət qurumları ilə birgə keçirdiyi araşdırma-yazı müsabiqələrinin qalibi olmuşam.

1997-ci ildə keçmiş həyat yoldaşım Rusiya Federasiyasına gedib, hazırda da orada yaşayır, özünün ailəsi, övladı var. Mən isə 2 övladımı təkbaşına böyütmüşəm, onlara həm ana olmuşam, həm də ata. Bu illər ərzində övladlarıma normal təhsil, yaşayış təmin etmək üçün 2-3 mətbu orqanda eyni vaxtda işlədiyim dövlər az olmayıb. İllər boyu böyük əziyyətlə qazandııqlarımın çox mühüm hissəsini kirayə haqqı olaraq ev sahiblərinə ödəmişəm. Bütün əziyyətlərə qatlaşaraq övladlarıma ali təhsil vermişəm, onları layiqli vətəndaş kimi böyütmüşəm. Oğlum Vətən qarşısında borcunu yerinə yetirib, hərbi xidmətini bir həftə əvvəl başa vurub. Qızım isə magistratura təhsili alır. Artıq onlar 23-25 yaşlarında, yetişkin gənclərdir, ailə qurmalı yaşa gəliblər. Lakin kirayə yaşaya-yaşaya oğul evləndirib, qız köçürmək heç bir tək ananın arzusu, ən əsası isə bacara biləcəyi iş deyil.

Bütün bunları nəzərə alaraq, müstəqil jurnalist kimi Sizin təşəbbüsünüzlə mətbuat işçilərinə tikilən 2-ci binadan mənzil almaq üçün müraciət etdim.
Ümid edirdim ki, mənzil üçün namizədlərin siyahısını hazırlayanlar – hansı ki, 2 övladını kirayələrdə böyüdən tək ana olduğumu, çəkdiyim əziyyətləri hamısı bilirdi – 255 mənzildən birinə mənim namizədliyimi verəcəklər. Lakin böyük acı hissi ilə bildirirəm ki, elan olunan bütün kriteriyalara uyğun gəlməyimə rəğmən, adım mənzillə təmin olunanlar siyahısında deyil…

Cənab Prezident!

Hazırda mən eyni zamanda 4 yerdə işləyirəm – iş günüm səhər saat 8-dən başlayır, gecə saat 2-3-də bitir. Hətta bu ağır rejimli işlə belə mənim özümə ev almağım qeyri-mümkündür. Bu üzdən, Sizə üz tutub, mənə qarşı edilən haqsızlığın qarşısını almağınızı xahiş edirəm.
İnanıram ki, müraciətimə biganə qalmayacaqsınız.

Hörmətlə,

Fəxriyyə Abdullayeva

Xəbər lenti