15 günə 19 intihar: psixoloqlar 3 səbəb göstərir

522
15 günə 19 intihar: psixoloqlar 3 səbəb göstərir

2017-ci ilin iki həftəsi ərzində ölkədə intihar edənlərin statistikası məlum olub. 14 gündə 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib. Bu müddətdə 19 nəfərin intihar etməsi doğrudan da dəhşətli faktdır. Bir ölkədə intihara bu qədər meylliliyin səbəbi nədir?

Psixoloq Dəyanət Rzayev Musavat.com-a açıqlamasında intiharların əsas səbəbinin maddi durum olduğunu deyib:

“Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.

İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu onu depressiyaya aparır. Məsələn, hansısa qadın əri narkoman olduğu və ya ona işgəncə verdiyi üçün boşanır. Cəmiyyət onu qınamağa başlayır və ona müxtəlif adlar qoşurlar. Araşdırılmır ki, bu adam nəyə görə boşanıb. Yaxud da ki, maddi durum. İnsanın həyatda heç bir sığortası yoxdur.

Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır.

Düzdür, çox zaman əsl səbəblər gizlədilir, yaxud da qohumları deyir ki, ruhi xəstə idi. Azərbaycanda intiharların səbəbi öyrənilməli və onu aradan qaldırmaq istiqamətində iş görülməlidir. Bu, uşaqlara da təsir edir. Əgər bir uşaq məktəbə gedir, özü ilə müqayisədə digər uşaqların ondan daha yaxşı geyindiyini görürsə, o, depressiyaya qapıla bilir. Yaxud da evə gələndə görürsə ki, ata-anası qəmgindir, ailədə daim mübahisə var, o zaman uşaq da psixoloji baxımdan gərilir, əlacsız qalır və intihara əl atır”.

Sosioloq Əhməd Qəşəmoğlu insanların özü-özlərinə problem yaratdıqlarını deyib:

“İnsan o vaxt intihar edir ki, onun heç yerdən köməyi yoxdur. Ona görə də biz çalışıb ölkədə elə bir vəziyyət yaratmalıyıq ki, insanlar çətin vaxtlarında onlara hüquqi cəhətdən kömək ediləcəyindən arxayın olsun. İntiharların səbəbi sırasında iqtisadi faktorlar daha çoxdur. Burada da bütün günahı hansısa orqanların üzərinə qoymaq da düzgün olmazdı. Fikir verirsinizsə, bizim əhali son 20-25 ildə təcrübəsizlik üzündən bəzən öz-özünə problem yaradır. Görünür, biz əhaliyə maarifləndirmə sahəsində də işlər görməliyik. Bir dövr insanlar çoxlu borca girdilər, kredit götürdülər. İnsanlarımızın müəyyən qədər maddiyyat əsasında bir-biri ilə yarışması da buna təsir edir. Şəhərimizdə olan maşınların əksəriyyəti kreditlə alınan maşınlardır. Yəni hökmdürmü ki, sən kreditlə nəsə alasan, göstərəsən və ya kredit götürüb yas verəsən. Bizim insanlar kifayət qədər böyük borc alır, kredit götürür. Ancaq düşünmür ki, bunu qaytarmaq da lazımdır. Biz bütün intiharları şəraitin üzərinə yıxanda ədalətli olmayacağıq. Bu, bir qisim insanlarımızın davranışının, xarakterinin nəticəsidir. Ona görə də bununla bağlı əhalinin maariflənməsinə böyük ehtiyac var, o məsələyə də kütləvi informasiya vasitəsi, televiziya olaraq, mütəxəssis olaraq diqqəti yönəltmək lazımdır. Əgər intihar, oğurluq halları artıbsa, bu davranışların səbəbləri araşdırılmalıdır”.

Sosioloq hər bir davranışa elmlə əsaslanmış 3 faktorun təsir etdiyini bildirdi: “Hər bir davranışa üç faktor təsir edir. Birincisi, mühit, ikinci informasiya, üçüncü isə insanın üstünlük verdiyi dəyərlər. Bu, elmdə yüzdə yüz əsaslanmış nəzəriyyədir. Biz səbəbləri o üç faktorda axtarmalıyıq. Mühitdə indi bir az çətinlik yaranıb. İqtisadi vəziyyət əvvəlki illərə baxanda çətinləşib. Təbii ki, bu çətinlik mühitə təsir edir. İnsanlarımızın maarifləndirilməsi sahəsində də böyük boşluq var. Dəyərlərə gəlincə isə insanlar mənəvi məsələlərə az üstünlük verir. Maddi dəyərlər də insanların həyatına daha çox təsir etməyə başlayıb. Əgər ölkədə intihar hallarının, oğurluqların qarşısının alınmasını istəyiriksə, bunun təcili olaraq elmi əsaslarla proqramı hazırlanmalıdır ki, necə edək ki, bunun qarşısını alaq. İnsanın həyatda canından qiymətli nə ola bilər ki?! Kiməsə ”intihar etmə" deyə göstəriş vermək gülməlidir. Dediyim 3 faktorun təsirləri araşdırılmalı, fəaliyyət proqramı olmalı və konkret tədbirlər görülməlidir".

Xəbər lenti